“Gilan” Holdinqdə skandal:Fəhlələr niyə tətilə çıxıb?
16-08-2016, 08:17
Azərbaycan Prezidenti Mühafizə Xidməti əməkdaşlarının komflyaj paltarlarının parçasını toxumaq Afrikanın ən acından ölən ölkələrindən Sudanın bir tekstil fabrikasına sifariş verilib.
Strateq.az-a bu məlumatı ötürən mənbənin bildirdiyinə görə, səbəb Azərbaycandakı tekstil fabrikalarının həmin işin öhdəsindən gələ bilməməsidir.
Maraqlıdır ki, post-sovet məkanının ən iri toxuculuq fabrikası ölkəmizdə yerləşir. Söhbət Sumqayıtda yerləşən “Gilan” Tekstil Parkından gedir. Mütəxəssislərin hesablarına görə, smeta dəyəri 100 milyon dollardan çox olan bu fabrika sırf bu cür parçaların istehsalı üçün nəzərdə tutulub və o, indiyə qədər Azərbaycanın bütün hərbi struktrurlarının geyim parçalarını istehsal edib. Elədirsə, Prezidentin Mühafizə Xidmətinə tələb olunan parçaların toxunması niyə öz yerli müəssisəmizə deyil, dünyanın ən kasıb ölkəsinin fabrikasına həvalə edilib?
İnformasiya mənbəmizin bildirdiyinə inansaq, bu, heç də Afrikadakı fabrikanın “Gilan” Tekstil Parkından daha müasir avadanlıqlarıyla bağlı deyil: “Əksinə, “Gilan” Tekstil Parkı, nəinki Afrikadakı, hətta Avropanın bir çox sinəsinə döyən fabrikaları ilə müqayisə edilməyəcək dərəcədə modern avadanlıqlarla təchiz olunub”- mənbə belə deyir.
Nə gözəl. Olmaya, müəssisənin sahibi olan iri oliqarxa siyasi iradənin etimadı azaldığından, bu məsuliyyətli iş ona həvalə edilməyib? Mənbənin sözlərinə görə, xeyr, məsələ bunda da deyil. Ölkənin bütün hərbi strukturlarının paltarlarını tikən Bakı Tikiş Fabriki ilk əvvəl bu sifarişi “Gilan”a vermək istəyib. Bunun üçün də fabrikadan nümunə tələb edib. İstədiyini ala bilməyincə, məcburən, Sudana üz tutmalı olub.
Mənbə onu da etiraf edir ki, indiyə qədər istər Prezident Mühafizə Xidmətinin, istərsə də digər hərbi strukturların bütün parçaları “Gilan”da toxunulurmuş və kifayət qədər də keyfiyyətli parça istehsal olunurmuş. Bəs, onda, bu il birdən-birə fabrikanın yağlı sifarişdən imtina etməsi nəylə bağlı ola bilər? Bəlkə, fabrikanın işi başından aşdığından və daha vacib sifarişləri yerinə yetirdiyindən, bu təkılifdən imtina etməli olub?
Aldığımız məlumatdan belə çıxır ki, məsələnin bu ehtimalla da əlaqəsi yoxdir. Belə ki, həmin fabrikada işlər, az qala, durmuş vəziyyətdədir: “Müəssisədə 200-ə yaxın ən müasir dəzgahlar var. Hazırda onlardan 8-i işləyir. O da arada-sırada. Digərlərində isə ümumiyyətlə iş dayandırılıb. İşsizlik hətta o həddə çatıb ki, müəssisə 1000 nəfərə qədər fəhlədən sadəcə 200-ə qədərini saxlayıb. Qalanları öz hesabına məzuniyyətə göndərilib. Bu məcburi məzuniyyətin nə zaman başa çatacağını isə bilən yoxdur”.
