Yasamal RİH sakinlərin üstünə buldozer sürdürür? - NARAZILIQ VAR...

15-08-2016, 22:47           
Yasamal RİH sakinlərin üstünə buldozer sürdürür? - NARAZILIQ VAR...
Avqustun 11-də Kavkaznews.az saytında ““Azəriqaz” İbrahim Mehdiyevin tabeliyinə keçib?” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər.

“Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri Kavkaznews.az-a Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib. Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir.

“Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərov Kavkaznews.az saytına bildirib. Kavkaznews.az saytının öyrəndiyinə görə, Şərifzadə 33-ün sakinləriylə “İnşaat və Konstruksiyalar” MMC adından danışıqları 22 saylı MİS-in rəisi Məmməd Hüseynov aparır. Biz MİS rəisi Məmməd Hüseynovdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır? “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov Kavkaznews.az-a cavab verib.

Avqustun 10-da Şərifzadə 33-ün sakinləri yenidən bizə müraciət edərək, binaya qazəchizatının dayandırıldığını bildirdilər. “Azəriqaz”ın Yasamal rayonu sahəsindən bizə bildirdilər ki, Şərifzadə 33-də qaz təchizatını dayandırmağı Yasamal RİH başçısı İbrahim Mehdiyev əmr edib.

Avqustun 13-də Şərifzadə 33-ün sakini Nüşabə Quliyeva Kavkaznews.az saytına müraciət etdi. “Avqustun 12-də Yasamal RİH-in əməkdaşları buldozer koməyi ilə bizim evimizi sökməyə çalışdılar. Onlara 22 saylı MİS-in rəisi Məmməd Hüseynov rəhbərlik edirdi. Biz evimizi sökməyə imkan vermədik”, – deyə N.Quliyeva bildirdi.

“Biz evimizə hücum edilməsi ilə bağlı iri KİV-lərə məlumat verdik, amma heç kim reaksiya vermədi”, – deyə başqa bir sakin Xatirə İsmayılova Kavkaznews.az saytına bildirdi. Doğrudanmı, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov insanlar yaşayan binanı buldozerlə dağıtmağa çalışıb?
Biz bu sualı M.Hüseynovun özünə verdik, lakin o, bizimlə danışmaq istəmədi. Şərifzadə 33-ün sakini Əzizağa Ələkbərov bildirdi ki, Yasamal RİH-in nümayəndələri hər vəchlə sakinləri mənzillərindən çıxarmağa çalışırlar.

“Buna görə də, binamızı qazdan məhrum ediblər. Və elə bu məqsədlə, MİS rəisi üstümüzə buldozerlə gəlib. Amma bu cəhdlər boşdur. Biz heç vaxt kirayə evlərə köçməyə razılaşmayacağıq”, – deyə Ə.Ələkbərov vurğuladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.