Azərbaycanda banklar birləşir
3-06-2015, 13:30
İqtisadçı-ekspert , İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov Hafta.az-a müsahibəsində bankların sonrakı durumu barəsində danışıb.
Müsahibəni təqdim edirik:
- Bankların birləşdirilməsi məsələsi müzakirə edilir. Bu hansı banklara şamil ediləcək?
- Konkret bankların adlarının qeyd edilməsi, onlara olan inam baxımından doğru olmaz. Ancaq bizim qiymətləndirməmizə görə, hazırkı mərhələdə altı bankın birləşdirilməsinə ehtiyac var. Çünki altı bank öz funksiyasını tam olaraq yerinə yetirmir. Bu isə o deməkdir ki, həmin banklarda depozitlərin və kreditlərin olmasına baxmayaraq, bunların birləşdirilməsi vacibdir. Onlardan iki bankın fəaliyyəti praktiki olaraq dayandırılıb. Lakin digər dörd bankın birləşdirilməsi daha vacibdir. Bizim qiymətləndirməmiz göstərir ki, birinci mərhələdə altı bankın digər banklarla birləşdirilməsinin həyata keçirilməsi vacibdir. Bu isə təbii ki, ölkədə bank sayının azalmasına səbəb olacaq. Ancaq rəqabətin gücləndirilməsi üçün sonrakı mərhələdə də digər bankların birləşdirilməsinə ehtiyac var.
- Birləşdirmənin müştərilərə təsiri necə olacaq?
- Əslində birləşdirmə pozitiv haldır. Kredit götürənlər bu prosesdən ehtiyatlanmamalıdır. Çünki praktik olaraq birləşdirmə zamanı depozitlər digər banklara keçir. Müqaviləyə uyğun olaraq bütün proseslər olduğu kimi davam etdirilir. Ancaq bankların birləşdirilməsi, onlara olan inamın artması və öhdəliklərin yerinə yetirilməsi baxımından vacibdir. Bu isə imkan verir ki, banklar öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsinlər.
- Ölkədə fəaliyyət göstərən xarici bankların ləğv edilməsi gözlənilirmi?
- Əslində Azərbaycanda xarici bankların sayı azdır. Bunlar daha çox Türkiyə və Rusiyanı təmsil edirlər. Ləğv edilmə arzu olunan deyil. Çünki xarici bankların da birləşdirilməsi, onların Azərbaycanda olan səhmlərinin satılmasından söhbət gedir. Güman etmirəm ki, xarici bankların ləğv edilməsi gündəmə gələcək.
- Xarici bankların sayı az olsa da, onlara vətəndaşlar arasında inam daha çoxdur. Bunun səbəbi nədir?
- Xarici banklar daha çox oturuşub. Bütün bunlar imkan verir ki, həmin banklara inam yüksək olsun. Yerli banklara inamın nisbətən aşağı olması 1990-cı illərin əvvəllərində bank sektorunda müşahidə edilən müflisləşmənin hələ də tam olaraq unudulmamasıdır. Eyni zamanda, bəzi hallarda yerli bankların öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı müəyyən çətinliklərinin olmasıdır. Ümumiyyətlə, yerli bankların bir qismində hələlik bankçılıq mədəniyyəti və ənənəsi tam olaraq formalaşmayıb. Bütün bunların inkişafı üçün zaman lazımdır. Yuxarıda qeyd etdiyimiz birləşdirilmə baş tutacağı təqdirdə yerli banklara inam artacaq.