Qaz limitinin ləğvi mümkündür? - AÇIQLAMA

19-05-2022, 19:34           
Qaz limitinin ləğvi mümkündür? - AÇIQLAMA
2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 4 milyard 178 milyon 230 min dollar dəyərində 7 milyard 233 milyon 394 min kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında ixrac olunmuş təbii qazın statistik dəyəri 3,7 dəfə artıb.

2021-ci ilin yanvar-aprel dövründə Azərbaycandan 1 milyard 131 milyon 480 min dollar dəyərində 7 milyard 837 milyon 583 min kubmetr təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 16-da Tarif (qiymət) Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.

Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali üçün 1 200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Beləliklə, hazırda ölkədə təbii qazın satış qiyməti artırılıb, qaz istifadəsi limiti tətbiq edilib.

Əgər bu gün Azərbaycan 4 milyard dollar dəyərində təbii qaz ixrac edirsə, ölkədə limitin tətbiqinə ehtiyac varmı? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, təbii qaza tətbiq edilən limiti ləğv etmək mümkündür:

“Söhbət sadəcə bizim təbii qazdan əldə etdiyimiz gəlirdən getmir. İxracatçı, təbii qazı istehsal edən ölkə kimi, eyni zamanda bugünkü sosial-iqtisadi vəziyyəti nəzərə alaraq hökumət əlində olan imkanlardan istifadə edərək müxtəlif şəkildə sürətli qiymət artımını, yoxsullaşma risklərini sığortalamağa çalışmalıdır.

O cümlədən buraya kommunal xidmətlər, qazın qiyməti daxildir. Görünən odur ki, indiki halda belə bir qərarın verilməsi ehtimalı çox aşağıdır. Çünki 2021-ci ildə qazın qiymətinə, limitlərə korrektələr və düzəlişlər edilib. Hökumətin belə bir istiqamətdə qərar qəbul etmə ehtimalını mən çox aşağı qiymətləndirirəm”.

Ekspert deyir ki, limitin belə, azaldımasını gözləmirəm:

“Bu gün faktiki olaraq qazın neçəyə başa gəldiyini bilmək lazımdır. Bunun üçün də aidiyyatı qurumlar şəffaf fəaliyyət göstərməlidir, itkilər azalmalıdır. Eyni zamanda, infrastrukturun yenilənməsinə ehtiyac var.

Çünki infrastrukturlar itkiləri yaradan başlıca səbəbdir. Xüsusilə regionlarda bir çox yerlərdə köhnəlmiş infrastrukurlardan istifadə olunur. Ancaq əminəm ki, qiymətləri aşağı salmağın mühüm yollarından biri də bu istiqamətdə şəffaflığın və səmərəli idarəetmənin təşkil edilməsindən keçir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.