"Samir gəlib evimdə mənə yalvardı" - Kamran Həsənli
11-03-2016, 21:03
Müğənni Samir Piriyevin aparıcı Kamran Həsənlidən poisə şikayəti əsasında açılan cinayət işi üzrə araşdırma davam edir. Müğənninin vəkili Ruslan Əhmədoğlu Kamran Həsənli ilə bağlı yeni ittihamlar irəli sürüb. Dediyinə görə, K.Həsənlinin onlarda səsyazıları var. Həmin səsyazılarında Kamran onlara evini satıb pulunu ödəyəcəyini deyib, amma sonradan bunu eləməyib. Bu məsələdə aparıcının Türkiyədə yaşayan bacısı Gülər Həsənlinin də adı hallanıb.
Publika.az-a müsahibəsində Kamran Həsənli onunla bağlı səslənən ittihamlara cavab verib:
- Vəkili Ruslan Əhmədoğlu iddia edir ki, evinizi satıb Samirin pulunu qaytaracağınızı demisiniz və həmin səs yazısı da qarşı tərəfin əlindədir…
- "Evimi satıb pulunu qaytaracam" deməmişəm. Demişəm ki, şirkət satışa çıxarılıb, satılsın, hər ikimizin pulu qaytarılsın. Amma Samir gəlib evimdə mənə yalvardı, dedi ki, vəziyyətim pisdir, həyat yoldaşımdan ayrılmışam, aliment verə bilmirəm. Mən də ona kömək məqsədi ilə dedim ki, eybi yoxdur, mən düzəldib sənə verərəm, şirkət satılandan sonra qaytararsan. İndi bu söhbəti başqa cür qələmə verir. Bu məsələdə itirən təkcə Samir deyil. Samir 80 min dollar itiribsə, mən 300 min avro itirmişəm. Onun yerinə olsaydım, sevindiyimdən papağımı göyə atıb bayram edərdim.
- Şirkətin yaxın zamanlarda satılma ehtimalı varmı?
- “BEYPET” çox məşhur şirkətdir, 12 milyon qiyməti var. Bilmirəm nə vaxt satılacaq, hər halda, gözləməyə məcburuq. Bu dəqiqə dünyanın məşhur şirkətləri müflisləşib, bu şirkət də onlardan biridir. Biznes belədir ki, kimi qazanır, kimi batırır.
- Bacınız Gülərin adı niyə hallanır?
- Bacımı bu məsələyə qatmasınlar. Gülər Türkiyədə yaşayır. Anam xəstə olanda göndərmişdim ki, ona qulluq etsin. Təbii ki, bacım olduğu üçün səhmdarı olduğum şirkətin varlığından xəbəri var. Samir Türkiyəyə gedəndə bir dəfə onlarda qonaq olub və sonra da şirkətə gedib. Heç bilmirəm, niyə bacımı bu işə qarışdırırlar.
- Samir pulunu niyə şirkət rəhbərindən yox, sizdən tələb edir?
- Bilmirəm. Şirkət rəhbəri özü də sənəd imzalayıb göndərib. Sənəddə Samirə 80 min dollar, mənə 300 min avro borclu olduqları göstərilib. O da qeyd olunub ki, şirkət satışa çıxarılıb, satılandan sonra borclar qaytarılacaq. Bunu Samir özü də bilir. Anlamıram niyə bunu bilə-bilə mətbuatda məni ittiham edir?
- Niyə onunla danışıb bunu özündən soruşmursunuz?
- O, məni polisə verməzdən qabaq münasibətimiz normal idi. Amma bu ürəkbulandıran hərəkətindən sonra mən onunla danışarammı?
- Deyirsiniz ki, Samir polisə başqa cür izahat verib, amma mətbuatda vəkili vasitəsi ilə başqa fikirlər səsləndirir?
- Bəli. Anlamıram, niyə özü yox, vəkili danışır. Onu da deyim ki, hüquq mühafizə orqanlarında Həbib adlı vəkili ilə təmsil olunur, mətbuatda isə Ruslan ortaya çıxıb açıqlamalar verir.
- Mətbuatda haqqınızda cinayət işi açılması ilə bağlı xəbərlər yer alıb. Amma siz dünən bu xəbərin doğru olmadığını dediniz.
- Elə indi də öz fikrimdə qalıram. Mənə cinayət işi açılmayıb. Cinayət işi fakta görə açılıb.
- Vəkili iddia edir ki, Samir pulu şirkətə deyil, sizə verib, hətta şahidləri də var.
- Onun şahidi sürücüsüdür. Sürücü də iki cür izahat verib. İkisində də fərqli ünvanlar göstərib. Birində iddia edib ki, 2009-cu ildə Heydər Əliyev Mərkəzinin yanında ondan pul almışam. Hansı ki, həmin ildə heç o mərkəz tikilməmişdi. İkinci ünvan isə guya çayxanadır. Həmin çayxananı bacım oğlu icarəyə götürüb işlədir. Bu, təsdiqini tapmayan məlumatdır. Kimsə Türkiyədə tanımadığı şirkətə şərik olmaq üçün çayxanada bu qədər pul verərmi? Gülünc söhbətdir. Yalançı şahid unudur ki, yalan danışdığına görə məsuliyyət daşıyır.
- Bəlkə Samirlə danışıb, məsələni sivil yolla həll edəsiniz?
- Münastbətimiz həmişə yaxşı olub. Onu ilk dəfə mən efirə çıxarmışam, populyar etmişəm. Ayda 8 min manata toya gedir, pul qazanır, axırda da yaxşılığımın əvəzi olaraq məni polisə verdi.