İlham Əliyev oliqarxların kütləvi həbsinə razılıq verib
26-06-2015, 11:59
Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayır. Gələn həftədən Beynəlxalq Bankın kreditini mənimsəmiş çox sayda iş adamı həbs ediləcək. Bu barədə istiqlal.az-a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
Mənbə bildirir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Bankdakı mənimsəmələrlə bağlı ilkin araşdırma başa çatıb. Artıq həbs ediləcək şəxslərin siyahısı hazırdır və birinci Avropa Oyunlarından dərhal sonra həbslər başlayacaq.
Yada salaq ki, sonuncu dəfə ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-in prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub. Onun barəsində ötən həftənin cümə günü Nərmianov Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İş adamına Cinayət Məcəlləsinin 178.2-ci (iri məbləğlərdə dələduzluq) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Mənbə bildirir ki, bu dalğada əsas oyunçular həbs ediləcək: Bankın 3,5 milyard dollara yaxın krediti cəmi 30 hüquqi şəxs arasında bölüşdürülüb. Onlar sıradan bir adam yox, iri çaplı məmurların qohum-əqrabasıdır. Arasında çox tanınmış və məşhur simalar və soyadlar da var. Siyasi rəhbərliyin iradəsinə uyğun olaraq onların həbsi planlaşdırılır. Prezident İlham Əliyev kimliyindən asılı olmayaraq krediti mənimsəyənləri cəzalandırmağı tapşırıb.