İnformasiya mənbəyinin bildirdiyinə görə, Azərbaycan rəsmilərinin Sudana üz tutmasının yeganə səbəbi var: fabrikada kadr yetərsizliyi. Təsəvvür edin ki, o boyda fabrikada komflyaj parçalarının nümunəsini çıxarıb Bakı Tikiş Fabrikinə göndərəcək kadr yoxdur. Ona görə də, həmin "yağlı" sifarişdən könüllü imtina edilib. İnformasiya mənbəyimiz bu ilə qədər bənzər problemlə qarşılaşmayan “Gilan Tekstil”in hazırda acınacaqlı vəziyyətə düşməsinə də aydınlıq gətirib. Sən demə, bütün məsələ “Gilan” Holdinqdə aparılan "islahatlarla" bağlı imiş: Belə ki, “bir il əvvəl holdinqin əvvəlki rəhbərliyi dəyişdirilib və onların işi qeyri-peşəkarlara tapşırılıb. Nəticədə 100 milyon dollarlıq fabrika acından ölən Sudandakı həmcinsinə rəqabətdə uduzub”.
Məlumata görə, müəssisədəki böhranlı vəziyyət hazırda işləyən fəhlələri də narahat edir. Xüsusilə maaşların azlığı müəssisədə etirazlara, fəhlə tətillərinə səbəb olur.
Mənbənin dediklərindən:
“Bir neçə ay əvvəl fabrikanın sexlərindən biri maaşların azlığı və müəssisədəki ədalətsiz idarəçilik və əməyin düzgün qiymətləndirilməməsinə görə tətil edib. Müəssisə rəhbərliyinin müxtəlif vədləriylə tətil dayandırılsa da, əldə olunan razılığın ömrü uzun çəkməyib. Qaldırılan problemlər öz həllini tapmadığından, etirazlar daha geniş vüsət alıb: bir neçə gün bundan əvvəl fabrikanın bütün işçiləri tətilə çıxıblar. Onlar sexlərin qapısını açmaqdan, dəzgahları işlətməkdən imtina ediblər. Bu dəfə də yağlı vədlər vəziyyəti qismən sakitləşdirib. Amma həll edilməyən problemlərin yaratdığı gərginlik fabrikada daha ciddi etiraz aksiyalarına yol aça bilər”.
Azərbaycanın ən səxavətli oliqarxı hesab olunan məlum şəxsə aid olan bu müəssisədə maaşlar və əməyin qiymətləndirilməsi həqiqətən də etiraz doğuracaq səviyyədədir. Məlumata görə, fabrikada ən ağır işlərdə çalışan fəhlələrin maaşı 200-350 manat arasında dəyişilir. Qışda isti, yayda kondisionerli kabinetlərdə əyləşib istehsalı və satışı artırmaq əvəzinə, zaman öldürən idarə rəhbərliyin əməkhaqqısı isə 2000 manatdan başlayır. Arada 10 dəfə fərqə baxmayaraq, maaşda qənaət lazım olanda yenə boğazından kəsilənlər fəhlələr olurlar. Onlar öz hesablarına vaxtaşırı məzuniyyətə göndərilir və beləcə, müəssisəyə verilən dotasiyaya qənaət edilir. Qeyri-peşəkarlıqlarından fabrikanı indiki ağır vəziyyətə salanlar isə əlləri cibində gəzə-gəzə qaz vurub, qazan doldururlar.
“Arşın malalan” filmində deyilən kimi çıxmasın, pulsuzluq ucbatından “Gilan Tekstil”in heç su təchizatında da bəxti gətirməyib. Bildirildiyinə görə, fəhlə tətillərindən bir gün sonra Sumqayıt su idarəsindən fabriki yoxlamağa gəliblər. Araşdırmalar nəticəsində müəssisənin qaçaq yolla su istifadə etdiyi üzə çıxarılıb. Su idarəsi də buna görə müəssisəyə, nə az nə çox, düz 600 min manat cərimə kəsib. Cərimədən 100 min manat ödənildikdən sonra fabrikanın su təchizatı bərpa olunub. Amma 500 min manat da bir müddətdən sonra ödənilmək şərtiylə…
Ölkəmizin qeyri-neft sektorununun inkişaf etdirməsi dövlət proqramına çevrildiyi bir zamanda ən böyük sənaye müəssisələrimizdən birinin bu hala düşməsi ürəkağrıdıcıdır.
P.S: "Gilan" Holdinqdə müəssisələri batıran kadr islahatlarıyla bağlı araşdırmalarımız davam edəcək.