Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı çatdırırıq - Peter Mixalko

3-05-2024, 10:58           
Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı çatdırırıq - Peter Mixalko
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində bir qrup azərbaycanlı jurnalistlə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqının səfiri ölkəmizdə jurnalistlərin durumunu hər zaman diqqətdə saxlayıb.

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyir ki, Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıqlarını hökumətlə dialoqda mütləq çatdırırlar.

“Üçüncü ildir ki, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşmək fürsətim olur. Təəssüf ki, ötən il bizimlə olan jurnalistlərin bəzilərini bu dəfə burada görə bilmirik, axı həbs olunublar. Biz həmin jurnalistləri yaddan çıxarmamaqla bu görüşü keçiririk“, – yenə P.Mixalkonun dilə gətirdiyi sözlərdir.

Səfir onu da deyib ki, Avropa Ittifaqı Azərbaycanın ən fəal tərəfdaşlarındandır və bu tərəfdaşlıq dəyərlərə, ortaq prioritetlərə əsaslanır.

“Azərbaycan üzərinə öhdəliklər götürüb və biz də tərəfdaş olaraq, gözləntilərimizi çatdırırıq. Bu problemlər aktual olduğu müddətdə Avropa Birliyi o məsələləri qaldıracaq. Hazırda bu məsələlər özəlliklə vacibdir, axı Azərbaycan COP29-a ev sahibliyi edəcək, bütün dünyanın diqqəti burada baş verənlərə yönələcək“.

Səfir Azərbaycanla Ermənistan arasındakı münasibətlər haqda sualı cavablandırarkən deyib ki, Avropa Birliyi Cənubi Qafqazda sülh və rifah olmasını istəyir. O, delimitasiya ilə bağlı tərəflər arasındakı razılaşmanı alqışladıqlarını vurğulayıb.

P.Mixalko əlavə edib ki, minatəmizləmə prosesində Azərbaycana dəstək verən əsas tərəfdaşı Avropa İttifaqıdır.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən başlanan dəstək bu gün də davam edir:

“Minatəmizləmə prosesi ilə bağlı Azərbaycana dəstəyimiz üç istiqamətdədir: minaların təmizlənməsi, proseslə bağlı maarifləndirmə kampaniyaları və qurbanlara dəstək“.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.