“Kreditlərdə heç bir güzəşt olmayacaq”

11-06-2016, 09:45           

Antikollektorun rəhbəri Əkrəm Həsənov: “Vətəndaşı elə qorxudurlar ki, icra məmurlarına rüşvət verir”
Ölkədə kredit problemi ciddiləşsə də, məhkəmələrə şikayət edən vətəndaşların sayı çox deyil. Bir neçə ay əvvəl borcluların problemlərini həll etmək məqsədilə yaradılan Antikollektora edilən müraciətlər də azdır. Əməkdaşımız Antikollektorun rəhbəri Əkrəm Həsənovla görüşüb və onlara edilən şikayətlərlə bağlı statistika ilə maraqlanıb.

Məlum olub ki, borcluların problemi ciddi olsa da, hüquqi müstəvidə həll etməkdə maraqlı deyillər: “Bizə indiyədək 800 nəfərə yaxın insan müraciət edib. Hamısına da pulsuz hüquqi məsləhət vermişik. Doxsan nəfərlə bağlı məhkəmə müdafiəsinə çıxmışıq. Əksəriyyətin vəziyyəti belədir ki, onların aylıq gəliri ya ümumiyyətlə yoxdur, ya da azdır. Biz də onları başa salırıq ki, onların özlərini məhkəmədə müdafiə etməyinə heç ehtiyac yoxdur. Məhkəməni uduzsalar belə, məhkəmə onlara heç nə edə bilməz, çünki pulları yoxdur. Məhkəmə qərarınn icra anında kömək edə bilərik. İcra məmurları onları bəzən həbslə qorxudurlar. Bizim işimiz daha çox hüquqi yardımdan çox psixoloji yardım olub. Vətəndaşlar borca görə həbs olunacaqlarından qorxurlar. Biz də başa salırıq ki, qorxu üçün heç bir əsas yoxdur. Bəzi insanları biz özümüz müdafiə etmək istəməmişik. Çünki imkanları var, sadəcə krediti ödəməmək üçün yollar axtarırlar. Bəzi insanların məhkəmə müdafiəsinə ehtiyacı olub, ancaq imkanları olmadığından, biz onlara ödənişsiz yardım göstərmişik. Borca görə həbslərlə bağlı işləri də pulsuz edirik. Amma yenə də müraciət edən çox deyil. Həbslə qorxudulma çox olsa da, həbs həddinə gəlib çatmır hamısı. Vətəndaşı elə qorxudurlar ki, müxtəlif yollarla pul tapır, gətirir. İcra məmurlarına rüşvət verir ki, bir neçə ay ona dəyməsinlər. Yeddi faiz icra məmurlarının öz fonduna gedir, onları da bu faiz maraqlandırır. Ona görə həmin pulu verə bilən vətəndaşı həbs etmirlər, vaxt verirlər. Bankın pulunun hayında deyillər. Həbs olunanların da çoxu bizə müraciət etmir, mentalitetə görə ayıb hesab edirlər. Bəziləri də iş işdən keçəndən sonra gəlir bizə müraciət edir. Mən borca görə həbs məsələsi ilə bağlı geniş məqalə də hazırlayıram. Həbslərin yolu dünya tarixində necə olub, borca görə həbslər eramızdan əvvəl necə olub, indi necədir, başqa ölkələrdə və bizdəki vəziyyət hansı həddədir, bunu araşdırmışam. Bizdə hətta borca görə həbsi dəstəkləyən və qanuni hesab edən vəkillər var, görəndə dəhşətə gəlirəm”.

