Ruslar kütləvi şəkildə bank hesablarındakı pullarını çıxarırlar. Bankomatlarda dollar və avro qıtlığı var

25-02-2022, 23:28           
Ruslar kütləvi şəkildə bank hesablarındakı pullarını çıxarırlar.
Rublun ucuzlaşması və birjada kotirovkaların çökməsi, eləcə də Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən bu ölkənin ən böyük banklarına qarşı sanksiya təhlükəsi ölkə əhalisində panika yaradıb. Cümə axşamı insanlar səhər saatlarından etibarən nağd pul çıxarmaq və ya rublu xarici valyutaya dəyişmək üçün növbəyə durublar. Valyuta möhtəkirlikləri barədə xəbərlər yayılıb.

"Bilmirsiniz, "Tinkoff"da (bankomat nəzərdə tutulur) dollar qalıb?" - bunu bir kişi Moskvanın "Mitino" metrostansiyası yaxınlığındakı ticarət mərkəzində növbəyə duranlardan soruşur. İnsanlar başlarını bulayırlar.

BBC-nin əməkdaşı da orda növbəyə durub həmin bankomatdan pul çıxarmaq istəyib, amma cəhdi uğursuz olub. Bankomatın ekranında dollar və avronun simvolları üzərindən xətt çəkilmiş olub, yəni onları çıxarmaq imkanı olmayıb.

Rusiya prezidentinin Ukraynada hərbi əməliyyatlara başlamaqla bağlı qərarı fevralın 24-ü səhər fond birjasının və rublun məzənnəsinin aşağı düşməsinə səbəb olub. Günün birinci yarısında birjada hərraclarda dolların məzənnəsi 89,6 rubla, avro isə 100 rubla yaxın olub. Təkcə investorlar deyil, adi vətəndaşlar da çaxnaşmaya düşərək rubl satmağa başlayıblar.

Gün ərzində rublu sabitləşdirmək mümkün olub, amma Mərkəzi Bankın müdaxilələri sayəsində. Rublun çökməsi fonunda qurum xarici valyuta satmağa və rubl almağa başlayıb. Hələ ki bu əməliyyatların ümumi həcmi barədə məlumat yoxdur. 2015-ci ildən bəri Mərkəzi Bank bu üsula ilk dəfə əl atıb. Nəticədə Rusiya fond bazarı cümə axşamı əsas hərracları 33,28 faiz çöküşlə bağlayıb.

Narahatlığa daha bir səbəb Rusiyanın ən böyük banklarına qarşı sanksiya təhlükəsi olub - bir çox müştərilər nağd pul ehtiyatı əldə etmək fikrinə düşüblər.

"Telegram" kanalları səhər saatlarından etibarən rubl hesabından dollar hesabına köçürmələrdə problemlər olması barədə məlumat verib. BBC-nin müxbirlərindən biri də oxşar problemlərlə üzləşib: bank məzənnəni müəyyən etməyin mümkünsüzlüyünü əsas gətirərək rublu dollara çevirməyib. Bu, Moskva birjasında alqı-satqının başlamasından dərhal sonra baş verib, amma tezliklə pulu dəyişmək mümkün olub. Günorta saatlarında başqa bir müxbir də rublu dollara çevirə bilib.

"Tinkoff"un mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bütün sistemlər "adi qaydada işləyir, fiziki və hüquqi şəxslərin əməliyyatları məhdudiyyətsiz şəkildə həyata keçirilir".

Eyni zamanda, bank nağd pula tələbatın artdığını təsdiqləyib.

"Biz bankomatları gücləndirilmiş rejimdə doldururuq", - mətbuat xidmətindən belə deyiblər.

Oxşar problemlər digər banklarda da müşahidə olunub.
Jurnalist Maksim Litavrin öz "Tvitter" hesabında Moskvanın "Baumanskaya" metrosu yaxınlığındakı "Tinkoff" və "Alfa-Bank" bankomatlarındakı növbələr haqqında yazıb.

