“Kreditlər 11-12 faizlə verildiyi halda yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər?..”

12-01-2022, 17:52           
“Kreditlər 11-12 faizlə verildiyi halda yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər?..”
"Əsas problemlərdən biri də odur ki, sahələrarası balans pozulub. Hər bir dövlət qurumu öz iqtisadi fəaliyyətini öz korporativ maraqlarından çıxış edərək reallaşdırmamalıdır. Bunun üçün koordinasiyaedici qurum olmalıdır ki, bu da əslində Nazirlər Kabinetinin timsalında var Azərbaycanda..." Teref.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert Elşad Məmmədovla Moderator.az-a növbəti müsahibəsində Qazaxıstandakı sosial etirazlar dalğasında baş vermiş son faciəli olaylar fonunda Azərbaycanda taxıl, un və çörəyin qiymətinin qaldırılması və nəticədə bir sıra digər məhsulların da bahalaşmasının obyektiv və subyektiv səbəblərindən danışıb. İqtisadçı professor ölkə iqtisadiyyatındakı, o cümlədən maliyyələşdirmə və bank sektorundakı problemlərin həlli yollarını da təklif edib.

-Elşad müəllim, xalqın xeyli hissəsini narazı salan son taxıl, un və çörək məhsullarının bahalaşmasının gerçək obyektiv və subyektiv səbəbləri hansılar oldu? Azərbaycanda un və çörək bahalaşmaya bilərdimi?

-Azərbaycanda un və çörək bahalaşması olmaya bilərdi. Amma əgər ölkədə istehsal prosesləri uzun illər ərzində lokallaşdırılsaydı və bizim idxaldan asılılığımız bugünkü mövcud səviyyədə olmasaydı. Bu isə artıq, belə düşünürəm ki, hökumətin iqtisadi blokuna, bank sektoruna aid bir məsələdir. Və təəssüflər olsun ki, ölkədə investisiya həcminin lazımi səviyyədə olmaması, yerli istehsalın, idxalın əvəz olunmasının gərəkli dərəcədə təmin edilməməsi ona səbəb oldu ki, biz bir çox istiqamətlər üzrə gerilədik. Və ən təəssüfedici məqam da odur ki, istehlak bazarında ərzaq təminatıyla bağlı olan sahələr üzrə idxaldan yüksək səviyyədə asılıyıq...

Bəzən bir sıra çıxışlar, bəyanatlar olur ki, bizim hansısa istiqamətdə idxaldan asılılığımız 10, 15, yaxud 20 faizdir. Amma reallıqda iqtisadi təhlil onu göstərir ki, bu, belə deyil. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanda qablaşdırılan həmin məhsulların sonda istehlak bazarına çatmasınadək olan o zəncirvari prosesdə yaranan əlavə dəyərin xüsusi çəkisi kritik dərəcədə azdır. Biz çox yüksək səviyyədə idxaldan asılıyıq. Və hazırda dünya iqtisadiyyatında baş verən proseslər, dərin struktur böhranı, istehsalda və daşınmalardakı problemlər onu şərtləndirir ki, hər bir ölkə ilk növbədə öz daxili bazarını qorumağa çalışır. Bax, biz bu gün real olaraq bunun şahidi oluruq”- açıqlamasının davamında bunları söyləyən ekspert konkret olaraq çörək və un məmulatlarının bahalaşmasının səbəblərindən danışıb.

