Avtovağzalda sərnişinləri belə “soyurlar”

15-08-2016, 17:53           

Bilet satışından qeyri-rəsmi imtina ay ərzində 100 min manatlarla qanunsuz pul dövriyyəsi yaradır...
- Nabran, Nabran! Maşın dolur, Nabrana gedən var?

Bura Bakı avtovağzalıdır. Bazar günü saat 11.30-dur. Nabran istiqamətinə çıxan avtobusların platformasıdır. Avtobusa adam yığan dayı düz üstümə gəlir.

- Qardaşoğlu, gedirsən Nabrana?
- Sabah getməliyəm dayı, səhər neçədə avtobus çıxır?
- Saat 8-in yarısında burada ol. İlk avtobus saat 8-də çıxacaq.
- Neçə saatdan bir gedir?
- Adamın olmağına baxır. Təxminən bir saatdan bir gedir. Gün ərzində 4-5, həftə sonları adam çox olanda daha artıq avtobus çıxarılır reysə.
- Böyük avtobuslarıdr?
- Əsasən 27 nəfəlik “Hyundai” avtobuslarıdır. Adam çox olanda böyük avtobuslar da çıxarırlar reysə.
- Kassadan bilet almalıyam?
- (Üz-gözünü turşudur) Bilet almağı məsləhət görmürəm...
- Niyə? Bilet almaq daha yaxşıdır axı. Bilirsən ki, əlində biletin var. Birdən sabah gələndə yer olmadı avtobusda.
- Vallah, məsləhət deyil. Səhər biri gəlmişdi, əvvəlcədən bilet almışdı, tezdən gəldi, 15 dəqiqə qabaq birtəhər gedə bildi. Amma biletsiz olanda, sürücü özü səni və yükünü istədiyin yerdə rahat yerləşdirir. Sənə qardaş kimi deyirəm, bilet alıb özünü çətinə salma...
- Bəs adamın birini neçəyə aparırsınız?
- Adambaşı 6 manat (!)

Telefonla M-Trans şirkətinni saytına girib Taarif Şurasının müəyyənləşdirdiyi qiymətlərə baxıram. Bakı-Nabran reysi üzrə biletin qiyməti 3.50 manatdır.

“Kassalar” yazılan istiqamətə 2-ci mərtəbəyə enirəm. Oxların istiqaməti ilə gəlib çıxanda isə “Kassalar 3-cü mərtəbədədir” elanı ilə rastlaşdım. Əcəba, kassaların yeri dəyişibsə, ox işarələri niyə hələ də 2-ci mərtəbəni göstərir?

Yenidən 3-cü mərtəbəyə qalxıb kassaların yeni məkanının tapdım. 11-ci kabinədə yaşından və davranışından xeyli təcrübəli olduğu aydın olan kassir xanım əyləşib:

