Faiq Sücəddinovdan Nuridə Atəşinin ittihamlarına CAVAB: - “İlhamədən özüm qonorar almışam ki, ona da verim?”
11-12-2023, 12:36
Xəbər verdiyimiz kimi, məşhur yazar Nuridə Atəşi Xalq artisti, bəstəkar Faiq Sücəddinovun ünvanına sərt ittihamlar səsləndirib. “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi məşhur əsərlərin söz müəllifi olan Nuridə bildirib ki, Faiq Sücəddinov qonorar alsa da, o bu günə kimi heç bir qonorar almayıb.
Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Xalq artisti F.Sücəddinovla əlaqə saxlayıb.
Bəstəkar bildirib ki, heç özü İlhamə Quliyevadan bu əsərlərə görə qonorar almayıb:
“1994-cü ildə mərhum Xalq artisti İlhamə Quliyeva üçün “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” adlı mahnılar yazmışam. Əgər Nuridə xanım qonorar almaq istəyirsə, bu məsələni mənimlə deyil, “YouTube”la həll etməlidir. Mən özüm İlhamə xanımdan nə qonorar almışam ki, Nuridəyə də qonorar verim? Bu məsələnin üzərindən 29 il keçib... 1994-cü ildə nə pul olub ki?
Bu əsərləri elə belə müğənni yox, İlhamə xanım Quliyeva oxuyub... İlhamə xanımdan kim pul və ya qonorar alıb ki, bizdə alaq. Burada bir məntiq olmalıdır ya yox... Mən uzun illərdir ki, Nuridə xanımı heç görməmişəm nə də ki, o, bununla bağlı mənimlə danışıb... Mən Nuridə xanıma can sağlığı arzu edirəm”.
Qeyd edək ki, N.Atəşi sosial şəbəkə hesabında “Faiq Sücəddinov “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çox sayda hit olacaq, sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə vermirdi.
Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara "Nuridəni çağırma" deyir.
Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, paradan başqa, dostlar? Sadəcə "Neylərsən" mahnısının sözləri ilə xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki...” post paylaşaraq etiraz edib.