Azərbaycan yarım milyardı hara xərcləyəcək? - EKSPERT
24-08-2021, 21:50

Beynəlxalq Valyuta Fondunun (BVF) üzvləri arasında xüsusi borclanma hüququnun (SDR) bölüşdürülməsi ilə bağlı razılaşma qüvvəyə minib.
Razılaşma çərçivəsində Valyuta Fondunun üzvü olan ölkələrə 456 milyard SDR, və ya 650 milyard dollar ayrılıb. Bu vəsaitin 275 milyard dolları inkişaf etməkdə olan ölkələrə ayrılıb. O cümlədən Valyuta Fondu Gürcüstan və MDB ölkələrinə 25 milyard dollar, Rusiyaya isə 17,5 milyard dollar ayırıb.Valyuta Fondunun direktoru Kristalina Georqieva bu ödənişləri “böhran dövründə dünya iqtisadiyyatına vurulan vaksin” adlandırıb. Gözlənilir ki, vəsaitlərin ayrılması beynəlxalq ehtiyatların likvidliyini artıracaq və ölkələrə pandemiyadan sonra böhrandan çıxmağa kömək edəcək.
Bu bölüşdürmə zamanı Azərbaycana 531 milyon dollarlıq SDR ayrılıb. Gürcüstan 285 milyon dollar, Ermənistan isə 175 milyon dollar vəsait alacaq. Hazırda dünyada dövriyyədə 204 milyard SDR var ki, bu da 290 milyard dollara bərabərdir. Valyuta Fondunun sonuncu qərarından sonra isə SDR-in ümumi həcmi 660 milyarda çatacaq.
Qeyd edək ki, ölkəmizə müxtəlif beynəlxalq qurumlar tərəfindən vəsait ayrılsa da, Azərbaycan heç də onların hamısıını qəbul etməyib.
Bəs BVF tərəfindən ayrılan vəsaiti qəbul edəcəkmi və həmin vəsait hansı istiqamətlərə sərf edilə bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bunun yeni bir maraqlı layihə olduğunu bildirdi:
“Bundan öncə oxşar layihə 2008-ci ildə BVF tərəfindən təklif edilmişdi ki, bu, dünyada həmin il iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün dövlətlərə ayrılmış vəsaitlərlə bağlı idi. Bu dəfə də buna bənzər bir proqram qəbul edilib.Pandemiyanın vurduğu zərbələrin aradan qaldırılması, sosial problemlərin həlli üçün dövlətlərə müəyyən vəsaitlər ayrılıb. Postsovet məkanında ən çox vəsait 17,1 milyard dollar məbləğində Rusiyaya ayrılıb. Ancaq burada incə texniki məsələ var ki, bu vəsait nağd pul, yaxud kredit xətti kimi ayrılmır.
Bu, BVF-nin zəmanəti ilə dövlətlərə təqdim edilmiş qiymətli kağızlardır. Dövlətlər bunu müxtəlif cür istifadə edə bilərlər. Həmin qiymətli kağızları başqa banklarda girov qoyub vəsait əldə edə, əvvəlki borclarının bağlanılması üçün həmin qiymətli kağızlardan istifadə edə bilərlər. Yaxud dövlət öz daxili borc kağızlarını buraxıb onun zəmanəti kimi BVF-nin kredit müqaviləsini zamin olaraq göstərə bilərlər. Yəni ən vacib detal odur ki, bu nağd pul, yaxud kredit şəklində deyil, dövlətlər o vəsaiti alan kimi götürüb harasa xərcləyə bilmirlər.
Onu manitarlaşdırma, yəni nağdlaşdırma, pula, vəsaitə çevirmə mexanizmi də var. Ona görə də çox güman ki, Azərbaycan da bu vəsaiti qəbul etdikdən sonra ya bundan öncə götürülmüş kredit borclarının zəmanəti, yaxud daxili borclanma kağızlarının buraxılması, müxtəlif kreditlərin bağlanması üçün istifadə edə bilər. Yaxud da bu müqavilələri dövlətlərin başqa dövlətlərə satmaq hüququ da var. Çox güman ki, Azərbaycan bundan da istifadə edəcək. Çünki çox normal şərtlərlə təklif olunub.
Bu layihə dünyanın 100-dən çox ölkəsini əhatə edir. Bu da kifayət qədər böyük proqramdır və BVF ilə əməkdaşlıq etmiş, ona üzv olan ölkələrin hamısına aiddir. Həmin proqramdan bir neçə ölkəni çıxarıblar ki, bunlardan biri Venesueladır. Çünki orada legitim hakimiyyətlə bağlı problemlərin olduğunu bildiriblər. Digəri isə Əfqanıstandır ki, 850 milyona yaxın vəsait almalıydı, son hadisələrə görə, kənarda qalıblar. Ancaq ölkələrin böyük əksəriyyəti BVF-nin təklif etdiyi şərtlər çərçivəsində bu vəsaitlərdən müxtəlif formalarda istifadə edə biləcəklər. Bu vəsaitlər uzunmüddətlidir. Onun başqa formalarda geri qaytarılması nəzərdə tutulur”.
Nigar Abdullayeva
Cebhe.info