Soyuq havalar dövlət qurumlarını hazırlıqsız yaxaladı
29-09-2017, 09:38

İşıqlar söndü, yolları su basdı; dövlət qurumları isə qışa hazırlığın normal olduğu qənaətindədirlər
Hava şəraitinin qəfil və kəskin dəyişməsi təkcə bölgələrdə deyil, paytaxtda da əhaliyə ciddi problemlər yaradıb. Bəzi ərazilərdə kanalizasiya sisteminin normal olmaması səbəbindən evlərin həyətinə su yığılıb. Bir çox ünvanlarda isə təbii qazın verilməsində problemlər yaşanıb. Havaların soyuq keçməsi məktəb və uşaq bağçalarında istilik sisteminin nə vaxt işə salınacağı məsələsini də gündəmə gətirib.
Bir sözlə, bu il dövlət qurumları soyuq hava şəraitinə qəfil və belə görünür ki, hazlırlıqsız yaxalanıblar. Bəs görəsən, bu qurumlar payız-qış mövsümünə hazırdırlarmı? Əvvəlki illərdə yaşanan problemlər təkrar oluna bilərmi?
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qazın təzyiqinin normadan aşağı olması barədə şikayətlərə belə cavab verdi: “”Azəriqaz" daxil olan zənglər əsasında müraciətləri qəbul edir və elektron qaydada müvafiq rayonlardakı əməkdaşlara yönləndirilir. Əməkdaşlarımız yerindəcə baxış keçirib təzyiqin bərpası və tənzimləmə işləri aparırlar. Hazırda qazın təzyiqinin düşməsi ilə bağlı kütləvi hal qeydə alınmayıb. 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatını təmin edilməsi məqsədilə qaz təsərrüfatında xeyli işlər görülüb. Yeni qaz xətləri çəkilib, köhnə xətlər təmir olunub. Təmir olunmuş qaz xətləri dayaqlar üzərinə qaldırılıb. Qaz xətləri üzərindəki tənzimləyici qurğular, siyirtmələr yenisi ilə əvəz olunub. Görülən bu işlər hazırda da davam etdirilir".
İ.Kərbalayev dedi ki, son gülər hava şəraiti ilə əlaqədar təbii qaza tələbat artdığından qazın həcmini artırıblar: “Problem yaşayan vətəndaşlar ”Azəriqaz" İB-nin 104 və 185 saylı çağrı mərkəzinə zəng edə bilər. Bu mərkəz 24 saatlıq rejimdə fəaliyyət göstərir".
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də son vaxtlar görülən işlər sayəsində, hava şəraitinin dəyişməsi ilə əlaqədar yaşana biləcək qəza riskinin minimuma endirildiyini bildirdi: “Son günlər havanın kəskin dəyişməsi, soyuqlaşması və güclü küləyin müşahidə olunmasına, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağmasına baxmayaraq enerji təchizatında heç bir ciddi problem yaşanmır. Bunun səbəbi isə son illər ”Azərişıq" tərəfindən aparılan yenidənqurma işləridir. Bütün bölgələrdə yeni elektrik yarımstansiyaları tikilib, transformatorlar quraşdırılıb, ağac dayaqlar yeni dəmir dayaqlarla əvəzlənib, hava elektrik xətlərinin naqilləri təzələnib ki, onlar küləkli havaya daha dözümlüdürlər. Nəticədə əvvəllər baş verən qəzalar tam olaraq sıfıra enib. Belə kəskin havalarda iş rejimi gücləndirilir, əməkdaşlarımızın sayı artırılır. Qəza baş verən ərazidə operativ iş aparılır".
“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev bildirdi ki, istilik mövsümü qanunvericiliklə 5 ay nəzərdə tutulur: “Bakı şəhərində noyabr ayının 15-dən aprel ayının 15-nə kimi davam edir. Dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub. Məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələrinə gəlincə, bu məsələ onlarla ”Azəristilik" arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Müqavilədə də istilik sistemi 5 ay göstərilir. Hər hansı təşkilat, məktəb və ya uşaq bağçası, istilik mövsümündən 1 ay da artıq istifadə etmək istəyərsə, bizə müraciət etməlidir. Əlavə xidmət olunan 1 ayın ödənişinə zəmanət verdiyi halda müraciətinə baxıla bilər. Bunun üçün heç bir problem yoxdur. Bizim qazanxanalarımız artıq qış mövsümünə hazır vəziyyətə gətirilib və hazırda son tamamlama işləri gedir".
