Televiziyada fikir müxtəlifliyi olmalıdır, monoloq tamaşaçıya maraqlı deyil.
2-05-2023, 22:40

Milli Məclisdə İctimai Televiziyanın Yayım Şurasının üzvlüyünə namizədlər təsdiq edilərkən deputatlar Azərbaycanda televiziyaların yarıtmaz fəaliyyətindən danışıblar. Millət vəkili Zahid Oruc haqlı olaraq bildirib ki, sosial şəbəkələr və youtube kanalları televiziyaları üstələyib, insanlar xəbərləri və şərhləri internet kanallarından əldə etməyə üstünlük verirlər. Bunun səbəbi yalnız televiziya kanallarındakı bayağı şou-proqramlarla əlaqəli deyil, başqa səbəblər də var. Televiziyada fikir müxtəlifliyi olmalıdır, monoloq tamaşaçıya maraqlı deyil. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi aparıcılar siyasi proqramlarda sənin əvəzinə danışmaq istəyir, verdiyi suala istədiyi cavabı almağa çalışır. Televiziya kanallarından birində mövzuyla bağlı suallara cavab verdikdən və proqram bitdikdən sonra aparıcı mənə yaxınlaşaraq “Elxan müəllim nahaq yerə belə danışdınız” dedi. Aparıcıya izah etməyə çalışdım ki, əgər mən bu mövzuda yazmışamsa, eyni mövzuda fərqli danışsam, şərhlərimi izləyən insanların inamını itirərəm, “əgər fikirlərimi qəbul etmirsinizsə məni televiziyanıza dəvət etməyin” – dedim ona. Həqiqətən həmin hadisədən sonra həmin tv məni bir daha proqramlarına dəvət etmədi, başqa qadağalar da tətbiq etdilər. Heç nə itirmədim, fikirlərimi sərbəst şəkildə internet kanallarında ifadə edirəm, nəyin doğru, nəyin yanlış olduğunu rahat şəkildə izah etməyə çalışıram.
Elxan Şahinoğlu
Teref.az