Azərbaycanda dollara "sahib çıxanların" sayı sürətlə azalır…
2-05-2023, 10:26

Kamran Məmmədli: “Dollara tələbin azalması iqtisadi aktivliyin azalması deməkdir”
Ötən həftə Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 26,4 milyon dollar təşkil edib və tam təmin edilib. Məlumat üçün bildirək ki, bu məbləğ əvvəlki hərrac zamanı satılan valyutadan 34,1 milyon dollar, yaxud təxminən 2,3 dəfə az olub.
Onu da qeyd edək ki, son aylar dollara tələbat azalıb. Banklar tərəfindən dollar alışı azalmaqda davam edir.
Maraqlıdır, dollar alışının azalmasının səbəbi nə ilə bağlıdır, milli valyutaya inam artıb, yoxsa başqa səbəblər var?
“Dollar əhali üçün əsasən yığım valyutasıdır, yığmağa bir şey yoxdursa, dollara da ehtiyac azdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 215 milyon dollar satılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 44.1 faiz azdır: “Məlumat üçün bildirim ki, ötən ilin yanvar-aprel aylarında keçirilən hərraclarda 2 milyard 174 milyon dollar satılıb. Cari ilin aprel ayında isə ümumilikdə 286 milyon dollar satılıb ki, bu da 2022-ci ilin aprel ayına nisbətən 47,9 faiz azdır. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında yalnız ölkədə fəaliyyət göstərən banklar iştirak edir, bu isə bankların da dollara marağının olmadığını göstərir”.
Ekspert hesab edir ki, ölkədə dollara marağın azalmasının digər səbəbi isə bahalaşmadır. İnsanların gəlirlərinin sabit qalması, xərclərinin isə artması səbəbindən artıq valyuta ilə yatırım etmək imkanları da məhdudlaşıb.
Iqtisadçının sözlərinə görə, əhalinin gəlirləri azalır, xərcləri artır. Dollar əhali üçün əsasən yığım valyutasıdır. Yığmağa bir şey yoxdursa, dollara da ehtiyac azdır. Biznesə gəldikdə isə, sahibkarların da fəaliyyəti get-gedə daralır. İnhisarlaşma meylləri güclənir. Real özəl sahibkarların sayı və dövriyyəsi, xariclə əməliyyatları azalır. Deməli, onlara da dollar daha az lazımdır. İnhisarçı məmur isə dolları müxtəlif yollarla da əldə edə bilər, bizim bu barədə heç xəbərimiz də olmaya bilər.
K.Məmmədli onu da əlavə etdi ki, dollara tələbin azalması iqtisadi aktivliyin azalması deməkdir.