Rəhmətlik Bəxtiyar Vahabzadənin İskəndər Həmidova məktubu - Həqiqi və ya saxta olduğunu siz bilərsiniz.
1-05-2015, 12:01
Bu məktubun həqiqi və ya saxta olduğunu siz müəyyən edin hörmətli oxucu. Mən isə sadəcə rəhmətlik Bəxtiyar müəllimi 47 il tanıyan, (oğlu Azər ilə 132 saylı məktəbdə bir sinifdə oxumuşuq.) adam kimi onu deyə bilərəm ki, Bəxtiyar müəllimə xas olmayan yazıdır və o, "zəng calsın" və "zəng etsin" sölərinin yerini bilirdi.Eləcədə İskəndər Həmidovda belə leksikona malik deyil. Qalanı isə sizlikdir, bu məktubun həqiqi və ya saxta olduğuna siz qərar verin.
Mən şəxsən bunu saxta sayıram və rəhmətlik Bəxtiyar müəllimin ruhuna hörmətsizlik kimi qəbul edirəm!
Bunun nə müxalifətə nə də iqtidara heç bir dəxli yoxdur!
P.S. Böyük türk kişisi olan Bəxtiyar Vahabzadınin ruhu ilə belə al ver etmək isə ən azından ayıbdır!
teref.az
Azərbaycan müxalifətinin illərdir uğur qazana bilməməsinə çoxsaylı səbəblər göstərilib. Əksəriyyət, elə düşərgə təmsilçilərinin özləri də mövcud rejimin rəqibləriylə olduqca sərt davrandığı, siyasi oyun qaydalarına əməl etmədiyi arqumenti üzərində dursalar da, gerçəklik budur ki, xalqın özünü “müxalifət lideri” kimi təqdim edənlərə inamının itməsi bütün bu uğursuzluqların tək, yeganə səbəbidir. Xalqın inamı olsa, şübhəsiz ki, bütün səddlər anında aşılar və heç bir rejim də kütləvi xalq etirazları qarşısında uzunmüddətli duruş gətirə bilməz.
Xalqın inamını isə liderlər keçdiyi yolla - öz əməlləriylə qazanarlar.
Tale belə gətirib ki, bu gün mövcud hakimiyyəti əvəzləmək istəyən “müxalifət elitası”nın təmsilçilərinin əksəriyyətini xalq, necə deyərlər, “dişinə vurub”, sınaqdan çıxarıb. Xalq görüb ki, filankəs vəzifədə olanda özünü necə aparıb, necə davranıb, indi necə aparır və nə istəyir, ona yenidən şans verməyə, onun arxasınca getməyə dəyər, ya dəyməz...
Azərbaycan xalqının böyük oğlu, tanınmış şair, gözəl ziyalı, mərhum Bəxtiyar Vahabzadənin aşağıda sizlərə təqdim etdiyimiz bu məktubu 1992-ci ilin 16 mayından 1993-cü ilin 16 aprelinədək Azərbaycanın Daxili İşlər naziri olmuş İskəndər Həmidova yazılıb. Strateq.az-ın əldə etdiyi və xalq şairi Bəxtiyar Vahabzadənin öz xəttiylə yazıldığı bu məktub nəticə çıxarmaq və müqayisə aparmaq, o dövrün idarəçilik prinsiplərinə bələd olmaq üçün çox yaxşı bir mənbədir. Buyurun, Bəxtiyar Vahabzadənin 1992-ci ildə İskəndər Həmidova yazdığı həmin məktubla tanış olun:
“Daxili işlər naziri cənab H.İskəndər bəyə Açıq Məktub
Hörmətli nazir, səmimiyyətinizə, mərdliyinizə, ən ümdəsi də gördüyünüz böyük işlərə görə mənim sizə dərin hörmətim var. Amma mənim zənglərimə qarşı biganəliyinizi heç cür başa düşmürəm.
İki aydan artıqdır ki, mən sizinlə telefonla da olsa, danışma “şərəfinə” nail ola bilmədim! Bəzən bir gündə 2-3 dəfə zəng çalır, hər dəfə də “nazir yoxdur” cavabını alıram. Yəni doğrudanmı bu 2 ayda siz bir dəfə də işə çıxmamısınız? Onu da deyim ki, hər dəfə köməkçilərinizə adımı nişan vermiş, “Yoxdur” cavabını alandan sonra, “Xahiş edirəm, nazirinizə deyin, mən onu görmək istəyirəm”- deyir və telefon nömrəmi də xatırladıram. Bir dəfə çox çətinliklə özümü Sizin qəbul otağınıza salmış, qəbul olunmaq xahişi ilə Sizə məktub yazmış, köməkçinizə vermişəm.