Bəzi istifadəçilər "Alfa-Bank"ın bankomatlarından da dollar çıxara bilmədiklərini yazıblar. Bankın mətbuat xidmətindən BBC-yə bildiriblər ki, müştərilər "istədikləri məbləği bankomat və ya kassalardan çıxara bilərlər".


"Exo Moskvı" radiostansiyası "Sberbank" filiallarındakı növbələr barədə məlumat verib.

Səhər saatlarında bank öz internet səhifəsində yaydığı məlumatda bildirib ki, sanksiya tətbiq edilən banklar siyahısında olduğu üçün valyuta əməliyyatlarına məhdudiyyətlər tətbiq ediləcək. Daha sonra mətbuat xidməti bunun səhv olduğunu açıqlayıb.

Almaniyada "Sberbank" kartlarına xidmət göstərilməsinin dayandırıldığı barədə də məlumatlar yayılıb. Ancaq sonradan "RİA Novosti" agentliyi aydınlaşdırıb ki, xəbər doğru deyil. Londondakı bankomat da bankın kartını qəbul edib.

Cümə axşamı VTB-nin mətbuat xidməti bankın adi rejimdə işlədiyini və "bütün məhsul və xidmətlərin tam həcmdə əlçatan olduğunu" bəyan edib. Amma sonradan VTB korporativ müştərilərinə dollar və avroyla əməliyyatlardan çəkinməyi tövsiyə edib. Eyni zamanda, bank bütün xidmətlərin məhdudiyyətsiz olduğunu bildirib.

Digər şəhərlərdə də eyni problemlər olub.

Nağd pul çıxarılmasıyla bağlı problemlər təkcə Moskvada deyil, digər şəhərlərdə də müşahidə olunub. Məsələn, Permin "Vetta" telekanalının məlumatına görə, bu şəhərdəki bütün "Tinkoff" bankomatları dollar və avro verməyi dayandırıb.

Yerli xəbər portalı "NGS24" xəbər verib ki, cümə axşamı səhər saat 11-dən sonra Krasnoyarskdakı "Tinkoff" bankomatlarından dollar və avro çıxarmaq mümkün olmayıb.

Həmin nəşrin əməkdaşları Krasnoyarsk küçələrinin birində valyuta satan möhtəkirlə rastlaşıb. "Biz ondan pulu neçəyə dəyişdiyini soruşduq. Dolları 90, avronu 100 rubla dəyişdiyini dedi", - regional portal belə yazıb.

Kostromanın "Kostroma.today" portalı məlumat verib ki, sakinlər valyuta almaq üçün səhər saatlarından etibarən bankomatlarda nəhəng növbələrdə dayanıblar və bəzi filiallarda basabas yaranıb.

Ukraynayla həmsərhəd Belqorod vilayətində də ajiotaj müşahidə edilib. "Bel.ru" portalının jurnalistləri Belqorodun əsas ticarət mərkəzlərindən birində bankomatların qarşısında uzun növbələr olduğunu yazıblar.

"Downdetector" portalının məlumatına görə, Ukraynada hərbi əməliyyatların başlaması və valyuta bazarının çökməsi fonunda səhər saatlarında Rusiya banklarının fəaliyyətində fasilələr yaranmağa başlayıb. Bundan əsasən "Alfa-Bank", "Sberbank" və VTB istifadəçiləri şikayətləniblər.

Mərkəzi Bankın bir gün əvvəl dərc etdiyi statistikaya görə, dekabr-yanvar aylarında banklar kassalarda və bankomatlarda əlçatan nağd pulun həcmini 5,7 milyard dollar artırıblar.

Bu, Krımın ilhaqından sonra Rusiya kassaları və bankomatlarında xarici əskinasların kəskin şəkildə artdığı (ayda 8,9 milyard dollar) 2014-cü ilin martından bəri rekord göstəricidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.