Mehriban Əliyeva Pakistanda yetim uşaqlara qurban kəsdirib - FOTOLAR
21-09-2015, 15:37
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Pakistan Sweet Homes” kimsəsizlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Strateq.az-a verilən xəbərə görə, tədbirlərdə “Pakistan Sweet Homes”-un direktoru Zamurad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Sülh və Diplomatik Tədqiqatlar İnstitutu” düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak edib.
Azərbaycan-Pakistan arasında dostluq münasibətlərindən danışan Gənclər Forumunun prezidenti M. Asif Nur humanitar və xeyriyyəçilik layihələrinin də bu münasibətlərin təcəssümü olduğunu bildirib:
“Mehriban Əliyeva Pakistanın imkansız insanlarına qarşı həmişə xeyirxah davranıb və xoşbəxtliyi onların arasında yaymağa davam edir. Mehriban xanım kimi Pakistanda xeyriyyəçilik işləri görən şəxsiyyətlər tapmaq çətindir”.
“Pakistan Sweet Homes”-un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını, onlara sahib çıxmağın zəruriliyini vurğulayıb. Heydər Əliyev Fondunun xeyriyyəçilik layihələrinin Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.
Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov Fondun Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb. Səfir, həmçinin, 24-25 sentyabr tarixlərində İslamabad, Abbotabad və Kəraçı şəhərlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə iribuynuzlu qurbanlıqların kəsilərək kimsəsizlər evinin sakinlərinə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanılacağını bildirib.
Sonda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.