40 illik şəkilin tarixi ilə-FOTOLAR

22-09-2017, 01:12           

Daha bir itki yaşadıq bu günlərdə. 1012-nin itkisini. Bu mövzuda yazmaq mənə çox çətindir. Sıralarımızı don vurur artıq, azalırıq yavaş-yavaş. Zöhrab və Mehriban Alməmmədovlardan sonra Ədibəni də itirdik. Qrupumuzun qəribə xasiyyətli, ağıllı Ədibəsini. Xəbəri sentyabrın 11-də Sevinc verdi. Sarsıldım, kövrəldim gərginləşdim. Onsuz da əsəblərim qaydasında deyildi, nevrozdan əziyyət çəkdiyim bir məqamda çox sarsıldım yenidən. Axı niyə? Niyə başladı yarpaq tökümü qrupumuzun?

Ədibənin ölüm xəbərini dərhal müntəzəm zəngləşdiyim Afaqa və Mirşahinə dedim. Afaqın, unutmuşammış, həmin gün-sentyabrın 11-də ad günü imiş. Bu xəbəri deməyimlə elə bil burnundan tökdüm ad günü şənliyini, xəbəri yox idi. Afaq da pis oldu gecə vaxtı, Mirşahin də . "Allah rəhmət eləsin, yas haradadır? Nə vaxt?" deyə soruşdu 1012-nin Mirşahini. Üç gün sonra Faizədən xəbər gəldi: "Ədibədən xəbərin varmı?" Var, dedim. “VAR, Ədibəni də itirdiyimizi bilirəm” -dedim Faizəyə. Çox təəssüf ki, səhhətim imkan vermədi uşaqlarla Ədibənin yas mərasiminə - Sumqayıt şəhərinə gedə bilmədim.

Göyçayın Cəyirli kəndindən olan Ədibə Abdullayevanın yaxşı qələmi, özünəməxsus stili vardı. Müxtəlif KİV-lərdə yazılarla çıxış edən Ədibə Abdullayeva haqsızlığa qarşı barışmaz, dəyişməz idi. Qızı Vəfa deyir ki, "haqqı pozulan kim vardı,anamın yanına gələrdi. Suyu kəsilən, liftləri işləməyən, zibilləri daşınmayan, təqaüdünü ala bilməyən kim vardısa, anamın yanına qaçardı. Anam da öz xəstəliyini bir yana qoyub onlara köməklik edərdi.Özü isə heç kimə demədən xəstəliyini çox ağartmadı, içində çəkdi, 2 il yarım idi ki, xəstə idi. Və sentyabrın 9-dan 10-a keçən gecə dünyasını dəyişdi anam". Bu sözləri Ədibənin qızı Vəfa deyir. "Səbrlə, dözümlə keçən yara deyil, inanın" - deyir gözüyaşlı Vəfa. Bilirəm Vəfa, ağırdı,çox ağırdı,... Mənə də ağırdı, qrup yoldaşım barədə keçmiş zamanda yazmaq... Axı nə gördü ki, həyatda Ədibə? 26 yaşlı oğlu Rövşənin toyunu görməmiş həyatdan köçdü Ədibə. Ağır deyil bəs ?

Ədibə ilə bağlı indi yazı hazırlayarkən bir şəkil məni xüsusi mütəəssir etdi. Düz 40 il əvvəl bu gün çəkilən şəkil....Mən, Ehsan Zahidov və Ədibə Abdullayeva. Təsadüfə bax,40 il əvvəl bu gün şəkil çəkdirdiyim tələbə yoldaşım barədə də bu gün-eyni tarixdə xatirələrimi yazıram. Ədibə ilə universiteti bitirdikdən sonra cəmi 2 dəfə - qrup qızları ilə görüşəndə və Sumqayıtda Gülzamanın qızının toyunda görüşmüşəm. Toydan əvvəl Ədibəgilə də getmişdim. Heyf o günlərdən, Ədibə, heyf, jurnalistika fakültəsində oxuduğumuz o gözəl günlərdən. Səməd Vurğun bağında xalq artisti Əlağa Ağayevə rast gələrkən “Salam,Əlağa əmi"deməyindən, heyf. Heyf ona görə ki, bir də olan deyil, təkrarlanan deyil. Bir də qayıdan deyil...

Bu il jurnalistika fakültəsini bitirməyimizin 30 ili tamam oldu. Heç yığışa bildik ki... Amma itirə bilirik... Artıq 3 nəfər 1012-ci yoxdur həyatda... Zöhrab, Mehriban və Ədibə. Siyahının artmasını istəməzdim, uşaqlar! Gəlin,qoruyaq bir-birimizi. İtirəndən sonra axtarmayaq bir-birimizi... Onda əlimiz heç hara çatmır axı.

Ədibənin ailə üzvlərinə - həyat yoldaşı Ariz bəyə, oğlu Rövşənə, qızı Vəfaya, Göyçayda yaşayan bacı-qardaşlarına, bir sözlə, bütün doğmalarına səbr diləyirəm. Son qəminiz olsun. Məni üzrlü sayın, bir qədər gec yazdım, amma ürəkdən yazdım. Ruhun şad olsun, Ədibə, ruhunuz şad olsun, Mehriban,Zöhrab. Mənə"Ayka", "Aytəşka" deməyinizi xatırlayaraq kövrəlirəm və ruhunuz şad olsun, deyirəm bir daha.

Hörmətlə: Jurnalistika fakültəsində oxuduğumuz 5 ili unutmayan 1012-ci Aytəkin Alxaslı.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.