Antikollektorun apardığı məhkəmələrə gəldikdə isə hələ ki, yalnız birinci instansiyanın qərarları var: “Üç iş üzrə qərar var. Onlar dollar avtokreditləridir. Biz məsələ qoymuşduq ki, bank vətəndaşı aldadıb. Avtokrediti dollarla verə bilməzdi, çünki vətəndaşa dollar lazım deyildi. Heç bank vətəndaşa pul verməyib, pulu manatla avtodilerə köçürüb. Dollarla isə vətəndaşla kredit müqaviləsi bağlayıb, bu, düzgün deyil. Üç iş bitib, məhkəmə vətəndaşın iddiasını təmin etməyib. Digər işlər üzrə məhkəmə işləri gedir. Nə qədər çəkəcək, bilmirik. Vətəndaşlara izah da edirik ki, işlər illərlə gedə bilər. Vaxt isə bankın xeyrinə deyil”.
Ə.Həsənov vətəndaşların müraciətlərinin kütləvi olmamasının səbəblərini də açıqlayıb: “Səbəblər müxtəlifdir. Birincisi odur ki, əhalidə yenə müəyyən gözlənti var ki, nəsə güzəşt olacaq. Ancaq heç bir güzəşt olmayacaq. Çünki güzəşt üçün pul lazımdır, pul da yoxdur. Artıq aydındır ki, güzəşt bankların hesabına edilə bilməyəcək. Bankların əksəriyyəti maliyyə hesabatını dərc edir, baxırsan, vəziyyəti pis deyil. Amma maliyyə hesabatları həqiqətə uyğun deyil, yəni bankların vəziyyətləri pisdir. Dövlət kömək etməlidir. Dövlət rəsmiləri də bir neçə dəfə deyiblər ki, kömək olmayacaq. İnsanlar isə kömək gözləyib məhkəmələrə getmirlər. Banklar isə çağırıb vətəndaşları aldadırlar, şərtlərdə aldadırlar. Deyirlər ki, ödəniş edin, kursu 1,05-dən hesbalayaq, amma özləri üçün 1,50-dən qeyd aparırlar, vətəndaşlar da bunu bilmirlər. Bunu biləndən sonra yanımıza gəlirlər ki, banklar yenə onları aldadıb. Bildiririk ki, bankdan yazılı nəsə, kağız almalısınız ki, bu kursla ödəniş etmisiniz, bank onu vermədisə, səni aldatdı. Bəziləri bizə birinci instansiyanı uduzandan sonra gəlib deyirlər ki, bank məhkəməyə verməyəcəyini demişdi, amma verdi. Sonra bu işi aparmaq ağırdır, birinci instansiyanı uduzublar. Hətta ümidsiz işlərdə belə iddialar kütləvi olsa, banklar buna davam gətirməyəcək. Çünki elementar gücləri yoxdur. Bu qədər işi aparmağa gücləri yoxdur. Vətəndaşın müraciət etməməsinin başqa səbəbi milli mentalitetdən gələn mənfi cəhətdir. Bizim xalq eqoist xalqdır, əksər insanlarımız demir ki, ümumi işimizdir, edək. Hamı deyir, mənim problemimi həll elə. Deyirəm birləşin, ancaq o məsələ, birlik yoxdur bizdə. Hər kəs özünü fikirləşir, gedir bankla danışır. Onsuz da banklar heç bir güzəşt edən deyil”.

Ekspertin sözlərinə görə, yay aylarında borc haqqında məqaləni bütün hakimlərə poçtla göndərməyi və məsələnin ciddiliyini, vacibliyini çatdırmağı planlaşdırır: “Həmçinin vətəndaşların özlərini mülfis elan etmələri haqqında da qanun yoxdur. O qanunu istəyirəm yayda araşdırıb hazırlayım. Bəlkə borclular o qanunun ətrafında birləşsinlər. Banklarla da mübarizə aparmaq daha asan olar. Düşünürəm ki, payızda vətəndaşlar kütləvi şəkildə məhkəmələrə müraciət edəcəklər. Çünki artıq gözləntilərinin gerçəkləşmədiyini anlayacaqlar, güzəşt olmadığını görəcəklər və banklar tərəfindən aldadıldıqları dəqiqləşəcək”.
Musavat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.