Yanğında evi yanmış jurnalist evsiz və pulsuz qalıb- Abutalıbov yalan danışır
21-05-2015, 09:42
Bakıda yaşayış binasında baş verən yanğın zamanı anası və azyaşlı körpəsi ilə huşsuz halda tapılan jurnalist Sevinc Fədai ailəsi ilə birgə evsiz qalıb.
Arqument.Az-a açıqlama verən jurnalist hazırda rəfiqəsigilə sığındığını deyib.
"Binanı ən son tərk edən biz olmuşuq. Mənzildən heç nə çıxara bilmədik. İndiyə kimi də bizə heç nə qaytarılmayıb. Həyatımız bir tükdən asılı idi. Evimiz yandıqdan sonra rəfiqəmgilə sığınmışıq. Heç bir təzminat da verilməyib. Cəmi 300 manat pul verilib ki, o da ancaq bir ayın kirayə haqqı eləyir. Hələ ki, gedəcək bir yerimiz də yoxdur. 3-4 nəfərlik ailə nə qədər başqasının evində qala bilər? Bizə də sığınacaq verilməlidir, bu, bizim haqqımızdır. Düzdür, dostlarımız bizə evlərində qalmağı təklif ediblər, sağ olsunlar. Niyə kimlərəsə yük olaq?".
Qeyd edək ki, Sevinc Fədai yazar Mövlud Mövludun həyat yoldaşıdır. Hazırda 4 nəfərlik ailə evsiz qalıb.