Məmləkətdə ciddi böhran izləri var, iqtisadiyyat geriləyir, fundamental problemlər artır... EKSPERT

18-06-2024, 09:14           
Məmləkətdə ciddi böhran izləri var, iqtisadiyyat geriləyir, fundamental problemlər artır... EKSPERT
Hörmətli hökumət üzvləri, dövlətin bu ilin ilk 5 ayı ilə bağlı rəsmi rəqəmləri açıq göstərir ki, məmləkətdə ciddi böhran izləri var, iqtisadiyyat geriləyir, fundamental problemlər artır. Belə getsə yaxın 2-3 ildə məmləkətdə dərin problemlər yaşancaq, bu gün qabaqlayıcı addımlar atılmasa, sabah gec olacaq.
2024-cü ilin yanvar-may dövründə (ilk 5 ayda) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 18 milyard 439 milyon 272 min ABŞ dolları təşkil edib (2023-cü ilin eyni dövründə 22 milyard 953 milyon 74 min ABŞ dolları idi). ilk 5 ayda Azərbaycanın ixracı 11 milyard 138 milyon 581 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 16 milyard 114 milyon 333 min ABŞ dolları), idxalı 7 milyard 300 milyon 691 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 6 milyard 838 milyon 741 min ABŞ dolları) təşkil edib. Beləliklə, Azərbaycanın ixracı azalıb, idxalı artıb, nəticədə xarici ticarətin müsbət saldosu 2023-cü ilin ilk beş ayında 9 milyard 275 milyon 591 min dollar ikən, 2024-cü ilin ilk 5 ayında 3 milyard 837 milyon 890 min dollara düşüb (3 dəfəya yaxın azalıb).
İxracda 90% yenə neft-neft məhsulları və təbii qazdır, neftin hasilatı kəskin azalıb, qiyməti 80-85 dollar civarındadı, qaz qiymətləri də düşüb. Başqa heç nə istehsal edib sata bilmirik deyə, neft-qaz hasilatı/qiyməti düşən kimi ölkəyə valyuta daxil olması azalır. İdxal isə artıb, 500 mln. dollara yaxın artıb, amma həcm olaraq azalıb, qiyməti yüksəlib deyə dəyər ifadəsində artım var. Bu o deməkdir ki, daxili istehsalımız necə yox dərəcəsində idisə, elə də qalıb, qiymətlər artıb, insanların ərzağa/dərmana xərcləri yüksəlib.
Yəni, İqtisadiyyat Nazirliyi, digər hökumət qurumları qulağa xoş bəyanatlar verməklə işlərin düz getdiyi görüntüsü yaradırlar – vəziyyət isə gərgindir, iqtisadiyyat artmır, vətəndaşın vergi-inflyasiya yükü isə yüksəlir.
Dünyada avtomobil bazarı əhalinin alıcılıq qabiliyyətini, iqtisadi dayanıqlığını göstərən əsas indikatorlardan biridir – bu sahədə də ciddi azalma var. 2024-cü ilin ilk 5 ayında (yanvar-may) Azərbaycana 648 milyon 458 min dollar dəyərində 35 min 570 ədəd nəqliyyat vasitəsi idxal olunub. 2023-cü ilin ilk 5 ayında Azərbaycana 611 milyon 968 min dollar dəyərində 40 min 264 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İdxal olunmuş minik avtomobillərinin sayı ötən ilin ilk 5 ayında 37 min 394 ədəd ikən, 2024-cü ilin ilk 5 ayında 31 min 954 ədəd təşkil edib (5 min 440 ədəd azalıb). Bu sahədə də qiymətlər artıb, satış/sifariş azalıb.
Yerli istehsal adı altında İqtisadi komandanın bizə sırıdığı sahələrdə də problemlər var – bizdə “vintaçanla” avtomobil “istehsal” olunur, yəni, yığılır. 2024-сü ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycanda 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az (12,2% az) minik avtomobili istehsal olunub, yəni “vintaçanla” yığılıb və bu maşınların 276 ədədi anbarlarda qalıb.
Hökumət aqrar sahəni prioritet elan edib, amma ilk 5 ay ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktorların istehsalı 11,3% azalaraq 290 ədəd təşkil edib.
Üzrlü sayın, yazıda rəqəmlər çox oldu, yəqin yordum sizi, amma indi oxuyub-anlayıb nəticə çıxararaq yorulaq ki, sabah üzərimizə çökəcək böhranın altında qalmayaq...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru