Mir Cəlal Paşayevin filminə nədən qadağa qoyuldu?

5-05-2015, 11:52           
Mir Cəlal Paşayevin filminə nədən qadağa qoyuldu?
Görkəmli yazıçı və ədəbiyyatşünas kimi tanıdığımız Mir Cəlal Paşayevin kino sahəsində də özünü sınaması barədə çox az məlumat var. Hafta.az bu mövzuda maraqlı faktlar əldə edib.


1941-ci ilin payızında faşistləriin artıq Moskvaya yaxınlaşdığı günlərdə “Mosfilm” kinostudiyasını Qazaxıstanın o vaxtkı paytaxtı Alma-ataya köçürmək göstərişi verilir. Ancaq kinostudiya rəhbərliyi nədənsə Bakıya gəlməyə qərar verir. Paytaxtımızda “Bakı kinostudiyası”nın direktoru və bədii rəhbəri təyin edilən məşhur sovet kinorejissoru Qriqori Aleksandrov 1942-ci ildə öz həyat yoldaşı, Stalinin sevimlisi, SSRİ xalq artisti Lyubov Orlova ilə birgə müharibə mövzusunda yeni film çəkilişinə başlayır. “Bir ailə” adlı kinofilmin əsas ssenari müəliflərindən biri də məhz Mir Cəlal Paşayev olur. Filmdə duz-çörəkli Bakıdan, onun hər şeylərini faşizm üzərində qələbə üçün qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilir. Filmin ssenarisi müharibədə olan azərbaycanlı tankçı Nacarın bir günlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qızına olan məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə görkəmli aktyor Xosrov Məlikov ifa edir. Bundan başqa filmdə məşhur Azərbaycan aktrisaları Mərziyyə Davudova, Hökumə Qurbanova, aktyorlar Mirzə Babayev, Kazım Ziya, Ələkbər Məlikov və b. çəkilirlər. Kino əsərinin musiqiləri isə dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev tərəfindən bəstələnir. Əlisəttar Atakişiyev, Əsgər İsmayılov kimi azərbaycanlı operatorların, Mirzə Rəfiyev kimi rəssamların da daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlir. Gecə-gündüz çadırlarda qalıb, bir qarın ac, bir qarın tox qalan onlarlarla insanın zəhməti sonda puç olur. “Bir ailə”nin taleyi nədənsə qara gəlir. 16 oktyabr 1993-cü ildə Moskvada Kino evində filmin premyerası baş tutsa da, sovet senzurası kino əsərinin prokata buraxılmasına icazə vermir. Maraqlıdır ki, daim Moskvanın himayəsi və qayğısı altında olan məşhur rejissor və aktrisa ər-arvad(Q.Aleksandrov və L.Orlova) öz yaradıcılıqlarında birinci dəfə belə halla rastlaşırlar. Bütün əziyyətləri müqabilində Moskvanın filmə qadağa qoymasından məyusluq keçirən L.Orlova sonradan öz xatirələrində Bakı haqqında xoş sözlər deyirdi:”Filmin çəkilişində biz əldən düşənədək çalışırdıq, ancaq əvəzində bu şəhərin isti qayğısını hiss edirdik...” Mir Cəlal Paşayev özü isə xatırlayırdı ki, biz Lyubov Orlova və Qriqori Aleksandrovla saatlarla filmin detallarını müzakirə edirdik. O vaxtkı maliyyə və texniki imkanlar çərçivəsində digər müharibə mövzulu filmlərdən heç də geri qalmayan bu filmə nədən qadağa qoyulması yaradıcı qrupa tam aydın olmasa da, ömürlərinin sonunadək susmağa məcbur olurlar.

Qara Qarayevin bəstəkar, Mirzə Babayevin aktyor-müğənni kimi ilk kino işi olan “Bir ailə” yalnız 1990-cı illərdə telekanallardan birində nümayiş etdrilir. Və nəhayət, illər sonra sovet arxivlərindən tapılan sənəddə filmə qadağa qoyulması barədə belə yazıldığı məlum olur: ”Bir ailə” kinofilmində Böyük Vətən müharibəsi və həmin müharibədə Kommunist Partiyasının rolu kifayət qədər əks olunmayıb”... Səbəb aydındır: Mir Cəlal Paşayev öz ssenarisində göstərirdi ki, müharibənin bütün yükü sadə xalqın üzərinə düşür. O, öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukrayın, belorus, latış və s. millətlərin nümayəndələriylə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Amma ssenaridə partiya fəallarının mənəviyyat moizələrinə, nitqlərinə yer verilməmişdi... Məsələnin kökündə həm də Azərbaycana qarşı müstəmləkəçi və qısqanc baxış da dayanırdı. Elə Bakıya Qəhrəman şəhər adı verilməməsinin də səbəbi bu idi...

Qeyd edək ki, bu günlərdə Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar “Bir ailə filmi” nümayiş etdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.