ABŞ-ın sanksiya tətbiq etdiyi "Lahij Energy" şirkətinin fəaliyyəti araşdırılmalıdır - Ekspertlər

3-05-2024, 09:25           
ABŞ-ın sanksiya tətbiq etdiyi "Lahij Energy" şirkətinin fəaliyyəti araşdırılmalıdır - Ekspertlər
Mayın 1-də ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiya siyahısında 60 şirkətin adları var və Rusiya ilə yanaşı Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Slovakiya və Türkiyə şirkətləri də sanksiyalar altına düşüb.

ABŞ sanksiyaları Azərbaycanın “Lahic Energy” MMC-yə və onun direktoru Cahangir Əliyevə və atasına Yevgeni Əliyevə də tətbiq olunub.

ABŞ Maliyyə nazirliyinin açıqlamasında deyilir ki, "Lahıc Energy" MMC-yə sanksiya tətbiq edilməsinin səbəbi bu şirkətin Rusiyanın hərbi-sənaye bazasını dəstəkləmək üçün müəyyən edilmiş Rusiya Federasiyası iqtisadiyyatının bir sektorunda fəaliyyət göstərməsi ilə bağlıdır.

"Lahıc Energy» MMC Azərbaycan şirkətidir, Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 15-də yerləşir.

Milli Məclisin deputatı Rasim Musabəyov Turana bildirib ki, ilk növbədə sözügedən şirkətin rəhbərinin kim olduğunu araşdırmaq lazımdır: "Çox güman ki, o Rusiyada yaşayan azərbaycanlıdır. Ukrayna ilə müharibə başlayandan, sanksiyalar tətbiqindən sonra bir çoxları gəlib Qazaxıstana, Azərbaycana, Ermənistana, Gürcüstana şirkət açıblar. Axtarmaq lazımdır ki, bu adam Azərbaycana nə dərəcədə aiddir".

Deputat hesab edir ki, bu sanksiyanın Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Bu şirkətə qarşı sanksiyalar qəbul olunubsa, sadəcə həmin şirkətin bank hesablarını bağlayacaqlar, bununla da Azərbaycan ərazisində bütün əməliyyatlar dayandırılacaq. Ancaq mən istisna etmirəm ki, onun bundan başqa bir neçə şirkəti qeydiyyatdan keçib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni başladıqdan sonra ABŞ və Avropa Birliyinin Rusiyaya müxtəlif sanksiyalar mövcuddur və bu sanksiyalar da getdikcə sərtləşir: "Sanksiyaların içində Rusiyanın vətəndaşları, oliqarxları, şirkətləri zaman-zaman yer alır. Amerika o şirkətləri və iş adamları hədəf alır ki, onlar Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirlər. Buna görə hətta Çin və Türkiyə ehtiyatlı mövqeyə keçiblər, Hindistan Rusiya ilə ticarət əlaqələri azaldıb".

Politoloqun fikrincə, Azərbaycan da bu məsələdə diqqətlidir: "Baxmayaraq ki, Rusiya ilə müəyyən münasibətlərimiz var, amma Ukraynada müharibə davam etdikcə Rusiya ilə hərbi sənaye sahəsində əməkdaşlığın riskləri böyükdür".

O, hesab edir ki, "Lahıc Energy" şirkəti ilə bağlı araşdırma aparılmalıdır: "Baxılmalıdır ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirmi? Əgər həqiqətən o nəticəyə gəlinsə ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir, onda qəti qərar verilməlidir. Yox, bilinsə ki, elə deyil, açıqlama verilməlidir. Çünki şirkət sanksiyalar altına düşübsə, onun Amerika və Avropa ilə əlaqələrdə ciddi problemlər yaşanacaq, üstəgəl bundan dövlətimiz də müəyyən qədər zərər görə bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.