Samovarın tüstüsü vətəndaşın cibindən çıxır, içilən çay mədəyə "çatmır" - Rayonda "istirahət"...

14-06-2024, 09:26           
Samovarın tüstüsü vətəndaşın cibindən çıxır, içilən çay mədəyə "çatmır" - Rayonda "istirahət"...
İnsanlarımız çox aqressivləşib. Nədənsə hamıya elə gəlir ki, nə olursa olsun o haqlıdır, nə olursa olsun, onun istədiyi olmalıdır...
Bir neçə gün əvvəl turla Qubaya güya ki, istirahətə getmişdik. Yolda yaşadığımız problemləri digər yazılarımızda oxuya bilərsiniz. Bu dəfə isə, istirahətə gələnlərin davranışlarından danışacağıq. Qubada istirahət mərkəzlərinin birində piknik etməyə qərar verdik. Tur rəhbərimiz bizi ora apardı. Yəqin ki, öncədən sözləşiblər ki, "sizə "soymağa" qrup gətirəcəyəm".

İçəri daxil olandan sonra yer götürəndə qiymət deyilmir. Oturub, yemək-içmək prosesinə başlayanda məkanın əməkdaşı yaxınlaşır ki, bəs qiymət adambaşına "x" manatdır. Bu qiyməti eşidib, ayağa qalxmaq üçün isə gec olur. Çünki artıq yemək-içməyini hazırlamısan və yenidən onları qablara qablaşdırıb, ayağa qalxmaq, avtobusa minib yer axtarmağa hər adamın həvəsi olmur axı...

Nə isə, "məcbur" oturduğumuz məkanda bizdən 19 nəfər üçün 57 manat yer haqqı aldılar. Məkan məsləhətlidirmi? Xeyr! Sözün əsl mənasında, özbaşnalıqdır. Zövqə uyğun olmayan mahnıları səsgücləndirici vasitəsi ilə ətrafa yayırlar. Bir səs-küy olur ki, ağız deyəni qulaq eşitmir. Bu məkanın da tualetləri problemlidir. Suyu tez-tez kəsilir, əl yumaq üçün su axtarmaqdan yorulduq.

İndi gəlin, insanların istirahət mədəniyyətindən danışaq. Bəzi “analar” sanki elə düşünür ki, dünyaya uşaq gətirib ortalığa səpələməklə vəzifələri bitib. Uşaqlarını başsız buraxan analar sonradan onların haqlarını qorumaq üçün özlərini ortaya atırlar. Yenicə oturmuşduq ki, atılan top uşaqlardan birinin bahalı qulaqlığını yer saldı. Biz də uşağa dedik ki, bir qədər diqqətli olsun, kiminsə əşyasına zərər vermək olmaz. Bir müddət sonra bir qadın gəlib, uşağının istirahət hüququnu pozduğumuzu dilə gətirdi. Sanki bizim hüququmuz pozulmamış kimi...

Samovar çayı istədik, ona da 25 manat "oxudular". Dedik ki, "Allahınız olsun, yer üçün 57 manat istəyirsiniz, heç olmasa samovarı ucuz verin". Qısamüddətli insaf düyməsini sıxıb 20 manata razı oldular. Günümüzü bərbad edən sürücümüzü qarğıya-qarğıya, “görəsən Bakıya sağ gedib çatacağıqmı” deyə düşünürdük ki, iki qadının qışqırıq səsini eşitdik. Yer üstündə dava idi. Səs-küy götürmüşdü aləmi. Etiraf edim ki, bu günə qədər leksikonuma daxil ola bilməyən sözləri burada eşitdim. Və başa düşdüm ki, birinci tanımadığın və araşdırmadığn turla heç yerə getməyəcəksən. İkincisi də girdiyiniz yerdə öncə qiymət soruşmalısınız. Əks halda, sonradan deyilən qiymət sizə "od" vuracaq.

Bir də turla harasa gedərəmmi? Əsla! Siz də getməyin. Bəzi tur şirkətləri vətəndaşları aldadır. Getməmişdən əvvəl bütün ödənişlərin rəsmi şəkildə həyata keçirilməsini tələb edin ki, sabah başınıza nəsə gəlsə, yaxalarından yapışmağa əsasınız olsun.

İradə Cəlil, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.