Xalq düşmənlərinin, Cümhuriyyət qatillərinin adlarına Bakıda küçələr qalır - fotofakt
21-08-2021, 11:49

Deputat: “Küçə adları müstəqillik dövrünün dəyərlərinə uyğun müəyyənləşməlidir”
Ayna Sultanova, Ruhulla Axundov, Məşədi Əzizbəyov, Bünyad Sərdarov, Orjenikidze, Həmid Sultanov, Əliheydər Qarayev, Çingiz İldırım və b. Tarixçilərə bu adlar yaxşı tanışdır. Bu şəxslər Azərbaycanda Sovet hakimiyyəti qurularkən vəzifədə olublar.
Məsələn, Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, Məşədi Əzizbəyov əksəriyyətinin ermənilər olduğu Şaumyanın rəhbərliyi etdiyi Bakı Xalq Komissarları Sovetinin 26 üzvündən biri olub.
Əliheydər Qarayev Cümhuriyyət dövründə Azərbaycan parlamentinin üzvü olub. Azərbaycan dövlətçiliyinin əksinə çıxışlar etməklə kifayətlənməyib, 11-ci Qırmızı Ordunun Azərbaycana müdaxilə etməsində və Cümhuriyyətin süqutunda birbaşa əli olub.

Bünyad Sərdarov isə inqilabçı, bolşevik olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Daxili işlər Xalq Komissarlığında təmsil olunub. Yuxarıda adını çəkdiyimiz şəxslərin hər biri bu və ya digər dərəcədə Azərbaycan müstəqilliyinin əleyhinə olub. Tarixə qısa nəzər salmaq məqsədimiz var.
O dönəm haqqında məlumatlı olmayanlara yuxarıdakı adlar tanışdır. İstər Bakının mərkəzində, istərsə də mərkəzdən kənarda adıçəkilən şəxslərin adına küçələr zamanında olub, indi də var. O zaman belə sual yaranır. Azərbaycan tarixinin ən qaranlıq səhifələrini yazmış bu şəxslərin adlarının əbədiləşdirilməsi mütləqdirmi?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, küçələrdən bolşeviklərin adlarının götürülməsinin tərəfdarıdır:
“Hamısı ləğv olunmalıdır. Bu küçələrə şəhidlərin adları verilməlidir. Adların dəyişdirilməsi ilə bağlı rayon icra hakimiyyətləri tərəfindən Milli Məclisə müraciət ünvanlanır. Son qərarı isə Milli Məclis yanında Toponimiya Komissiyası verir. Nazirlər Kabinetinin də küçə adlarının dəyişdirilməsi, yeni küçələrə adların verilməsi ilə bağlı səlahiyyəti var”.
Deputat Fazil Mustafa isə küçə adlarının dəyişdirilməsi ilə bağlı mexanizmin ləng işlədiyini və bu mexanizmin ideoloji tərəflərinin hər zaman problemli olduğuna diqqət çəkib:
“Bir sıra adlar var ki, bunların müəyyən dərəcədə müasir dövrlə əlaqələndirilməsi, yaxud Azərbaycan cəmiyyətinə dəyərinin izah olunması bir qədər çətindir. Xüsusilə, Azərbaycanın ilk Cümhuriyyətinin devrilməsində rolu olan şəxslərin adlarının bu və ya digər formada Azərbaycanda həm küçə adlarında, həm də başqa müəssisələrdə saxlanması hallarına rast gəlinir. İctimaiyyətin bu mövzuda həssaslığı olmalıdır. Təbii ki, bu dövrlə bağlı təzadlı məqamlar da üzə çıxır. Çox zaman cəmiyyətdə sovet dövründə yaşamış, bu rejimə xidmət etmiş şəxslərlə bağlı ikili münasibət olur. Yəni, onların müəyyən xidmətləri nəzərə alınır. Adların əbədiləşdirilməsi zamanı bu məqama diqqət edilir. Amma hesab edirəm ki, küçə adları müstəqillik dövrünün dəyərlərinə uyğun müəyyənləşməlidir. Müstəqilliyin qazanılmasında rolu olanların adlarının qabardılmasına diqqət yetirməliyik. Bu, müstəqillik ideyalarına bağlılığa da stimul verər. Cəmiyyət bu məsələ ilə bağlı fikrini bildirməlidir. Toponimiya komissiyasına, ayrı-ayrı dövlət qurumlarına, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmalıdır. Bu barədə parlamentdə dəfələrlə müzakirələr olub. Başqa təkliflərimiz də olub. Məsələn, Bakının işğaldan azad edilməsində rolu olan Nuru Paşanın, Mürsəl Paşanın, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsinə ehtiyac var”.

Deputat küçələrə şəhid adlarının, görkəmli şəxslərin adlarının verilməsinin tərəfdarıdır.
Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının keçmiş üzvü, professor Nailə Vəlixanlı isə əksinə, küçələrə insan adları verilməsinə qarşıdır:
“Elə insanlar var ki, onların adını saxlamaq olar. Lakin şəxsi fikrim budur ki, mən küçələrə insan adları qoymazdım. Hər dövrün özünün qəhrəmanları var. Məşədi Əzizbəyov, Bünyad Sərdarov öz dövrünün qəhrəmanları olub. 1937-ci ildə onların hamısını güllələyiblər. Bəzən küçələri nömrə ilə qeydiyyata alırlar, yaxud hər hansı əlamətlərə görə ad verirlər. İnqilabdan əvvəl maraqlı küçə adları var idi. Məsələn, ”Poçt" - bilinir ki, birinci dəfə Bakıda poçt həmin küçədə olub. Küçəyə insan adı qoymaq düzgün deyil. Çünki bu günün qəhrəmanı sabah qəhrəman olmaya bilər. Tarix də bunu göstərir ki, dünənin qəhrəmanı bu gün xalq düşmənidir. Məsələn, böyük bəstəkarın yaşadığı küçəyə onun adını qoymaq olar".
44 günlük Zəfər müharibəsindən sonra küçələrə şəhidlərin adlarının verilməsi ilə bağlı müzakirələr oldu. Bəzi icra orqanları istəkləri nəzərə aldılar, bəziləri isə yox. Ümid edək ki, cəmiyyətin bu mövzudakı həssaslığı nəzərə alınar və qürurla gəzdiyimiz küçələrdə bizə bu qüruru yaşadan qəhrəmanlarımızın adlarını görərik.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”