Bütün bu ciddi-cəhdlərə baxmayaraq, Sizdən səs çıxmadı. Amma bir neçə gün əvvəl köməkçiniz insafa gəlib “Nazir burdadır” dedi. Bizi calaşdırmasını xahiş etdim. 2 dəqiqədən sonra buyurdu ki, “Nazir deyir ki, 5 dəqiqəyə çıxacaq, başqa vaxt zəng çalsın”.
Cənab Nazir, köməkçinizin mənə çatdırdığı bu sözü Siz özünüz deyə bilməzdinizmi? Yoxsa bu, Sizə əskiklik gətirərdi? Ömrünün Sizin yaşınız qədərini Sovet rejiminə qarşı mübarizəyə həsr etmiş ağsaqqal şairlə 2 kəlmə danışsaydınız, xəncərinizin qaşı düşərdi?! Bəs, hanı Sizin yüksək kürsülərdən dediyiniz “kökə qayıtmaq”, “dədə-baba ənənəsinə hörmət” şüarlarınız? Onu da yaxşı bilirsiniz ki, mən bu sistemə qarşı üsyan səsimi ucaldanda, hələ Siz məktəblərdə əlifba öyrənirdiniz.
Onu da deyim ki, mən şəxsi dərdim, yaxud arzum üçün Sizə müraciət etməmişdim, xalqın mühüm bir arzusunu Sizə çatdırmaq istəyirdim.
İndi biz nə edək ki, Siz bəylərdə olan 3 və 4 rəqəmli birbaşa - xüsusi telefonlar bizim kimi rəiyyətdə yoxdur. Biz “Allahlarla” cəbrayılların vasitəsilə əlaqə saxlamalı oluruq. Beləliklə, keçmiş Kommunist rəhbərlərə nələri irad tuturduqsa, indi Siz on qat artığını edirsiniz. Təkcə Siz belə olsaydınız, mən bu barədə susardım.
Dünyanın heç bir ölkəsində vəzifəlilər üçün xüsusi telefonlar yoxdur. Bu, Sizə də kommunist rejimindən miras qalıb. Bəs bunları niyə ləğv etmir, xalqla əlqəni bərpa etmirsiniz? Görünür, inqilabların hamısı ədalət arzusundan deyil, yuxarıda oturanlara həsəddən doğurmuş.
Mən son bir neçə ayda Siz bəylərdən gördüyüm sayqısızlığı və hörmətsizliyi ömrüm boyu bəyənmədiyim və mübarizə apardığım kommunist bəylərindən görməmişdim. Onlar ölkənin tanınmış adamlarından çəkinir, bizə heç olmasa zahiri hörmətlə yanaşırdılar. Sizdə isə belə şeylər yoxdur.
Bütün bunlardan sonra öz-özümə düşünürəm: ömrünü və 40 illik yaradıcılığını kommunist diktaturasına qarşı mübarizəyə həsr etmiş, son illərdə isə indi iqtidarda olanlarla çiyin-çiyinə vermiş, Xalq Cəbhəsinin ağsaqqalı olmuş, ölkənin tanınmış adamına əgər bugünkü bəylər bu hörmətsizliyi edirlərsə, gör, onda bu millət nə çəkir?
Hörmətli bəy, mən bu məktubu ona görə yazmamışam ki, Siz insafa gəlib məni qəbul edəsiniz. Yox, artıq o fikirdən daşındım. Mən bu məktubu məni susmaqda günahkar bilən Xalq üçün yazdım ki, Xalq bilsin: artıq mən də acizəm. Mən sözümü sillə kimi kommunist rəhbərlərinin üzünə vura bilirdim. İndi bu imkanım yoxdur
Siz bu açıq məktubu tənəzzül edib oxusanız və mənə zəng eləmək fikrinə düşsəniz, xahiş edirəm, bu fikirdən daşınasınız. Çünki bizim evdən də Sizə “yoxdur” cavabını verə bilərlər. Mən isə sizin pərt olmağınızı istəmirəm.
Pərt olmaq bizə yaraşır, siz bəylərə yox.
Bəxtiyar Vahabzadə”
Strateq.az