Pərəstişkarının Aleyna Tilkiyə icazəsiz gül göndərməsi məhkəmədə cinsi təcavüz hesab edildi - FOTO
24-12-2023, 12:24
Türkiyənin məşhur müğənnisi Aleyna Tilkinin İstanbul şəhərindəki evinin hasarından aşaraq həyətə daxil olan, ona güllər, həmçinin təhdid mesajları göndərən Muhammed Erkam məhkəməyə çıxarılıb. Hakimin verdiyi qərar isə hər kəsi təəccübləndirib. Belə ki, məhkəmə onun Aleyna Tilkinin razılığı olmadan hədiyyə göndərməsini cinsi təcavüz kimi qiymətləndirib.
Müttəhim özünü müdafiə edərkən Aleyna Tilki ilə sosial şəbəkədə tanış olduğunu iddia edib. Onun sözlərinə görə, musiqiçi onu istedadlı hesab etdiyi üçün şou-biznes aləminə çıxarmaq istəyib. Erkam həmçinin Aleynanın ondan istədiyi üçün evinə gül göndərdiyini vurğulayıb.
Bundan sonra ekspertizadan Erkamın psixi cəhətdən sağlam olduğu barədə hesabat daxil olub.
Məhkəmə təqsirləndirilən şəxsin gülləri müğənninin iş ünvanına deyil, şəxsi yaşadığı ünvana göndərdiyini, bunu isə qarşılıqlı bəyənmə hissi olmadan həyata keçirdiyini vurğulayıb və bu addımı cinsi təcavüz cinayəti kimi qəbul edib. Beləliklə, Muhammed Erkam Aleyna Tilkiyə qarşı cinsi təcavüzə görə 3,320 lirə cərimələnib və yaşayış toxunulmazlığını pozduğu üçün bir il üç ay müddətinə azadlıqdan məhrum edilib.