“Azərbaycanda heç zaman kürd problemi olmayıb” - AÇIQLAMA
28-09-2017, 14:09

Sentyabrın 25-də Şimalı İraq Kürd Muxtariyyətinin keçirdiyi qanunsuz referendum dünya boyunca gündəmdədir. Bir sıra ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edən separatçı kürdlərin yaşadıqları ölkələrdə nəzarətə götürülmələri ilə bağlı tələblər səslənir. Doğrudur, bunun düzgün olmadığı barədə fikirlər də az deyil.
Çünki müstəqil dövlət olmaq bütün kürdlərin istəyi deyil. Elə dövlətlər var ki, orada yaşayan kürdlər dövlətçiliyə sadiq qalır, yerli əhali ilə qaynayıb-qarışıblar. Azərbaycanda da yaşayan kürdlər var. İndiyə qədər onların dövlətimiz əleyhinə hər hansı bir fəaliyyətlərinin şahidi olmamışıq. Amma bununla belə, Azərbaycan dövlətinin onları referendumdan sonra nəzarətə götürməsinin vacibliyi barədə fikirlərə rast gəlirik. Buna səbəb isə Laçın Rayon İcra Hakimiyyətinin hüquqşünasının tutduğu vəzifəyə rəğmən kürd separatçılarını açıq şəkildə dəstəkləməsidir.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bütün kürdlərin nəzarətə götürülməsini doğru saymır: “Azərbaycanda kürdlərin sayı azdır. Çoxluq deyillər ki, sıx yaşadıqları yer də olsun. Əvvəllər Laçında 7, Kəlbəcərdə 3, Qubadlıda 2 kürd kəndi mövcud idi. Sonradan həmin yerlər işğal olunduğu üçün ölkənin müxtəlif yerlərinə səpələndilər. Ümumiyyətlə, Azərbaycanda kürd problemi olmayıb. ”Kürdüstan" məsələsindən sonra onları nəzarətə götürmək lazım deyil. Onları nəzarətə götürmək qanunsuzluq olar. O şəxsi nəzarətə götürməlidirlər ki, Azərbaycan dövlətinin maraqlarının, konstitusiyasının əleyhinə fəaliyyət göstərsin. O şəxs fərdi şəkildə nəzarətə götürülə bilər. Əgər buradan kimsə “Kürdüstan” dövlətini təbliğ edib, kürdləri ora köçürməyə çağırırsa, burada da bir qəbahət yoxdur. Azərbaycanda o şəxs nəzarətə götürülməlidir ki, dövlətimizin qanunlarının əleyhinə getsin. Əgər kürd separatçılığı yoxdursa, nəzarətə götürülmənin nə anlamı var ki. “Kürdüstan” dövlətinə ölkəmizin maraqları əleyhinə mənəvi və maddi tərəfdən işlər görülürsə, bu şəxslər nəzarətə götürülə bilər. Şəxsən tanıdığım kürdlər var. Heç ağıllarına gəlmir ki, “Kürdüstan” dövləti var, yaxud yaranıb. Azərbaycanda fərdi şəkildə bəzi şəxslər var ki, bütövlükdə mənəvi iqlimi pozmaq üçün burada müəyyən işlər görüblər. Bu fəaliyyət nədən ibarət olub? Burada Abdulla Öcalanın şəkillərini, təqvimini yayırdılar. Yadınızdadırsa, atası milli qəhrəman olan şəxs var idi ki, kürd bayrağı altında şəkillər çəkdirib yaymışdı. Belə şəxslər müəyyən mənada nəzarətə götürülə bilərlər. Amma bütövlükdə birində kürd sevgisi varsa, “Kürdüstan” dövlətinin yaranmasını istəyirsə, qəbahət deyil. Vaxtilə İsrail dövləti yarananda dünyanın bir çox yerindən, o cümlədən SSRİ-dən nə qədər adam ora getdi. Bir faktı demək yerinə düşər. Xatırlayırsınızsa, Öcalanın məhkəməsində o dedi ki, bizim Azərbaycanda güclü dayaqlarımız var. Bu fikirlər buradan adamları aparıb PKK-ya qoşmaq mənasını daşımırdı. Sadəcə, onların burada maliyyə dayaqları var idi. Ola bilər ki, həmin şəxslərin hansısa formada “Kürdüstan”a dəstəkləri olsun. Orada da Azərbaycan qanunları pozulmursa, yenə də qəbahət yoxdur. O şəxsləri nəzarətə götürməliyik ki, Azərbaycanın bütün maraqlarına zərər gətirə bilərlər. Bir kürd ki, Azərbaycan vətəndaşıdır, amma kürdlərin dövlət qurmalarına sevinir, qoy sevinsin. Burada heç bir problem yoxdur".
Təhlükəsizlik eksperti Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin kürd referendumunu dəstəkləməsinə də toxundu: “Bu adam açıq şəkildə deyir ki, mən kürdəm, ”Kürdüstan" dövlətinin qurulmasına sevinirəm. Bunların hamısı normaldır. Amma onun xüsusi təbliğatı ölkəmizdə mənəvi iqlimin pozulması deməkdir. Qardaş Türkiyənin ərazi bütövlüyünə təhlükə yarandığını hamımız bilirik. Separatçılar Türkiyə daxilində və sərhədlərində fəaliyyət göstərirlər. Bu mənada araşdırmaq olar ki, belə təbliğatlar sonu nəyə aparır. Amma nəzarətə götürmək olmaz. Füzuli Tanrıverdiyev burada konkret ərazi göstərib desəydi ki, burada da kürd muxtariyyəti yaratmaq istəyirik, hətta işğal altında olan Laçın, Kəlbəcər, Qubadlı kimi yerləri göstərsəydi belə, o, mütləq nəzarətə götürülməli, önləyici tədbirlər görülməli idi. O şəxs səhv etmirəmsə, hakim partiyanın üzvüdür, onun səhvi siyasidir, yəni milli səhvi yoxdur. Kürd milliyyətinin nümayəndəsi kimi heç bir səhvi yoxdur. Sadəcə, düşünməli idi ki, Azərbaycan vətəndaşıdır, partiya mənsubiyyəti var, atdığı addımların siyasi, dövlətçilik üçün zərəri var". \\musavat.com\\