Qlobal borc rekordu: 315 trilyon dollara çatdı
9-05-2024, 00:10
Bu ilin birinci rübündə qlobal borclar 315 trilyon dollara çatıb və rekord qırıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatında qeyd olunub.
Hesabata görə, cari ilin birinci rübündə qlobal borcun məbləği 1,3 trilyon dollar artaraq 315 trilyon dollara çatıb. Bu dövrdə rekord qıran qlobal borcun məbləği ötən ilin eyni dövründə 307 trilyon dollar olaraq hesablanıb.
Qeyd olunub ki, ardıcıl olaraq qlobal borcun artması əsasən inkişaf etməkdə olan bazarların hesabına baş verib. Sözügedən dövrdə inkişaf etməkdə olan ölkələrdə borcun böyük hissəsi Çin, Hindistan və Meksikada cəmləşib.
İnkişaf etmiş iqtisadiyyatlarda borc məbləğinin ümumi artımı ilk növbədə ABŞ və Yaponiyada, daha sonra İrlandiya və Kanadada cəmləşmişib. Borc məbləğində ən ciddi azalmalar İsveçrə və Almaniyada müşahidə olunub.
İlin birinci rübündə inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 209,7 trilyon dollar olaraq hesablandığı halda, inkişaf etməkdə olan bazarların borcu 105,4 trilyon dollar olaraq qeydə alınıb.
Qlobal borcların bölgüsünə nəzər salsaq, cari ilin birinci rübündə ev təsərrüfatlarının borcları 59,1 trilyon dollara, qeyri-maliyyə şirkətlərinin borcları 94,1 trilyon dollara, dövlət borcları 91,4 trilyon dollara yüksəlib. banklar kimi maliyyə şirkətlərinin borcları 70 trilyon dollara yüksəlib.