Xaricə pul töküb, diplom alırlar, sonra da diplomları tanınmır... - NƏ ETMƏLİ?

3-03-2022, 12:45           
Xaricə pul töküb, diplom alırlar, sonra da diplomları tanınmır... - NƏ ETMƏLİ?
Fevral ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 18 gün təşkil edib.

Hər il ölkədə onlarla diplomun tanınmasından imtina edilir. Bu da vətəndaşların zaman, maliyyə itkisi ilə üzləşməsinə səbəb olur. Teref.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elçin Əfəndi “Şərq”ə açıqlamasında deyib ki, bunun əsas səbəbi təhsil almaq istəyənlər və ya təhsil alanların ümumi araşdırma aparmadan birbaşa xaricə təhsil almağa üz tutmasıdır.

“Halbuki, onlarda seçdikləri universitetlərin diplomunun tanınıb-tanınmaması ilə bağlı ümumi fikir formalaşmır. Belə olanda onlar ölkəyə qayıtdıqdan sonra diplomları tanınmır.

Diplomun tanınmamasının başlıca səbəbi həmin universitetin ümumi reytinq sıralamasında yer almamasından qaynaqlanır. Eyni zamanda şəxsin iddia etdiyi ixtisas üzrə biliklərinin hansı səviyyədə olması və həmin ölkənin təhsil dilini bilməməsi əsas səbəblərdəndir. Əlavə olaraq iddia etdiyi dövr ərzində onun ölkədən giriş və çıxış tarixləri xarici pasportunda əksini tapırsa, o zaman diplom tanınır. Bu faktlar olmayanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomun tanınmaması barədə qərar verilir.

Belə hallarda iddiaçılar diplomlarının tanınması üçün məhkəməyə şikayət edə və iddia qaldıra bilərlər. Məhkəmə də faktları yenidən gözdən keçirib ona uyğun qərar verir.
Hər zaman valideynlərə və vətəndaşlara tövsiyə edirəm ki, bir müddət universitetləri araşdırsınlar. Əks halda biz hər dəfə bu problemlərin şahidi olacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.