Dollar krediti ilə bağlı daha bir müəmma - Ödənişi 1.67 ilə tələb edirlər
16-08-2016, 12:54
Azərbaycanda ötən il baş verən iki devalvasiyadan sonra dollar kreditlərinin ödənişi ilə bağlı məsələ tez-tez gündəmə gəlir.
Müştərilər kreditləri Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun qaytarsalar da, bəzi banklar ödənişi daxili qaydalara əsasən tələb edir. Həmin banklardan biri də "Bank VTB”dir. "Qafqazinfo”ya müraciət edən bank müştərisi bildirib ki, əvvəlki aylarda dollar kreditini Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq hər ay banka ödəyib: "Amma bu ay krediti 1.67 məzənnəsinə uyğun olaraq aldılar. 40 manata yaxın ziyana düşməklə krediti ödədim. Bankdan bildirdilər ki, daxili nizamnamə necədirsə, ona uyğun kredit tələb edirik”.
"Qafqazinfo” məsələ ilə əlaqədar bankın ictimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxlayıb. Bildirilib ki, dollar kreditlərinin ödənişi bankın hər gün müəyyən etdiyi məzənnə ilə ödənilir. Müştəri də həmin gün tabloda əks olunmuş kursa uyğun şəkildə kreditini ödəyib. Əgər müştəri bundan narazıdırsa, dollar ucuz satan başqa bankdan alıb ödənişi həyata keçirə bilər. Bank hər gün nağd və qeyri-nağd ödənişlərinin hansı kursla ödənilməsini müəyyənləşdirir. Bizim tərəfimizdən müştərinin hüquqları pozulmayıb”.
Qeyd edək ki, Mərkəzi Bankın avqustun 16-sı üçün USD/AZN rəsmi məzənnəsi 1,6124 səviyyəsində müəyyən olunub.