Əgər söhbət konkret olaraq çörək və un məmulatlarından gedirsə, bizim bu gün Rusiyadan olan taxıl idxalından asılılığımız kritik səviyyədədir. Yəni hazırda şimal qonşumuz faktiki olaraq bu istiqamətdə də hegemon dövlətlərdən birinə çevrilib. O mənada ki, əgər dünya taxıl bazarının təxminən 1/3-ni ixracat nöqteyi-nəzərdən Rusiya təmin edirsə, bizim bölgədə faktiki olaraq həmin ölkə ilə rəqabət aparan digər ölkə yoxdur. Və biz öz daxili bazarımızı daxili istehsalımız hesabına təmin edə bilmiriksə, sözsüz ki, bu istiqamətdə asılılığımız getdikcə yüksələcək. Yeri gəlmişkən, bu asılılığımızı Moskvanın Azərbaycana qarşı hansısa siyasətinin tərkib hissəsi kimi qəbul etməyin tərəfdarı da deyiləm. Sadəcə, hər bir ölkə kimi Rusiya Federasiyası da öz daxili bazarını qorumağa çalışır və ixrac rüsumlarını tətbiq edir. Bu rüsumların da tətbiqi istər-istəməz Azərbaycan üçün həmin məhsulun idxalının dəyərini artırır. Eyni zamanda onu da bilməliyik ki, hətta biz başqa ölkədən də taxıl idxal etsək də, dünya bazarında taxılın qiyməti artır. Və digər ölkələr də ixraca rüsumlar tətbiq edir ki, daxili bazarını qorusun və əsas mənfəəti ixracdan götürsün. Çünki heç kəs daxili bazarda qiymətləri qaldırmaq istəmir. Ona görə də biz idxaldan asılılığımızı aradan qaldırmasaq, unun, çörəyin, eləcə də digər məhsulların qiymət artımı problemi həll olunmayacaq...

-Bəs taxılçılıq sahəsində idxaldan asılılığımızı yaradan baslıca amillər nələrdir, sizcə?

-Bəli, yerində olan sualdır ki, idxaldan asılılığımız əsas hansı səbəbdən yaranıb... 1990-cı illərdə ölkənin kənd təsərrüfatının inkişafı sanki uçuruma düşdü. Sahələrarası balans tam şəkildə itdi. Suvarma sistemində çox böyük problemlər yaşanmağa başlandı. Azərbaycanda su potensialı ölkə iqtisadiyyatının inkişafıyla tam qeyri-taraz formada xərclənməyə başlandı. Və biz görürük ki, bir tərəfdən, illərlə torpaqların şoranlaşması, yararsız hala düşməsi prosesi, digər tərəfdən isə suyun effektiv və düzgün bölünməməsi və s. kimi problemlər yaşadıq. Odur ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri olan su təminatında, su balansının tərtibi ilə bağlı zənnimcə kritik səviyyədə problemlər var. Və bu da sözsüz ki, kənd təsərrüfatının həm ixrac yönümlü, həm də daxili bazar yönümlü inkişafına əngəl törədir. Yəni iqtisadiyyatda sahələrarasl balansın olmaması yerli istehsalın deqradasiyasına səbəb olur. Bu məsələnin bir tərəfidir…

İkinci tərəf ondan ibarətdir ki, ticarət şəbəkələrində inhisarçılığın yüksək səviyyədə olması istehsalçıların bilavasitə istehlakçılara - əhaliyə çıxış imkanlarının çox zəif olması ona gətirib çıxarır ki, əsas mənfəəti ticarət şəbəkələri götürür. Nə istehsalçılar, nə alıcılar olaraq əhali udur, nə də dövlət… Udan ticarət şəbəkələridir ki, onlar mənfəətlərini artırır və bu da onların inhisarçı statusundan irəli gəlir. Burada isə hesab edirəm ki, dövlətin müvafiq qurumları və ilk növbədə anti-inhisar siyasəti ilə məşğul olan qurumlar effektiv fəaliyyətə keçərək bunun qarşısını almalıdır…

Üçüncü amilə gəldikdə, bilirsiz, biz yerli istehsalı qursaq belə, bizim istehsal üçün satış bazarları təşkil etmək problemimiz də var. Etiraf etməliyik ki, Azərbaycanın elə də böyük satış bazarı yoxdur. Odur ki, biz müəyyən istiqamətlər üzrə idxalı əvəz edə bilərik, amma son nəticədə bir problem də çıxacaq: satış bazarlarının genişlənməsi… Və bu nöqteyi-nəzərdən hesab edirəm ki, regional iqtisadi inteqrasiya prosesləri olmazsa, qeyri-iradi ölkə iqtisadiyyatındakı problemlər getdikcə dərinləşəcək. Odur ki, vəziyyətdən çıxış yolu kimi qonşu dövlətlərlə iqtisadi inteqrasiya prosesi gücləndirilməlidir...

