Sabunçu bazarında dərin bir böhran var İDDİA

23-05-2015, 15:09           
Sabunçu bazarında dərin bir böhran var İDDİA
Redaksiyamıza yeni daxil olan məlumatlarda Sabunçu bazarının müdiri Fariz Məmmədovun yarıtmaz fəaliyyətindən, bazarda və onun ətrafında yerləşən obyektlərdə ticarətlə məşğul olan insanlarla yolverilməz davranışından bəhs olunur. Şikayətçilər bazar rəhbərliyinin onlardan evdə qaldıqları günlərin də pulunu tələb edərək, əks halda aldıqları malların satışına imkan verilmədiyini bildirirlər: “Hər gün bizdən piştaxtaya görə 8, budkaya görə 10 manat yerhaqqı yığılır. Gözətçiyə gündəlik 70 qəpik veririk. Kommunal ödənişlər də bizlikdir. Bazarda ticarət zəifdi. Buna görə də çəkdiyimiz zəhmətin müqabilində qazancımız olmur.

Özü də yerhaqqı ödənişinə heç bir qəbz verilmir. Qəbz tələb etdikdə isə söyülüb təhqir olunuruq. Yerpulu nəyə əsasən təyin olunur, bilmirik. Səsini çıxaranlara da bazarın sahibi Fariz Məmmədovun qoçuları hədə-qorxu gəlir...” Məlumatlarda vurğulanır ki, Fariz Məmmədov təkcə bazardakı piştaxtalardan deyil, həmçinin ətrafda yerləşən köşklərdən də aylıq haqq tələb edir. Bu haqqı verməkdən imtina edənlərsə hətta fiziki təsirlərə də məruz qoyula bilərlər. Elə vətəndaş Ələddin Həsənov da ondan tələb olunan gündəlik 10 manatı ödəməkdən imtina etdiyi üçün, yaranmış mübahisə zamanı Fariz Məmmədov tərəfindən itələnərək, yıxılıb. Həm də ailə üzvlərinin gözü qarşısında. Sabunçu bazarında alver edən digər bir vətəndaş isə öz məktubunda yazır: “Beş ilə yaxındır ki, bu bazarda çalışıram. Bazarda ümumiyyətlə, təmizlik işləri aparılmır, bu işi öz imkanlarımız hesabına görürük. Bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək olmur. Satdığımız mallar da palçığa bulaşdığından, alıcı tapa bilmirik. Bazarda hökm sürən bu vəziyyət və xüsusən də onun aradan qaldırılmasına yönəldilmiş heç bir tədbirin, qəsdən, yəni düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməməsi biz çıxılmaz vəziyyətə salır. Bəs bunlara görə kim məsuliyyət daşımalıdır?

Bəlkə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi? Ola bilər, ən azından qismən ola bilər. Axı son nəhayətdə bazar özü də RİH-nin səlahiyyət çevrəsinə daxil ərazidə yerləşir. Bəs bilavasitə məsuliyyət kimin üzərinə düşməlidir? Təbii ki, birbaşa hadisələrin cərəyan etdiyi məkanın, yəni bazarın rəhbərliyinin. Fariz Məmmədov isə bazarda yalnız pul yöğömları ilə maraqlanır...” Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Sabunçu bazarı və onun ətrafı da hal-hazırda şübhəli məqsədlərə xidmət edən iaşə obyektlərinin bolluğu ilə diqqəti cəlb edir. Mənbələrin iddialarına görə bu obyektlərdə günün istənilən saatlarında yüngül əxlaqlı qızlar müştəriləri cəlb etməklə məşğuldurlar. Hətta ətraf ərazilərdə və kəndlərdə yaşayan sakinlərin buraya bazarlığa gəldikləri vaxtlarda da həmin kafelərdə intim xidmətlər təklifi səngimir. Müxtəlif kafe adları ilə pərdələnmiş pritonların rüsvayçı fəaliyyətləri vətəndaşların heysiyyatlarının tapdanmasına rəğmən demək olar ki, hər kəsin gözü önündə davam edir.

Mənbələr bildirirlər ki, bu pritonların da əksəriyyəti məhz Fariz Məmmədova məxsusdur. Maraqlıdır ki, əraziyə nəzarət etməli olan hüquq-mühafizə orqanları da Sabunçu bazarındakı pritonların fəaliyyətinə göz yumurlar. Təəssüflər olsun ki, bu gün Azərbaycanda müxtəlif növ qeyri-qanuni fəaliyyətlə məşğul olan obyektlərin tamamilə başqa adlar altında pərdələnməsi artıq adi hala çevrilmişdir. Bu xüsusda hüquq-mühafizə orqanları öz vəzifələrinin icrasına yetərincə səy göstərmədikdə isə həmin pritonların əsil çiçəklənmə dövrü başlanır. Sabunçudan daxil olan məlumatlarda isə bazardakı kafelərə birbaşa Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən himayədarlıq edildiyi iddia olunur. Bildirilir ki, Fariz Məmmədovun bu bazarda çalışan insanlara qarşı sərgilədiyi qeyri-insani münasibəti də məhz bu himayədən doğan arxayınlıq hissindən formalaşır. \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.