“Şəbnəmin, Türkanın daha çox tanınmağı musiqimizin bədbəxtliyidir”
28-12-2023, 18:21
Meyxanaçı Tərlan Novxanı və keçmiş duet ortağı Əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Nigarın “İsraildə məclisdə idim. Yaxınlaşıb dedilər ki, sizin Tərlanla oxuduğunuz dueti çox bəyənirik. Bu mənə çox pis təsir etdi. Çünki bu qədər muğamlar oxuyuram, amma məni sırf meyxanaçı Tərlan Novxanıya görə tanıyırlar” sözləri olub.
T. Novxanı qonaq olduğu “Rəngarəng səhər” verilişində kəskin fikirlər səsləndirib:
“Meyxana ucuz sənət deyil. Necə muğam bizim milli dəyərimizdirsə, eləcə də meyxana sırf Azərbaycana aid sənətdir. Bu sənəti isə yaşadan sənətkarlar olub. Onlar hər zaman bu sənəti dəyərləndiriblər. Sən Nigar pis ola bilərsən, deyirsən ki, işlər gördüm, amma məni tanımadılar. Lakin bir dənə Tərlan Novxanı ilə duet oxudum, hamı məni tanıdı. Bu sözünü elə kinayə ilə deyir ki, sanki meyxana sənəti lazımsız bir sənətdir. Biz unutmayaq ki, müğənnilərin əksəriyyəti meyxanaçıların yazdığı mahnıları ifa edirlər. Nigarın buna görə mənə çox sağol deməsinə də ehtiyac duymuram. Nigar bizim dəyər verdiyimiz sənətçi xanımlardandır. Öz sözünü demiş, geyimi və əxlaqı ilə hörmət qazanıb. Sadəcə Nigar gərək belə danışmazdı”.
Onun bu çıxışına Şabanova səssiz qalmayıb. Əməkdar artist canlı efirə zəng edərək sərt cavab verib:
“Mənim hər zaman sərt çıxışlarım başıma bəla olur. Amma Tərlan, sənin simanda əziz olan insanlara heç zaman pis nəsə demərəm. Mən bir müddət bu hadisələrə çox pis olurdum ki, illərlə muğam oxuyasan, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edəsən, amma səni bunlara görə deyil, meyxana janrında duet oxuduğuna görə tanısınlar?! Mənim söylədiyim o sözlərdə sənin sənətini ucuzlaşdıracaq və ya alçaldacaq cümlələr yoxdur. Heç mən onu eləmərəm, çünki sözün dəyərini bilən insanam.
Cəmiyyət içinə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və o tərzdə oxuyan bir neçə müğənni çıxsın. Bununla yanaşı, gənc fəxri adı olan muğam ifaçıları da çıxsın. Görün, kim daha çox tanınacaq?! Bu isə bizim musiqimizin bədbəxtliyidir”.
Proqramın aparıcısı Zaur Nəbioğlunun “Tərlan Novxanı ilə yenidən duet oxuyarsınız?” sualına Nigar ironiyalı cavab verib:
“Ümumiyyətlə, meyxana ifaçıları ilə bir daha duet oxumaram. Tərlan zəhmət olmasa, muğamı öyrənsin, ondan sonra duet oxuyaram”.