Kredit qaytarmayanlar həbs olunacaq
31-07-2015, 15:50
Ölkədə problemli kreditlərin məbləği fantastik dərəcədə yüksəlib. 2015-ci il may ayının 1-nə qədər manat kreditinin həcmi 12 milyard manat, problemli manat kreditlərinin həcmi 855,9 milyon manat təşkil edib. Beləliklə, problemli kreditlərdə manat kreditlərinin payı 61 faizə çatıb. Problemli kreditlərin qaytarılması istiqamətində Mərkəzi Bank tərəfindən müəyyən işlər aparılır. Lakin insanlar banklardan götürdükləri kreditləri qaytarmaqda o qədər də həvəsli görünmürlər.
Hətta bir çoxları Avropa Oyunlarından sonra kreditlərin silinəcəyi ilə bağlı yayılan şayiələrə inanıb götürdükləri pulu qaytarmaqdan belə imtina edirdilər. Problemli kreditlərin çoxalması isə bankların fəaliyyətinə təsir edir. Nəticədə onların bir çoxu bağlanmaq təhlükəsi ilə üzləşir. Məsələ ondadır ki, krediti qaytarmamağa görə insanların konkrek olaraq cəzalandırılması nəzərdə tutulmur. Görünür elə buna görədir ki, insanlar krediti qaytarmırlar.
Kreditlərin qaytarılmamasının pik həddə çatması qanunvericilikdə ciddi dəyişikliklərə səbəb olacaq.
Modern.az saytının məlumatına görə, qanunvericiliyə ediləcək dəyişikliyə görə, kredit götürüb qaytarmayanları cıddı cərimə, həbs gözləyir. Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, problemli kreditlərlə bağlı banklar özləri ciddi məşğul olmalıdır.
“Onsuz da kreditlər vaxtında qaytarılmayanda şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Son vaxtlar problemli kreditlərin qaytarılması ilə bağlı Mərkəzi Bank tərəfindən müəyyən işlər görülür. Ümumiyyətlə, bank sistemində müəyyən islahatlar görülür və davam etdirilməsinə ehtiyac var. Eyni zamanda problemi kreditlər hər zaman olub, amma bununla banklar özləri ciddi məşğul olmalıdır. Kredit götürən şəxs fikirləşməlidir ki bu krediti qaytara biləcəm ya yox, o müqaviləni diqqətlə oxumalı, nəzər salmalıdır”.
V.Əhmədovun sözlərinə görə, problemli kreditlərə nəzər yetirmək lazımdır ki, bunlar hansı zamanda yığılıb qalıb və bu kreditlərin müddəti nə qədərdir. “Yəni onun sturkturuna baxıb müəyyən qərarlar vermək lazımdır. Amma ümumi götürdükdə hər fiziki şəxs başa düşməlidir ki, götürdüyü krediti qaytarmaq laızmdır. Banklar haqqında qanunda, o cümlədən Mülkü və Cinayət məcəllərində kreditlərin qaytarılmaması halları öz əksini tapıb. Yəni istənilən halda buna qarşı mübarizə aparmaq üçün bütün səlahiyyətli orqanların imkanları var. Amma kimsə qanunları pozub, vaxtında krediti qaytrmırsa, o zaman kredit alan şəxs barədə kredit təşkilatları, banklar vaxtında qərarlar verməlidirlər. Problemli kreditlərin yaranma səbəbi bankların vaxtında qərar verməmələridir. Çünki kreditlərin verilməsində şapka məsələsi və s. olur ki, bütün bunlar hamısı faktdır və ona görə də onlar hamısı məsuliyyət daşıyır”.