Şəhid ailəsi mənzil ümidi ilə yaşayır
3-07-2015, 18:22
İlin sonuna qədər şəhid ailələri və əlillərə 1000-ə yaxın mənzil veriləcək. Bu barədə əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümov bir neçə gün öncə məlumat verib. Nazir digər bölgələrdə tikilən mənzillərin sayını da açıqlayıb və ilin sonunadək bütün evlərin sahiblərinə veriləcəyini deyib.
Hazırda respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində hündürmərtəbəli binalarda mənzillər alınaraq bu qrupa daxil olan insanlara veriləcək. Nazir bildirib ki, İmişli və Beyləqan şəhərlərində 2 ədəd 54 mənzilli binalar, Şamaxı şəhərində isə 4 mərtəbəli 36 mənzilli bina tikilir. Bundan əlavə ailələr üçün Bakının Nizami rayonunda 96 mənzilli 12 mərtəbəli binanın da tikintisi davam etdirilir. Bu mənzillər ilin sonuna kimi şəhid ailələri və müharibə əllillərinə veriləcək. Nazirin bu açıqlaması mənzil növbəsinə dayanan şəhid ailələri və əlillərin sevincinə səbəb oldu. Lakin bəzi şəhid ailələri nazirin mənzillə bağlı xəbərini şadlıqla qarşılaya bilməyiblər. Belə ki, yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri mənzil növbəsinə dayanan şəhid ailələrinin bu arzusunu gözündə qoyub. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarında vətənə bir neçə şəhid vermiş İmişli rayon sakini Babaşova Adilə Novruz qızının şikayət yazıları dərc olunmuşdu. Xanım şikayətçi İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri, mənzil komissiyasının katibi Rahim Zaidovun özbaşına əməllərinə etiraz etmişdi: "1986-cı ildə bir qayınım məlum Çernobıl qəzasının qurbanı olub. Daha sonra dövlətimiz müstəqillik qazandı. Bu da xalqımıza elə belə başa gəlmədi. Bunun üçün nə qədər insan öz canından keçməli oldu. Həmin insanlardan bir neçəsi də bizim ailənin üzvləri idi. Belə ki, 1991-ci ildə elan olunmamış Qarabağ müharibəsi başlayanda həyat yoldaşımla qayınatam hər ikisi eyni gündə qəhrəmancasına şəhid oldular. Vətən sağ olsun. Onların ardınca 1992-93-cü illərdə iki qardaşım könüllü olaraq döyüşlərə atıldı. Onlardan biri şəhid oldu, digəri isə sağlamlığını itirdi. Hazırda 1-ci qrup Qarabağ əlilidir. Daha sonra yenə iki yaxın qohumum könüllü şəkildə müharibəyə yollandı. Onlar da Vətən yolunda canlarından keçdilər. Ailədə yeganə sağlam olan ikinci oğlum idi ki, o da 2004-cü ildə hərbi xidmət zamanı öz sağlamlığını itirərək hərbi əlil dərəcəsi alıb. Gördüyünüz kimi, ailəmiz çox ağır faciələr yaşayıb. İmişli Rayon Təhsil Şöbəsinin yerləşdiyi binada məskunlaşmışıq. Başçının sərəncamı ilə icra hakimiyyətində mənzil növbəsinə dayanmışıq". Dünən redaksiyamızla əlaqə saxlayan Adilə Babaşova İmişli İcra Hakimiyyətinin şöbə müdiri Rahim Zaidovdan növbəti dəfə şikayətini dilə gətirdi: "Mənzil şəraitimizin ağır vəziyyətdə olması haqda sizə ətraflı məlumat vermişdim. Üzləşdiyim haqsızlıqla bağlı şikayət etmədiyim orqan qalmayıb. Əsas şikayətim sözsüz ki, şöbə müdiri Rahim müəllimdəndir. O mənə qarşı ədalətsiz münasibət sərgiləyir. Dövlətimizin başçısı sağ olsun ki, ailə durumumuzu nəzərə alıb bizə mənzil verdi. Həmin evdə hazırda oğlum yaşayır. Digər oğlum isə hərbi xidmət zamanı əlil olub. Lazım olan bütün sənədləri yığıb onu İmişli İcra Hakimiyyətində mənzil növbəsinə yazdırmışam. Amma şöbə müdiri oğlumun adını çıxarıb öz oğlunun adını siyahıya yazmışdı. Qəzetdə dərc olunan məqalələrdən sonra şöbə müdiri oğlumun adını yenidən siyahıya əlavə etdi. Bir neçə gün əvvəl Rahim Zaidovla əlaqə saxladım və ilin sonunda tikilib başa çatmaqda olan binadan oğluma mənzilin verilib-verilməyəcəyini soruşdum. Məmur mənə xoşagəlməz cavab verdi və söylədi ki, hələ sən gözlə. Dedim nəyi gözləyim, qayıtdı ki, keçən dəfəki kimi corabında nəysə gətirsən bəlkə sənə mənzil verə bilərik. Yəni mənzilə görə məndən "şirinlik" istədi. Açıq desəm, ona verməyə pulum yoxdur. Ailə başçımı itirmişəm, heç yerdən qazancım yoxdur, hardan pul tapıb şöbə müdirinə verim? Digər tərəfdən, şəhid ailələri və əlillər üçün nəzərdə tutulan mənzillərin tikintisi dövlət büdcəsi hesabına aparılır. Bəs niyə məndən pul istəyirlər?". Şikayətçi deyir ki, bir neçə dəfə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qəbulunda olub: "Başçı həmişə məni normal qəbul edib və problemlərimi dinləyib. Hətta neçə dəfə Rahim Zaidova tapşırıb ki, bu xanımın nə problemi, dərdi olsa kömək göstərin. Şöbə müdiri başçının yanında olanda başqa cür danışır, amma çölə çıxanda bir başqa. Bu ilin sonunda rayonumuzda şəhid ailələri və əlillər üçün tikilən binanın mənzilləri paylanacaq. Hələlik kimlərə mənzil veriləcəyi dəqiq məlum deyil. Qəzet vasitəsilə yuxarı instansiyalara, icra başçısı Vilyam müəllimə müraciət edib kömək istəyirəm. Xahiş edirəm ki, oğluma da ev versinlər. Oğlum nə vaxta qədər kirayədə yaşamalıdır? İnanıram ki, rayon rəhbərliyi xahişimi nəzərə alıb ilin sonunda bizim ailəni də sevindirəcək". Şikayəti araşdırmaq məqsədilə R.Zaidovla əlaqə saxladıq. O bildirdi ki, Adilə Babaşovanın oğlu icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülüb və yaxın gələcəkdə evlə təmin ediləcək.Gündəlik Bakı