Kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu
14-06-2024, 07:54
Elə bil ölkədə problem az idi, biri də yarandı – kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu.
Keçən il Gömrük Komitəsi açıqlama yaydı: "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir. Komitədən açıqladılar ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Yəni, keçən ilin sentyabrında dedilər ki, saxta brend adlarla malları ölkəyə, güya, buraxmayacaqlar – amma buraxdılar, təbii ki, iş adamlarından əlavə pul almaqla bu işi gördülər, önların belənə əlavə ödəniş yüklədilər. Sonra bununla da iş bitmədi - əlaqədar dövlət-hökumət orqanları pərakənda satış mağazalarına reydlər təşkil etdilər, məsələn, "Armani”, "Gucci”, "Lacoste” və s. adlarla satışda olan məhsullara əl qoydular, sahibkarları cinayət məsuliyyəti ilə hədələyib yenə pul yığdılar.
Yaxşı, Bakıda, ölkədə bu mallar satılırsa, deməli bunu ölkəyə Gömrük Komitəsi buraxıb da, bu qədər mal gizli gələ bilməz – deməli Gömrük pul alıb buraxır, sonra başqa orqanlar gəlib tutur, onlar da bir daha iş adamlarını soyurlar. Belə də zülm olar?! Axı biz istehsalçı ölkə deyilik, heç ÜTT-nin də üzvü deyilik, niyə Fransa, İtaliya və s. ölkələrin şirkətlərinin maraqlarını müdafiə etməliyik ki?! Bizə qalıb bu?! Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ki? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata müsbət təsiri yoxdur.
Öna görə də düşünürəm ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır. Mən dünyada onlarla ölkədə olmuşam, dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyədə əlaqəli orqanlar bunu görmürlərmi? Görürlər! Az qazananlar üçün, kiçik sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm – istehsalımız yox, ÜTT-yə üzv deyilik, nə əl qatıblar özlərinə?! Deməli məqsəd korrupsiyadır.
Tutaq ki, Azərbaycanda "Channel" markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır, insanları ya rəsmi cərimələyir, ya da pul alıb buraxır. Bunun "Channel"-ə heç bir aidiyyatı yoxdur, bu şirkətdən bizə belə bir tələb də yoxdur. Bir sözlə, insanlara işləmək üçün şərait yaradılmalıdır. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, Sədərək, Binə və böyük ticarət mərkəzlərinin hamısı, ölkədə minlərkə kiçik dükanlar bağlanmalıdır, onminlərlə insan işsiz, bir parça çörəksiz qalmalıdır, olmaz belə. Bəyəm 20 manata “Channel” alan bilmirmi ki, bu əsl firma malı deyil – bilir, burada istehlakçıların aldadılması da yoxdur ki, onların hüquqlarının qorunmasını bəhanə etsinlər.
Nə isə, kiçik-orta sahiblarlağa qarşı hərtərəfli “səlib yürüşü” var, onlar sıradan çıxarılır, bu isə ölkədə əsl sabitliyə təhdiddir – bunu anlamırlar...
Natig Cəfərli
TEREF