Rusiyadan azərbaycanlı köçü gözlənilir: “Pul kəskin azalır...” - NƏ ETMƏLİ?

28-02-2022, 21:00           
Rusiyadan azərbaycanlı köçü gözlənilir: “Pul kəskin azalır...” - NƏ ETMƏLİ?
Rusiyanın Ukraynaya qarşı müharibəsi müxtəlif problemlərin yaranmasını gətirib çıxaracaq.

Xüsusilə də dünyanın aparıcı dövlətlərinin Rusiyanı SWIFT sistemindən çıxarması ilə bağlı razılığı ölkənin iqtisadi vəziyyətinə öz təsirini göstərməkdədir. Mövcud problemlərin münaqişə zonasında yaşayan xalqlar üçün də təhlükə yaratması ilə bağlı həmin ərazilərdən insanların başqa ölkələrə köçmə zərurətini də yaradır.

Məsələn, Ukraynanın qonşuları Rusiya işğalından sonra bu ölkədən böyük immiqrasiya dalğasına hazırlaşdıqlarını bildirmişdi. Müharibənin ilk günlərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi işğalın mülki əhali üçün ciddi fəsadlar törədəcəyi ilə bağlı xəbərdarlıq etdi. Qonşu ölkələr 44 milyon əhalisi olan Ukraynadan qaçqınları qəbul edəcəklərini açıqladılar. Polşa yaralanan ukraynalılar üçün 120 xəstəxananın siyahısını tərtib edib və sərhəddə immiqrasiya qəbulu mərkəzləri yaradıb. Polşanın daxili işlər naziri Mariuş Kaminski “immiqrant dalğasına” hazır olduqlarını bildirib.

Ukraynanın cənub qonşusu Moldovadan 2-3 min insanın keçdiyi bildirilir. BMT-nin Qaçqınlar Agentliyinin regional nümayəndəsi Roland Şillinq "Biz çox böyük rəqəmlər gözləyirik",- deyib. Almaniya immiqrantları qəbul edən Şərqi Avropa ölkələrinə dəstək verəcəyini açıqlayıb. Almaniyanın daxili işlər naziri Nancy Faeser hər hansı bir ssenariyə hazır olduqlarını söyləyib.

“Reuters” agentliyinin məlumatına görə, Almaniya mediası Avropa Birliyinə 200 mindən bir milyona qədər ukraynalının gələ biləcəyi ilə bağlı hesablamaları bölüşüb. Rusiya ərazisində isə müharibə getməsə belə, mövcud iqtisadi vəziyyət əhalinin müflisləşəcəyi təhlükəsini yaradıb. Hazırkı iqtisadi böhran daha da dərinləşəcəyi təqdirdə nəinki yerli əhali, Rusiyada yaşayan digər xalqların da çətinliklərlə üzləşəcəyini göstərir. Qeyd edək ki, bu gün Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır.

Mövcud iqtisadi problemlərin daha da artması şəraitində orada yaşayan, xüsusilə də kiçik və orta sahibkarlıqla məşğul olan soydaşlarımızı hansı problemlər gözləyir, onlar kütləvi şəkildə Azərbaycana qayıdacaqmı? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, sanksiyalar çox güclüdür:

“Bank, maliyyə-bank sektoruna tətbiq edilən sanksiyalar Rusiyada ilk növbədə rublun dəyərdən düşməsini sürətləndirib. Bu gün tarixi rekordlar müşahidə edirik. 1 dollar 130 rubla yaxınlaşır. Demək orada yaşayan soydaşlarımız rublla qazandığı vəsaiti artıq daha baha dollara çevirə biləcək ki, öz ailələrinə göndərdin. Bu, artıq böyük problemə çevriləcək. Yəni Rusiyadan Azərbaycana gələn vəsait kəskin azalacaq. Bu isə Azərbaycan üçün problemdir. Əsasən də regionlarda yaşayan bir çox ailələrin sosial vəziyyətinə Rusiyadan gələn vəsait müsbət təsir göstərirdi, yəni onların dolanışığında mühüm rol oynayırdı. İndi o vəsaitin kəskin azalmasını görəcəyik. Bu da onların sosial vəziyyətinin ağırlaşmasına səbəb ola bilər”.

Sanksiyalar kiçik və orta sahibkarlıqla zərbə vuracaqmı?

Ekspert deyir ki, sanksiyalar getdikcə dərinləşərsə, uzun müddət qalarsa, Rusiyada iş yerlərinin bağlanması, biznes fəaliyyətinin zəifləməsinin də şahidi ola bilərik:

“Hətta pul köçürmələrin tamamilə dayandırılacağı təqdirdə orta və kiçik sahibkarlıqla məşğul olan soydaşlarımızın bizneslərinə böyük zərbə dəyər. Onlar işsiz və qazancsız qala bilərlər. O zaman Azərbaycana müəyyən ailələrin qayıtması ilə bağlı qərarların alınmasının şahidi ola bilərik. Azərbaycan isə buna hazır deyil. Çünki Azərbaycanın daxilində işsizlik problemi var. Biznes mühiti azad deyil. Rəqabətsizlik mühiti var və biz bunu da nəzərə almalıyıq. Ona görə də yaxın gələcəkdə bu problemlərin yaranması halında Azərbaycanı buna hazırlamalıyıq. Ancaq hələlik Rusiya əhalisinin özü də gözləyir ki, bu proses bir müddədən sonra səngiyə, qoşun geri çəkilə, iki ölkə arasında sülh yarana bilər. Ümidlidirlər ki, bir müddətdən sonra biznesdə, iqtisadiyyatda müəyyən dərəcədə sabitləşmə yaranar. Ona görə də sona qədər azərbaycanlılar Rusiyada qalmağı tərcih edəcəklər. Çünki Azərbaycana qayıdıb iş tapmamaq problemi ilə üzbəüz qalmaqdansa, hələlik orada gözləməyə üstünlük verəcəklər. Ancaq ilk növbədə təsir göstərən məsələ Rusyadan Azərbaycana göndərilən pullar kəskin azalacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.