Azərbaycanda internetin sürəti niyə aşağıdır? - Ekspert AÇIQLAYIR
26-04-2023, 13:44

Azərbaycan hər il sürəti artan qlobal internet şəbəkəsi ilə ayaqlaşa bilmir. “Wisevoter.com” saytı ən sürətli internetə sahib ölkələrin siyahısını açıqlayıb. Göstəricilərə əsasən, Azərbaycan ən sürətli internetə sahib ölkələrin siyahısında 35.7 Mbps orta sürətlə 124-cü yerdə qərarlaşıb. Maraqlı məqam ondan ibarətdir ki, sıralamada Madaqaskar 119, Qvatemala 122, Honduras 123-cu yerdə qərarlaşıb.
Ekspertlərə görə, qlobal reytinqlərdə geri qalmağımızın əsas səbəbi regionlarda internetin zəif olmasıdır. Qeyd edək ki, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir. İnternet niyə zəif, niyə bahadır?
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Ednews-a bildirdi ki, nazirlik 2024-cü ilin sonuna qədər minimum 25Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib:
“Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar. Amma problemlər də var. Bəzən podratçılar kabelləşmə işini aparsalar da, uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son anda problem həll olunmur. Bəzi hallarda podratçıların işlərində məsuliyyətsiz yanaşmalar görünür. Bir çox bölgələrdə isə ümumiyyətlə bu istiqamətdə işlərə başlanmayıb. Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir. Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur. Ümid edirəm və inanıram ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün resurslarını səfərbər edib vədini yerinə yetirə biləcək. Əslində prosesi sürətləndirmək üçün özəl provayderlər də layihəyə cəlb edilib. Yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qurulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib. Ötən müddət ərzində təkcə "Aztelekom" operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb. Digər özəl provayderlər də Bakıətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar. Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb. Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər təkcə 2021-2022-ci il ərzində birgə 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub. Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib. Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur".