“Rusiyaya qarşı istifadə olunan meteoroloji silahlar Azərbaycana da təsir göstərir” - Şok İDDİA

8-07-2015, 11:29           
“Rusiyaya qarşı istifadə olunan meteoroloji silahlar Azərbaycana da təsir göstərir” - Şok İDDİA
Son illərin müşahidələri Bakı və Abşeron yarımadasına yağıntıların həddindən az düşdüyünü deməyə əsas verir. Bunun səbəbi nədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Modern.az-a son illər iyul-avqust aylarında yağıntıların həddindən artıq azaldığını təsdiq edib və səbəblərini açıqlayıb:

“Bakı və Abşeron yarımadasına il ərzində ən az yağıntı düşən aylar iyul və avqustdur. Ayrı-ayrı illərə nəzər salsaq, məsələn, 2014-cü ilin iyul-avqust aylarında Bakı və Abşeron yarımadasına yağıntı düşüb, amma miqdarı digər ərazilərlə müqayisədə çox cüzidir. Həmin ilin iyul ayında Bakıya düşən yağıntının miqdarı normanın 50 faizini, avqust ayında isə normanın 11 faizini təşkil edib”.

Baş hidroloq yağıntıların az düşməsini əsasən sinoptik şəraitlə əlaqələndirib:

“Hazırda bölgələrdən fərqli olaraq Bakı və Abşeron yarımadasına yağıntı düşmür. Sinoptik şərait-temperaturun çox yüksək olması, yağış buludlarının ölkə ərazisinə daxil ola bilməməsi, temperaturun yuxarı, buludluluğun yüksək olmaması yağıntının yağmaması üçün zəmin yaradır. Ayrı-ayrı günlərdə qısamüddətli də olsa yağışların yağması istisna deyil. Amma bu yağıntı o qədər az olur ki, ümumi nəticəyə təsir etmir”.
Yay aylarında yağıntı normalarına gəlincə, Asif Verdiyev Bakı və Abşeron yarımadasında iyul ayı üzrə yağıntı normasının 2,4 mm, avqust ayı üzrə 6,1 mm olduğunu qeyd edib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov saytımıza açıqlamasında Azərbaycana, o cümlədən qonşu dövlətlərə yağıntının az düşmə səbəbini 2015-ci ilin yanvar ayında Sakit okeanda yaranan “EL-Ninyo” cərəyanı ilə əlaqələndirib:

“Bu cərəyan hər il yaranırdı. Amma bu dəfə çox güclü olub. Bu gediş göstərir ki, 7 il dalbadal müəyyən ərazilər yağıntılı, digərləri isə quraq olacaq.

Bu isti cərəyan dünyanın müxtəlif ərazilərinə təsir edib. Bəzi hissələrə quraqlıq, digər hissələrə həddindən artıq yağıntı gətirib. Rusiyanın əksər hissəsi aprel, mart, may aylarında yağıntılı keçdi. İndinin özündə də yağıntılar davam edir. Bu yağıntılardan sonra isə temperatur 40-50 dərəcəyədək yüksəlir. Qonşu dövlət olduğundan baş verənlər bizə də təsir edir.

İndi buludlar ölkəmizə gəlmək üzrədir, yağış gözləyirik. Amma nəzərə almaq lazımdır ki, bu yağışlardan sonra güclü istilər başlayacaq. Arxasınca yanğınlar müşahidə olunacaq. Düzdür, yanğınlar özbaşına baş vermir. Bir çox hallarda insanlar qəsdən törədir”.

Telman Zeynalov deyib ki, son illərdə buludların dağıdılması və yağıntıların qarşısının alınması üçün meteoroloji silahlardan istifadə olunur: “Bunun əsas məqsədi Rusiyanı diz üstdə çökdürməkdir. Rusiyanın kənd təsərrüfatına ciddi ziyan dəyir. Qışda dəhşətli soyuqlar, yayda da həddindən artıq istilər yaradırlar. 45-50 dərəcə soyuq, yaxud istidə insanlar işə çıxa bilmir. Dünən Rusiyada bir sıra alimlərin iştirakı ilə dəyirmi masa keçirilib. Orada da etiraf etdilər ki, bu məsələlərdə Rusiyaya qarşı meteoroloji silahlardan istifadə olunur. Qonşu dövlət olduğumuzdan bizə də təsir göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.