OLİQARX BANKLARININ “MƏNZİL SOYĞUNÇULUĞU”NA DAİR SENSASİON FAKTLAR

13-02-2016, 23:10           

Əksər bankları öz nəzarətlərində və himayələrində saxlayan iri məmurlar önləyici addımlar atmalıdır

İndi Azərbaycanda girova görə evi satılanların sayı çoxalıb və çox vaxt belə müştərilər banklar tərəfindən aldadıldıqlarını iddia edirlər. Belə bir şikayətlə müraciət edən vətəndaşlardan biri xaricdə müalicə üçün 30 min dollar kredit aldığını deyib. Təbii ki, pulu biznes krediti kimi rəsmiləşdiribmiş: “Bankdan mənə söz vermişdilər ki, gecikməyə görə faiz ödəməyəcəm. Amma faiz də tutdular. Evi satandan sonra banka təxminən 40 min dollara yaxın pul ödədim, amma bundan sonra əlimdə çox az pul qaldı. İndi bir otaqlı evə belə pulum çatmır”.

Bu cür kreditlər adətən biznes krediti kimi rəsmiləşdirilir. Belə kreditlərin dərəcəsi 10-14% arasında dəyişir. Bu cür pul götürmək sələmçidən ayı 10% pul götürməkdən qat-qat əlverişli sayılır. Həmin pulu götürmək üçün prosedur da elə uzun çəkmir - vətəndaş 6 aydan çox müddətə fəaliyyət göstərən biznesi olduğunu sübut edən arayış gətirir. Kreditlər şərti olaraq biznesi genişləndirmək üçün verilir və qarşılığında müvafiq girov tələb edilir.
Amma müştərilər arasında belə kreditləri toy və yas mərasimlərini yola vermək, müalicə xərcləri üçün istifadə edənlər çoxdur. Təbii ki, bu cür təyinatından kənar işlədilən kreditlərin içində problemliləri çox olur. Bu da uyğun olaraq girov mənzillərin satılması ilə nəticələnir. Mənzillər məhkəmə yolu ilə də, müştərinin özünün istəyi ilə də satıla bilir.
Vətəndaşlar özləri istəməsə və kredit şərtlərini dəyişdirməyi xahiş etsə belə, banklar onların əmlakını məhkəmə vasitəsi ilə sata bilirlər. Nəticədə, bu cür kredit əməliyyatlarından sonra ölkədə evsizlərin sayı artır, sosial problemlər dərinləşir.
Bank sahəsində fəaliyyət göstərən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov bu cür insanları evlərini satmaqdan xilas etməyi mümkün sayır: “Məhkəmədə bankların müştəriyə qarşı qeyri-səmimi davranmasını sübut etmək olar. Məsələn, banka sual vermək olar ki, niyə yerli bazarda biznes üçün ayırdığın krediti dollarla verirsən? Müştəri krediti dollarla götürməyə razı olursa, deməli, xaricə müalicə üçün gedir və bank bilərəkdən buna göz yumur”.
Bu mənzərə Azərbaycan Mərkəzi Bankının statistikasında da özünü aşkar göstərir. Statistikaya görə, Azərbaycanın bütün regionlar üzrə dollar kreditlərinin toplam məbləği manat kreditlərinin məbləğinə yaxındır. Amma müstəqil müşahidələr tezliklə bu nisbətin dollar kreditlərinin xeyrinə dəyişəcəyini ortaya çıxarır.
Ekspertin sözlərinə görə, banklar kreditlər üzrə faiz dərəcəsini də bilərəkdən artıq hesablayırlar ki, bu da müştərilərin aldadılması kimi sübut edilə bilər: “Mülki Məcəllənin 741-ci maddəsinə görə, kreditlər üzrə faizlər ildə bir dəfə hesablanmalıdır, amma banklar hər ay faiz hesablayırlar. Bunun nəticəsində müştəri 8 min manat əvəzinə 10 min manat ödəməli olur”.
Amma bununla belə, hüquqşünas məsələnin hər iki tərəf üçün məqbul olan yollarla həllini də mümkün sayır: “2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi qərar verib ki, mənfəətlə işləyən banklar müştərilərə yardım etməlidir. Banklar bu qərarı presedent kimi götürərək müştərilər üçün daha yüngül kredit şərtləri təqdim edə bilərlər ki, onlar ödəniş edə bilsinlər”.
Əslində, bəzi banklar artıq bir neçə ildir ki, belə şərtlərlə işləyirlər və aylıq ödənişləri müştərinin gəlirlərinə uyğunlaşdırmaqla kredit problemlərini məhkəməsiz həll edirlər. Düzdür, belə olan halda kreditin ödənilməsi müddəti uzanır. Amma bu cür razılaşma nəticəsində müştəri evini satmaqdan xilas olur, banklar isə həmin kredit üzrə gəlirlərini bir qədər də artırırlar.
Məhkəmə yolu ilə müştərinin evini satan bank isə əhali arasında yalnız pis imic qazanır. Eynən, yazının əvvəlində haqqında bəhs edilən müştərinin evini satmış bank kimi. Həmin bank müştəriyə yardım etmək istəməyib. Nəticədə, ictimaiyyət arasında bankı mütəmadi gözdən salan bir mənbə də artıb. Banklar bu məqamı gərək nəzərə alsınlar. Yəni atalar demişkən, yüz yeyənin olsun, bir deyənin yox.
Bu məsələdə əksər bankları öz nəzarətlərində və himayələrində saxlayan iri məmurların da üzərinə müəyyən vəzifələr düşür. Onlar sözügedən addımları önləməlidirlər, əks halda ölkədə bank sisteminin nüfuzu daha ağır zərbələr almağa davam edəcək. Bundan isə elə həmin oliqarxların özləri də az zərər çəkməyəcəklər.
Sənan Mirzə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.