Haqqımı tələb etdiyim üçün Təhsil naziri işdən azad olunmağımla bağlı göstəriş verib

24-08-2021, 12:01           
Haqqımı tələb etdiyim üçün Təhsil naziri işdən azad olunmağımla bağlı göstəriş verib
Təhsil naziri məzuniyyətimin düzgün hesablanmadığı ilə bağlı ona ünvanladığım müraciətimdən hiddətlənərək, mənim işdən həmişəlik uzağlaşdırılmağımla bağlı Bakı şəhər Baş Təhsil idarəsinə göstəriş verib.
Əvvəlki müraciətlərimdə də qeyd etdiyim kimi, yaş senzim başa çatdığından, iki ildir ki, elmlər doktoru olduğum üçün prezident fərmanına uyğun olaraq məktəbdə illik müqavilə ilə pedaqoji fəaliyyətimi davam etdirirəm. Lakin bu müddətdə məzuniyyətim hesablanarkən yanlışlığa yol verilmiş, məzuniyyətim xeyli miqdarda az hesablanmışdır.
Bununla bağlı Sabunçu rayonu üzrə bu sahəyə nəzarət edən idarəyə müraciət etdim. Onlar isə bu məsələnin yalnız nazirlikdən asılı olduğunu bildirdilər.
Mən də bunu nəzər alıb, qəzet vasitəsi ilə Təhsil naziri, hörmətli E.Əmrullayev cənablarına müraciət ünvanladım və xeyli vaxt gözlədim. Nazirlikdən cavab gəlmədiyini görüb, ikinci dəfə 13 iyul 2021-ci il tarixdə nazirliyə yenidən müraciət etdim(qəzet vasitəsi ilə). Lakin yenə cavab almadım. Elə başa düşdüm ki, nazirə ünvanladığım məktublar ona çatmayıb və tanış ola bilməyib.
Ancaq bu günlərdə mənə məlum oldu ki, nazirimiz, hörmətli E.Əmrullayev ona ünvanladığım hər iki məktubla vaxtında tanış olub və bərk qəzəblənib. Buna görə də mənim həmişəlik olaraq işdən azad olunmağım barədə xüsusi tapşırıq verib.
Dünən məzuniyyətimin nə zaman başa çatması və nə vaxt işə başlamağımla bağlı işlədiyim məktəbin direktoruna müraciət etdim. Direktor mənə dedi ki, bu il səninlə müqavilə bağlaya bilməyəcəyəm. Mən bu hərəkətin qüvvədə olan qanunlara zidd olduğunu bildirdikdə, o, bunu etiraf etməsə də, göstərişin rəhbərlikdən gəldiyini anladım.
Mən başa düşürəm ki, məktəb direktoru özbaşına mənimlə müqavilə bağlamaqdan boyun qaçırmaq iqtidarında deyil. Yəqin ki, ona nazirlikdən və yaxud Baş Təhsil İdarəsindən mənimlə müqavilə bağlamamaqdan yana xüsusi göstəriş verilib.
Mən yaxşı başa düşürəm ki, prezidentin qüvvədə olan qanun və sərəncamlarının tələblərinə uyğun olaraq, direktorun mənim yenidən məktəbdə işləməyimlə bağlı Bakı şəhər Baş Təhsil idarəsinə təqdimat göndərməmək hüququ yoxdur. O, yəqin ki, yalnız tabe olduğu idarənin göstərişini yerinə yetirməyə çalışır(Qanundan kənar olsa da).
Yəqin məktəb direktoruna göstəriş verənlər başa düşürlər ki, bu yol, yəni müəllimi öz hüququndan məhrum etmək, onunla yenidən müqavilə bağlamamaq prezidentin imzaladığı qanun və fərmanları heçə saymaq və onlara meydan oxumaq deməkdir.
Ona görə də, onlar ilanı Seyid Əhməd əliylə tutmağa çalışıblar. Fikirləşiblər ki, müəllim sonda məhkəmlərə üz tutub, öz haqqını tələb etsə, günahkarın kim olduğu ortaya çıxacaq. Müəllim mütləq öz işinə qayıdacaq, cəzalanan isə direktor olacaqdır.
Direktora bu göstərişi verənlər başa düşməlidilər ki, onlar bu göstərişləri ilə öz şəxsi ambisyalarına uyub, prezidentin imzaladığı bütün fərman və qararların üstündən xətt çəkərək, məni və mənim kimi on illərlə xalqa və dövlətə vicdanla xidmət edən yüzlərlə insanı dövlətdən narazı salmağa çalışırlar.
Məktəb direktorunu qanunu pozmağa məcbur edən yüksək vəzifə sahibləri bilməlidirlər ki, torpaqlarımızı işgal edən düşmənin başı üzərində dayanıb, xalqımızı öz qüruruna qovuşduran “dəmir yumruq” mənim kimi sıravi vətəndaşların hüququnu pozan səlahiyyət sahiblərinin də başının üzərində hazırdır. Mən başa düşürəm ki, qüvvədə olan qanunlar və doğma Qarabağımızı 30 illik erməni işgalından qurtaran prezidentimizin diqqəti öz vəzifəsini vicdanla yerinə yetirən mənim kimi sıravi vətəndaşların hüquqlarının pozulmasına imkan verməyəcək və haqq- ədalət gec də olsa, öz yerini tapacaqdır.
Sərdar ZEYNAL,
Filologiya elmlәri doktoru, Sabunçu rayonundaki 142 nömrəli tam orta məktəbin dil- ədəbiyyat müəllimi.
Redaksiyadan: Filologiya elmlәri doktoru Sərdar Zeynalın bu yazısından aydın olur ki, Azərbaycanda məmurların problemlərin həllinə yanaşma tərzi dəyişməyib. Görünən odur ki, illər əvvəl olduğu kimi, hələ də ölkədə şikayəti həll etmək üçün şikayətçini “ortadan götürmək” ənənəsi davam edir. Hər halda S.Zeynalın öz həmkarlarının haqqını tələb edən yazılarından sonra işdən azad olunmasına başqa ad vermək də mümkün deyil. Anlaşılan odur ki, Təhsil naziri Emin Əmrullayevin “islahat” düşüncəsi də elə bu qədərmiş…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.