-Azərbaycan Qazaxıstandan da xeyli həcmdə taxıl alır. Necə düşünürsüz, bəs Qazaxıstandakı son faciəvi olaylardan sonra həmin idxal yenə də eyni qiymətlətlə davam etdirilə biləcəkmi?

-Düzdü, biz Qazaxıstandan da taxıl alırdıq. Ancaq məndə olan məlumata görə, bu, Rusiyadan edilən taxıl idxalının həcmindən xeyli azdır. Və nəzərə almaq lazımdır ki, bizdə taxılın növləri ilə bağlı da problem var. Təəssüf ki, Azərbaycanda əsasən öncə qeyd etdiyim suvarma ilə bağlı problemlər nəticəsində yerli imkanlar hesabına taxılın yüksək sortlarının yetişdiriləməsi və bazarlara çıxarılması mümkün olmadı. Və biz əhali üçün tələb olunan taxılın xeyli hissəsini idxal etməyə məcbur olduq. Bir idxal istiqaməti də Qazaxıstan oldu. Amma bir daha deyirəm, Qazaxıstanda vəziyyət sabitləşsə və biz oradan da taxıl idxalını davam etdirsək belə, yenə də baha qiymətə idxal etməli olacağıq. Çünki Qazaxıstan görəndə ki, Rusiya, Kanada, ABŞ, Ukrayna kimi əsas taxıl ixracatçıları qiymətləri artırır, ixrac rüsumları tətbiq edir, o da bunu edəcək. Ona görə də Qazaxıstandan idxalı artırsaq da, bu, son halda müsbət nəticələrə səbəb olmayacaq. Söhbət ondan gedir ki, əgər biz iqtisadi cəhətdən hansısa inteqrasiya birliyində yoxuqsa, oradan ixrac etdiyimiz məhsulların qiyməti mütləq şəkildə artacaq. Çünki inflyasiya artıq dünya iqtisadiyyatının bir “başağrısı”na çevrilib. Bu, ümumi iqtisadi problemlərdən qaynaqlanan bir məsələdir. Və biz ölkəyə məhsul idxalıyla bərabər inflyasiyanı da idxal edəcəyik. Bu da hesab edirəm ki, ölkədə dərin iqtisadi problemlərə səbəb ola bilər. Ona görə də öncə qeyd etdiyim istiqamətlərdə tədbirlərin görülməsi olduqca zəruridir. Yəni birincisi, yerli istehsalın lokallaşdırılması, ikincisi ticarət şəbəkələrindəki inhisarçılığın aradan qaldırılması və üçüncüsü, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi...

- Bildiyimiz kimi, hökumət buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına müəyyən güzəştlərlə yanaşı, subsidiyalar da tətbiq edir. Həmin subsidiyaları yenə də hər hansı bir vasitə ilə saxlamaq olardımı ki, un və çörək bahalaşmasın?

-Axı subsidiyaların ödənilməsi ilə məsələ bitmir...

-Hər halda müvəqqəti də olsa... Yeni il başlanan kimi sosial gərginliyin qarşısını almaq üçün...

