Hüquqşunasdan cərimələrin artırılmasına etiraz

14-06-2024, 10:14           
Hüquqşunasdan cərimələrin artırılmasına etiraz
Ərşad Hüseynov bildirib ki, bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 ildən də az öncə bəzi cərimələr artırılmışdı.
"Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması heç yaxşı hal deyil". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib. O deyib ki, bu sahədə cərimələrin artırılmasının üstündən heç bir il müddət keçməyib.
"Yol hərəkəti sahəsində bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur. Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 ildən də az müddət əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil" - deyə ekspert bildirib.
Hüquqşunas onu da əlavə edib ki, əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır:
"Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil. Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var? Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var".
Qeyd edək ki, yol hərəkəti sahəsində cərimələrin kəskin artırılacağı xəbəri sosial platformada da narazılığa səbəb olub.
Məlumat üçün bildirək ki, xidməti parklanma yerlərində avtomobil saxlayanların 40 manat cərimələnməsi təklif olunur. Velosiped yoluna girənlər isə 100 manat cərimələnəcək. Nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə cərimələr artırılır. Layihəyə əsasən, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə ediləcək. Halbuki, hazırda bu cərimənin məbləği 10 manatdır.
Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər iyirmi manat məbləğində cərimə ediləcək. Avtobus yollarında digər nəqliyyat vasitələrinin hərəkətinə görə yüz manat məbləğində cərimə ediləcək. Bu xəta 2 balla qiymətləndiriləcək. Sürücülük hüququ olmadan avtomobil idarə edənlər üçün də cərimə artırılır. Layihəyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.