"Dəfələrlərlə prezidentimizə, birinci xanıma məktublar yazmışam, amma gedib çatmayıb..."

8-03-2021, 10:33           
"Dəfələrlərlə prezidentimizə, birinci xanıma məktublar yazmışam, amma gedib çatmayıb..."
“8 mart mənim üçün çox önəmli gündür. Çünki bu gün qadınların bayramıdır, mənim üçün isə bu gün 2 tarixi özündə yaşadır. Həm doğum günümdür, həm də “Lalə” qızlar ansamblının yarandığı tarixdir. Bu hər adama, hər sənətkara nəsib olmur. Sağ olun ki, doğum günümdə məni yada salmısız, mən də bütün qadınlarımızı bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Onların canı sağlam olsun, can sağlığı olan yerdə hər şey düzələcək”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib. Xalq artisti son aylar efirlərdə görünməməsinin səbəbini xəstəliyi ilə əlaqələndirib.

“Son bir ildə səhhətimdə problem yarandı. Onkoloji xəstəlikdən əməliyyat olunandan sonra həkim nəzarətində müalicə alıram. 5-6 aydır ki, səhhətim çox pis idi, indi şükürlər olsun ki, bir balaca düzəlib. Efirlərə, televiziya verilişlərinə gedə bilmirəm” deyə sənətkar bildirib.Onkoloji xəstəliyə yoluxmağıma əsas səbəb güclü stress keçirməyim oldu. Bilirsiz ki, Azərbaycanda yeganə Xalq artisti adını almış, xanım tarzənəm. Neçə illərdir ki, “Şöhrət” ordeni almaq arzusundaydım, amma mənə vermədilər. Hətta dəfələrlərlə cənab prezidentimizə, birinci xanıma məktublar da yazmışam, amma gedib çatmayıb. Azərbaycan incəsənəti üçün bütün varlığımla çalışmışam, əlimdən gələni etmişəm. Azərbaycana nə qədər sənətkarlar bəxş etmişəm, “Lalə” qızlar ansamblı bəs edir təkcə. Çəkdiyin zəhmətin haqqını görəndə insan həyata daha çox bağlanır, bunlar hamısı stimuldur. Bu məsələyə görə stress keçirməyimə dəyməzdi, amma bu bizim əlimizdə deyil. Bəlkə də həkimlər, müəllimlər bu diqqəti gözləmir, amma sənətçilər hər an gözləyir. Oğlum Rəşad Haşımov da deyir ki, ay ana, neynirsən fəxri adı? Səni tanıyan tanıyır da” deyə Xalq artisti bildirib.

“İndi hər efirə çıxan müğənni deyil ki. Nə olsun ki, o özünə müğənni deyir?! Təbii ki, yaxşıları da var. Sənət aləmində bu dəqiqə o qədər aləm qarışıb ki. Söz tapa bilmirəm. Bəzən mən də efirlərə baxıb əsəbləşirəm. Sənətimiz yüksək səviyyədə təbliğ olunmur. Müharibə vaxtında bəziləri efirlərə çıxıb vətənpərvərlik mahnıları ifa etdilər. Üstündən 2 ay keçmədi ki, çıxıb efirlərdə ağızlarına gələni danışırlar. Belə çıxır ki, o sənətçilər özlərini göstərirdilər?! İndi o qədər xalq artistləri, əməkdar artistlər var ki, hamısı bu fəxri adlara layiq deyil. Ona görə də istərdim ki, hər kəs haqqı çatdığı qədər sənətinin dəyərini görsün”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.