-Düzdü, müvəqqəti olaraq bir tərəfdən subsidiyaları, digər tərəfdən isə vergidən azad olunmalar, o cümlədən taxılçılıq sahəsində çalışan fermerlərin, kənd təsərrüfatı sektorunun azad olunması mümkün idi. Və etiraf etmək lazımdır ki, bu kimi güzəştlər Azərbaycanda var və bu müəyyən dərəcədə kənd təsərrüfatı istehsalçılarına dəstəkdir. Amma əsas problemlərdən biri də odur ki, sahələrarası balans pozulub. Hər bir dövlət qurumu öz iqtisadi fəaliyyətini öz korporativ maraqlarından çıxış edərək reallaşdırmamalıdır. Bunun üçün koordinasiyaedici qurum olmalıdır ki, bu da əslində Nazirlər Kabinetinin timsalında var Azərbaycanda. Həmin qurum ayrı-ayrı nazirliklərin fəaliyyətini tənzimləməli və birgə idarə etməlidir. Hər bir nazirlik özü müstəqil bir qurum deyil. Zənnimcə, iqtisadiyyatın idarəolunması və inkişafına əngəl olan əsas problemlərdən biri də odur ki, Nazirlər Kabinetinin tənzimləyici və idarəedici funksiyasıyla bağlı effektiv yanaşmalara hələ nail ola bilmirik. Söhbət ondan gedir ki, məsələn, götürək su təsərrüfatı ilə məşğul olan komitə regionlarda suvarmanı özbaşına icra etməməlidir. Yəni həmin qurum hansısa şirkətə, yaxud hansısa həyətə necə gəldi su çəkməməlidir. Belə məsələlər müvafiq qaydada müxtəlif qurumlar arasında planlaşdırılmış şəkildə idarəetmə siyasətinin reallaşdırılması vasitəsilə həll olunmalıdır. Və bunun da başında Nazirlər Kabineti dayanmalıdır. Ölkədəki iqtisadi siyasəti bu qurum reallaşdırmalıdır. Və ikinci bir məsələ isə ondan ibarətdir ki, hətta ayrı-ayrı qurumların fəaliyyəti Nazirlər Kabineti tərəfindən koordinə edilsə də, ikinci bir problem maliyyə mənbələri ilə bağlıdır. Bu da artıq bank sektoruna bağlanır. Bank sektorunun öz-özlüyündə fəaliyyət göstərməsi müstəqil qurum kimi bank sektoruna aid olan hər hansı bir təşkilat müstəqil fəaliyyət göstərməsini anlayırıq,: bazar iqtisadiyyatıdır, bank sektorunun müəyyən dərəcədə müstəqilliyi var. Amma o da var ki, bank sektoru real iqtisadiyyatın inkişafına xidmət göstərməlidir. Bunun üçün də biz ölkədə əlçatan kredit resurslarının mövcudluğunu təmin etməliyik. Bu gün tutaq ki, biz hər hansı fermerə vergi güzəştləri də edirik, subsudiyalar da veririk. Amma onu anlamalıyıq ki, ölkədə real iqtisadi sektorun inkişafı üçün nə 60 milyon, nə də 100 milyon yetərli məbləğ deyil. Son nəticədə bazar iqtisadiyyatında bu, dövlət tərəfindən tam şəkildə verilməməlidir. Bunu prioritet olaraq kredit formasında etmək lazımdır. Əksər maliyyə axınlarının mənbəyi kredit resursları olmalıdır. Kredit resursları isə bu gün elə yüksək faizlərlə təklif olunur ki, kənd təsərrüfatının heç bir sahəsində o rentabellik yoxdur. Kreditlərin 11-12 faizlə verildiyi halda yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər. Bəzi bank rəhbərləri isə sevinə-sevinə bəyanat verirlər ki, biz 8-9 faizlə kredit təklif edirik. Sual olunur: hansı kənd təsərrüfatı sahəsində o mənfəət göstəriciləri var ki, binəva fermer 8 faizlə həmin krediti götürsün və kreditin faizini də ödəyə bilsin, mənfəət də götürə bilsin, işçilərinə də əmək haqqı versin. Axı bu, real deyil...

-Bəs çıxış yolu nədədir?

(Davamı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.