- Salam xanım, Nabrana bilet var?
- Bizdə yalnız qabaqcadan bilet satılır.
- Elə mən də qabaqcadan almaq istəyirəm. Sabah saat neçədə avtobus çıxacaq?
- Baxaram komyuterə, əgər avtobus olsa, bilet verərəm.
- Avtobus olmaya da bilər?
- Əlbəttə, bir də görürsən o tərəfdən adam olmur, gəlmirlər...
- Axı bu, avtovağzalın qanuni, qrafiklə işləməli olan reysidir. Necə ola bilər ki, kefi istyəyəndə gəlsin, kefi istəməyəndə gəlməsin?
- Hamısı xüsusi avtobuslarıdr. Biz nə deyə bilərik?
- Xüsusi ola bilər, amma sizin icazənizlə xəttə çıxmırlar?
- (Qeyri-müəyyən sözlərlə mızıldanır. Nə təsdiq, nə də təkzib edir)
- İndi sabah saat neçədə avtobus çıxacaq?
- (Narazı-narazı kompyuterə baxır) Saat 12.20-də... Gəlsə, onunla gedə bilərsiniz.
- Yəni gəlməyə də bilər?
- Dedim axı, dəqiq deyil. Ola bilsin ki, xarab oldu və s.
- Axı gün ərzində Nabrana azı 4-5 maşın çıxır. Səhər saatlarından avtobuslar var. Onlara bilet yoxdur? Nəyə görə ancaq günortaya - istinin ən qızğın vaxtına olan reysə bilet təklif edirsiniz?
- Mənim xəbərim yoxdur başqa xətlərdən, mən bu kabinədən başqa heç haranı görmürəm. Kompyuterə hansı salınıb, onu da deyirəm. Saat 12-20-yə olana istəyirsiniz?
- Biletin qiyməti neçəyədir?
- (Diqqətlə üzümə baxır, ağlı bir şey kəsmədiyi hiss olunur. Təcrübəsi ona “təhlükəli” müştərini tanımağa imkan verir. Buna görə də gözləyən müştərilərin eşitməyəcəyi yavaş tonla cavab verir) 3.50 manatdır, 50 qəpik də qabaqcadan aldığınıza görə komisyon haqqı. Neçə bilet lazımdır?
- Axı deyirsiniz ki, avtobusun olub-olmayacağı dəqiq deyil. Mən bilet alsam, avtobus getməsə necə olacaq?
- Gətirib bileti qaytarasınız, pulunuzu verərik...
- Ay xanım, nə danışırsınız, bəs mən nə ilə gedəcəyəm?
- Hamı necə, siz də elə, bizim öz işçilərimiz “Şamaxinka”dan “xalturşik”lərlə gedirlər...

Beləliklə, yuxarıda yazdığım iki dialoqdan aydın olur ki, avtobuslara sürücülərin gediş haqqı olaraq aldığı məbləğlə (6 AZN), rəsmi qiymət arasında (3.50 AZN) az qala ikiqat fərq var. Bu səbədən də nə sürücülər, nə avtovağzal rəhbərliyi sərnişinlərin bilet almasında maraqlı deyil. Sürücülərin anti-bilet təbliğatı, kassada oturanların qeyri-müəyyən cavablar verərək, müşətrini şübhədə qoyması da rəsmi və qeyri-rəsmi qiymətlər arasındakı fərqlə bağlıdır.

Sürücülərin dediyindən belə aydın oldu ki, gün ərzində Bakı-Nabran və Nabran-Bakl istiqaməti üzrə orta hesabla 300 sərnuşin gedib-gəlir. Hər sərnişindən 2.50 AZN artıq alınarkən, bu, gün ərzində 750, ay ərzində isə 20.000 AZN-dən artıq məbləğ edir. Eyni vəziyyətin digər istiqamətlərə olan avtobus xətlərində də keçrəli olduğu müşahidələrimizdən məlum oldu. Məsələn, Ağdaşa biletin rəsmi qiyməti 4.24 AZN olduğu halda, sürücülər sərnişinlərdən 6 AZN alırlar. Yaxud da Şəkiyə biletin rəsmi qiyməti 5.63 AZN-dir, sərnişinlər isə məlum səbəbdən 7 manat ödəmək məcburiyyətindədirlər. Deməli, ay ərzində avtovağzalda (hələ təkcə ölkədaxili reyslərdən) məbləği 100 min manatlarla ölçülən qanunsuz pul dövriyyəsi yaranır.

P.S. Deməli bu gün yola çıxanda avtobusda cəmi bir nəfərin bileti vardı. Xaçmaza saat 8-ə bilet almışdı. Şofer və dispeçer qadını maşına buraxmaq istəmirdi ki, sənin biletin bu maşına deyil. 6 manat verməlisən. Qadın üzünü dispeçərə tutaraq bilet aldığı avtobusun harda olduğunu soruşdu. O isə "bilmirəm" deməklə kifayətləndi. 30 dəqiqə davam edən mübahisədən sonra qadın zorla avtobusa mindi. Şoferdən niyə yazılan qiymətə sərnişinləri aparmadıqlarını soruşdum. O isə and içdi ki, o artıq puldan onlara heç nə qalmır. Hamısını əllərindən alırlar.
Bizimyol.info














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.