R.Əliyev vurğuladı ki, vətəndaşlarla bu bir qədər fərqli tənzimlənir: “Normativ hüquqi aktlarda göstərilir, orta sutkalıq temperatur 5 gün ərzində 6 dərəcədən aşağı olduğu halda istilik mövsümünə vaxtından qabaq başlanıla bilər. Və ya havalar isti keçdiyi halda aprel ayında istilik mövsümü bir qədər tez sona çatdırıla bilər. İndi isə havalar soyuq keçir, çox güman ki, bu məsələyə baxılacaq. Əvvəlki illərdə də belə təcrübə olub. Havalar kəskin soyuqlaşanda biz internat məktəbləri, uşaqlar evləri, doğum evləri və xəstəxanalara istilik təchizatını vaxtından əvvəl verdik. Bu il də artıq indidən istilik mövsümünə hazırıq. Zərurət yarandıqda və ya müraciət olduqda istilik verilməsinə başlaya bilərik”.
Bəs məktəblərə istiliyin vaxtından əvvəl verilməsi üçün Təhsil Nazirliyi adıçəkilən quruma müraciət edəcəkmi?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, əgər kəskin soyuqlaşma baş verərsə, buna gedəcəklər: “Bu hava şəraiti mütəmadi davam edərsə, müvafiq ərazinin təhsil şöbələri tərəfindən məktəblərdə istilik sisteminin işə düşməsi üçün vaxtından əvvəl müraciət edilə bilər. Lakin hələ ki elə bir zərurət yaranmayıb”.
Qeyri-sabit hava şəraitinin gətirdiyi problemlərdən biri də yağıntı zamanı yağış sularının yollarda yığılıb qalması və yaranan gölməçələrin nəqliyyatın hərəkətinə mane olmasıdır. Bununla bağlı “Yeni Müsavat”a danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yarana biləcək fəsadlara qarşı önləyici tədbirlərin görüldüyünü bildirdi: “Adətən bizdə tədbirlər planı öncədən hazırlanır. Biz oktyabr ayının 1-dən etibarən payız-qış mövsümünə hazırlıqla bağlı işlərə başlayırıq. Bu dəfə mövsüm bir qədər tez başladı. Ona görə də öncədən tədbirlər görməyə başladıq. Düzdür, təbiət hadisələrinin qarşısını almaq mümkün deyil, onun fəsadlarından da heç kim tam olaraq sığortalanmayıb. Biz maksimum dərəcədə fəsadların az olmasına çalışırıq. Ona görə də yol elementlərinə adi olan bütün qurğuların təmiri, bərpası, su ötürücülərinin, dəmir-beton boruların giriş və çıxışlarının təmizlənməsi, problem varsa, onların təmiri, yağış sularının yoldan kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqlarının təmizlənməsi həyata keçirilir. Çalışırıq ki, yağış yağarkən gölməçələr yaranmasın, yaranarsa tez zamanda aradan qaldırılsın. Lakin hələ ki nə respublika yollarında, nə də Bakı şəhərində belə bir hal müşahidə olunmayıb”.
Magistral yollarda vəziyyət normal olsa da, son iki günlük yağıntı qəsəbədaxili yollarda gölməçələrin yaranmasına səbəb oldu. Belə vəziyyət Binəqədi rayonu , Rəsulzadə qəsəbəsində də müşahidə olunub və bu qəsəbənin fotoları sosial şəbəkələrdə paylaşılıb. Yağış sularının axıdılması üçün kanalizasiya sistemlərinin işlək vəziyyətə gətirildiyini deyən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Binəqədi rayonundakı durumun kanalizasiya sistemlərinin olmaması səbəbindən baş verdiyini dilə gətirdi: “Həmin ərazidə heç bir infrastruktur, yağış şəbəkəsi və sair yoxdur, orada həmişə eyni vəziyyət müşahidə olunur. Bu ilin əvvəlində Nazirlər Kabinetinin bir qərarı oldu. Orada subasma ehtimalı olan 13 ərazidə işlərin görülməsi ilə bağlı ”Azərsu"ya tapşırıq verildi. Bunlar Binəqədi şosesi, Taşağıl və Böyükşor gölü idi, Ziya Bünyadov prospekti ilə “Dərnəgül” yolunun kəsişdiyi ərazi idi, Yasamal rayonu Əhməd Cəmil küçəsi, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi, Xətai rayonu Kazımağa Kərimov , Məhəmmədi yolu və Ramanada Südçülük kolxozu ərazisi, bir də Sabunçu Vağzalı idi. Bu 13 ərazidə kollektorların tikintisinə başladıq, artıq həmin işlər yekunlaşıb. Digər ərazilərdə də yaxın 1 ayda işlər yekunlaşacaq. Subasma hallarının daha çox müşahidə olunduğu ərazilərdə artıq bu halların qarşısını ala biləcəyik. Bizdə həmçinin mütəmadi olaraq kanalizasiya borularına, su barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu işlər payız aylarında da daha sürətlə aparılır".