“Terminator 2” filmi ABŞ-nin milli sərvəti olaraq tanındı
14-12-2023, 16:04
Rejissor Ceyms Kemeronun çəkdiyi “Terminator 2: Axirət günü” fantastik döyüş filmi ABŞ-nin milli mədəni irsi olan kino layihələri siyahısına daxil edilib. Onun rəqəmsal və kino nüsxələri ABŞ Konqres Kitabxanasının xüsusi kataloquna daxil ediləcək.
Bundan əlavə, siyahıya “Evdə tək” komediyası, “12 il köləlik” dramı, “Apollon 13” və digərləri, ümumilikdə 25 adda məşhur filmlər daxildir. Ənənəyə görə, Milli Film Reyestri hər il dekabr ayında doldurulur.
Mövcud qaydalara əsasən, Konqres Kitabxanası bu cür film layihələri yaradan və ya onların üzərində hüquqlara sahib olan studiyalara onların lazımi qaydada qorunmasını təmin etməyi tövsiyə edir. Bunu təmin etmək mümkün olmadıqda kitabxana bu işi müstəqil şəkildə öhdəsinə götürür və ya seçilmiş podratçılara həvalə edir.
Seçilmiş filmlərin nümayişindən ən azı 10 il keçməlidir. Onlar ABŞ-nin kino irsinin qorunmasında mədəni, tarixi və ya estetik əhəmiyyətinə görə seçilirlər.
Xatırladaq ki, “Terminator 2: Axirət günü” 1991-ci ildə buraxılıb və janrın klassikinə çevrilib. Film öz dövrünə görə külli miqdarda - 520 milyon dollar gəlir gətirib və ABŞ Kino Akademiyasından bir neçə mükafatı alıb. Baş rollarda Arnold Şvartsenegger, Linda Hemilton, Robert Patrik və Edvard Ferlonq oynayıblar.
Mənbə: kinonews.ru