Əflatun Amaşov: “Gələcəkdə Turan Qurultaylarında Azərbaycan çadırını da görə biləcəyik”

15-08-2016, 22:14           

“Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər yaradır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”. Avqustun 12-14-de Macar Turan Fondunun Macarıstanın Bugac bolgesinde təşkil etdiyi, sayca 4-cü olan Turan Qurultayının mənə yaşatdığı məmnunluq və qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırladım. Bir anlıq gerçək tarix yaradan türk toplumunun zaman-zaman öz kimliyini, mahiyyətini unudacaq, unutdurulacaq şəklə salınmasını doğuran vəziyyəti də təsəvvürə gətirdim”.
Bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz “Facebook” statusunda yazıb. O, qeyd ebib ki, bizlər 70 il ərzində türk milli kimliyimizi ortaya qoymaq imkanından məhrum halda yaşamışıq, elə digər türk xalqları da eyni aqibətlə üzləşib. Onun qeyd etdiyinə görə, bu günün özündə də türk milli kimliyi məsələsində problemlər yox deyil. Ancaq millət vəkili hesab edir ki, Turan Qurultayı bütün mənfi stereotiplərə sözün yaxşı mənasında meydan oxumaq əzmindədir. 300 minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan ən müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir.
“Türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür. Sakit okean sahillərindən Avropanın mərkəzlərinədək. Bu arealda yaşayan türklərin qarşılıqlı əməkdaşlıq şəraitində yaşaması onların qloballaşan dünyaya inteqrasiyasını, heç şübhəsiz, sürətləndirir. İnteqrasiya prosesi istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları formalaşdırır və möhkəmləndirir. Nəzərə alaq ki, türk toplumları zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda yaşamalı olmuşlar. Hazırkı dövrdə də onlar ayrı-ayrı müstəqil dövlətlərin tərkibindədirlər. Lakin dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir. Turan Qurultayı ortaq türk dəyərlərinin nəhəng, bənzərsiz təbliğat plasdarmıdır.
Əksər türk xalqları İslam dininə etiqad edirlər. İslam dəyərlərinin praktik fəaliyyət müstəvisində tətbiqinin uğurlu modelini ortaya qoymuş türklərin simasında dinimiz bir çox xüsusiyyətləri ilə özünü göstərən fanatiklik və ehkamçılıq kimi yanlış yöndəki təqdimatlardan müəyyən qədər sığortalanıb, nümunəvi həyat tərzinin normasına çevrilib. Turan Qurultayı türklərin timsalında Avropa insanına onun ənənəvi baxışlarından fərqli, barış və sülh tərəfdarı olan İslamı aşılamaq əzmindədir.
Turan Qurultayı hər bir türk toplumunun öz həqiqətlərinin dünyaya bəyan etməsi baxımdan da mühüm meydandır. Bu mənada Azərbaycan üçün də gözəl şans var. Azərbaycan qurultayın ən böyük dəstəkçisi Macarıstan dövləti ilə bütün sahələrdə sıx əməkdaşlığa malikdir. Ölkəmiz müasir dövrdə türk dünyasının mühüm mərkəzlərindən biri kimi çıxış etməklə Macarıstanla münasibətlərdəki tərəfdaşlıq xəttini bir qədər də genişləndirmək imkanına malikdir.
Əli bəy Hüseynzadənin timsalında dünya türkçülüyü banisinin Vətəni olan Azərbaycan IV Turan Qurultayının mühüm hadisəsi idi. Bunu insanların reaksiyasından duymaq olurdu. Şəmistan Əlizamanlının “Tanrı türkə yar olsun” hayqırtısı hər kəsi riqqətə gətirmişdi. Bundan qürur duydum.
Bir sözlə Turan Qurultayı mənim üçün xoş təəssürat zənginliyi ilə yadda qaldı. Bu baxımdan qurultay iştirakçısı olan xalqların öz çadırlarını qurmalarını xüsusi vurğulaya bilərəm. Həmin çadırlarda xalqlar özlərinə aid eksponatlar, broşüralar və hədiyyələr yerləşdirmişdilər.
Güman edirəm ki, gələcəkdə Turan Qurultaylarında Azərbaycan çadırını da görə biləcəyik”-deyə, o, daha sonra yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.