Xarici ticarət dövriyyəsində idxalın payı ixraca lap yaxınlaşıb
Bu gün, 09:34

İqtisadiyyatla bağlı problemlər o qədər ciddiləşib ki, hansına toxunsan, başqa çatışmazlıq da boylanır. İlin ilk iki ayında xarici ticarət dövriyyəsi 8,9 milyard dollar olmuşdu. Sonrakı üç ayda göstəricinin isə 12,3 milyard dollar olduğunu görürük. Yəni orta hesabla azalma qeydə alınıb. Bu haqda yazmağa başlayanda idxalın ixraca lap yaxınlaşdığı diqqət çəkir.
Bizimyol.info zamanla bu məsələdən geniş bəhs edib. Hələ fevralda idxalın keçən ilin eyni dövrü ilə müqayisədə 69 faiz artdığı, ixracın isə azaldığı məlum olmuşdu. Onda proqnozumuz beləydi ki, tezliklə idxalın payı bir az da artacaq. Necə yazmışdıqsa, elə də olub.
2025-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 269 milyon dollar təşkil edib. Bunun 50,8 faizi ixracın, 49,2 faizi isə idxalın payına düşür. İlin ilk iki ayından sonra idxalın payı cəmi 46 faiz idi. Onda bərabərləşmədən, bunun heç də ürəkaçan tendensiya olmamasında danışmağa başlamışdıq. İndiki mənzərə isə tezliklə idxalın ixracı keçəcəyindən xəbər verir.
Azərbaycan həmişə çayı, meyvə-tərəvəzi ilə öyünüb. İdxal statistikasında bu məhsulların necə böyük yer tutmasını görəndə iqtisadiyyatın gələcəyinə olan inam da itir. Hadisələr yaxşılığa doğru inkişaf etmir. Qeyri-neft məhsullarının ixracı da sürətlə azalırsa, deməli, indiyə qədər yerimizdə saymaqla kifayətlənməyib, geriyə daha inamlı, həm də böyük addımlar atmışıq.