Tanınmış aparıcıya ETİRAZ: - “Ailələrin dağılmasında kişilərin də az rol oynamadığı...”
2-03-2024, 00:03
“İndiki qızlar vaxtilə ana-nənələrimizin məişətdə çəkdiyi əziyyətlərlə qarşılaşmırlar”.
Tanınmış aktyor və şoumen Sərxan Kərəmoğlunun “İndiki xanımlar ərini aksessuar kimi dəyişir”, – deyə boşanmış qadınları ittiham etməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.
Aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında bu fikirlə qətiyyən razılaşmadığını, elə kişilərin də ailəni qoruyub saxlamamaqda qadınlardan geridə qalmadığını deyib. O, ailələrin dağılmasında kişilərin də az rol oynamadığını bildirib:
“Bizim müsəlmançılıqda belə bir anlayış var ki, qız ərə getdisə, nə qədər zülm verilsə də dözməlidir. “Ağ duvaqla gir, ağ kəfənlə çıx” təfəkkürü hələ də davam edir. Nadir hallarda valideynlər bu məqamda övladlarının arxasında dayanır. Amma bir məqamı da vurğulayım ki, indiki qızlar vaxtilə ana-nənələrimizin məişətdə çəkdiyi əziyyətlərlə qarşılaşmırlar.
Çox şeylər asanlaşıb. Maraqlı burasıdır ki, əvvəl çətinliklərə dözürdülər, amma indi məişət baxımından hər şey asanlaşsa da, dözmürlər. Elə oğlanlara da aiddir. İndiki oğlanlarda ailə saxlamaq məsuliyyəti azalıb.
Çoxu evlənmək istəmir, rahat həyata qaçırlar. Qızlar da çox tələbkardır. Əvvəl deyirdilər, yuvanı dişi quş qurar, indi elə deyil. Kişilər işləmək istəmir, qadınların da istəkləri çoxdur. Sosial şəbəkənin də təsiri özünü göstərir. Əvvəllər ancaq kişilər xəyanət edirdi, amma indi xanımlar da xəyanət edir”.
Aktrisa özündən də danışıb: “Düşünürəm ki, ailədə hər iki tərəf dözüm, səbr göstərməli, qarşılıqlı güzəştə getməlidir. Məsələn, elə özümdən danışım, 32 yaşım var, deyirlər, ailə qur, buna risk etmirəm. Səbrsizəm, insanlara da inamım azalıb”.