"PKK-çılar qabağımızı kəsmişdi, az qaldı bizi öldürsünlər" - Kəmalə Rəhimli
5-01-2017, 11:32

Vaxtilə elə bayram tədbiri, elə şənlik olmazdı ki, adı çəkilməsin. İfası bir yana, yaraşığı, gözəlliyi ilə efiri bəzəyərdi. Ag bənizinə, ədalı duruşuna baxan deməzdi ki, onun səhnəyə gələn yolu əziyyətlərdən keçir...
Bu günsə tamamilə səhnələrdə yoxdur. Səhhətindəki problemlər, maddi sıxıntılar onu səhnəyə, efirlərə yadırğadıb.
Amma bütün bunlardan daha əvvəl onu saygısızlıq, efirlərin üzünə qapanması sənətindən, səsindən, ifaçılıqdan uzaq salıb. Ələlxüsus, ikinci evi saydığı “AzTV”-dən uzaqlaşdırılması ona çox yer eləyib. Dediyinə görə, Qapalı Səhmdar Cəmiyyətın xəbərsiz-ətərsiz adını “qara siyahı”ya saldıqlarındani biri də odur- Əməkdar artist Kəmalə Rəhimli:
Məgər mən səndən də qocayam ki, efirə buraxmırsan?
Mən uzun illər “kassoviy” müğənni kimi Filarmoniyada işləmişəm. Rayonlarda keçirilən bütün tədbirlərə getmişəm. O tədbirlərin də hamısının pulu dövlətə keçib. Eyni zamanda Rəşid Behbudov adına Mahnı Teatrında çalışmışam. Həm Rəşid müəllimin sağlığında, həm də ondan sonra teatrın solisti olmuşam. Rəşid müəllimdən sonra ora Faiq Sucəddinov rəhbərlık elədi. Filarmoniyada isə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının solistiydim. Deməyim odur ki, sənətdə bir günüm boş keçməyib. Xarici ölkələri, Azərbaycanı qarış-qarış gəzib çıxışlar eləmişəm. Xalqım məni çox sevib. Ona görə bütün konsertlərimə gəlib. Bunlarla yanaşı, Az.TV ilə də sıx əməkdaşlığım olub. Düzdür, oranın rəsmi solisti olmamışam. Amma məni müntəzəm dəvət ediblər. Mən də heç birinə “yox” demədən gedib oxumuşam. Di gəl, sonradan televiziyanın efiri üzümə qapandı.
- Niyə?
- 2005-ci ildən sonra mənim dövlət kanalındakı çıxışlarım dayandı. Nadir Axundov musiqi redaksiyasına rəhbər təyin olunandan sonra ümumiyyətlə o efirin üzünə həsrət qaldım. O adam bizi tamamən televiziyadan sildi. Bilmirəm bunun səbəbi nəydi. Amma adama deyərlər “mən səndən də yaşlıyam, ay Nadir?”
“Space”dən qovulub gələndən qara günümüz başladı
Nadir Axundov ora gələnə qədər, yəni Nizami Xudiyevin, Ramiz Mirişlinin dövründə mən az qala hər gün ekranlardaydım. O ərəfədə Nadir Axundovu “Space”dən qovdular, Az.TV-yə gəldi. O gələn gündən qara günümüz başladı. Tək məni yox, bir çox müğənniləri, oranın işçilərini də uzaqlaşdırdı.
Bu yaxında Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilirdi. Düzdür, həmin tədbir AzTV-də keçirilirdi. Amma məni ora Ağacəbrayıl Cəbrayılov dəvət eləmişdi...
Deməyim odur ki, biz müğənniyik, kiminsə qalmaqalına, intriqasına nə aidiyyatımız var?! Elə bil bizi bir zindana salıblar. Mən 16-17 yaşımdan xalqın içindəyəm. Açın baxın, sosial şəbəkədə xalq məni necə xoş xatırlayır, instaqramda necə gözəl sözlər yazır. Necə oldu?! Deyirsiz yəni Kəmalə unuduldu? Kəmaləni unutmayanlar var.
Yalvaran olsaydım, efirdən düşməzdim
- Bəs rəhbərlikdən kimsə görəndə etiraz eləmədizmi?
- Mən Alışanovu harda görürəm axı... Düzünü deyim, mən onda günah görmürəm. Musiqi redaksiyasının rəhbəri Nadir Axundov idi. Onun nə xəbəri vardi ki... Amma Alışanovun köməkçisinə etirazımı bildirdim. Nə bilim dəvət eləmirlər də... Yalvarmayacam ki, onlara. Yalvaran olsaydım, efirdən düşməzdim.
- Bəs, Nadir Axundov bunu necə izah elədi?
- Heç nə. Mənə deyir özünə bax, özünə... Dedim ki, özümə baxıram da... Mən sənətlə, səhnəylə yaşayan adamam. Özümü sənətimə qurban vermişəm, bu üzdən bircə övlad sahibiyəm. Sənətə görə də həmişə üzüm danlaqlı olub. Çünki konsertlərə getməyə qoymurdular. Amma işdən deyirdilər ki, ora getməlisən, konsert var, afişan vurulub. Filan yerdə mütləq oxumalısan, biletlər satılıb. Elə gün olub evdə xəstəmi qoyub getmişəm. Ayağım əməliyyat olunub, bir ayaq üstə hoppana-hoppana getmişəm. Amma heç kimə deməmişəm ki, xəstəyəm. Buna dəyər verməzlər bəyəm? Günah deyilmi? Özümə qarşı böyük haqsızlıq gördüm. Mənim kimi sənətininin vurgununu boğmaq günahdır. Heçmi Allahdan qorxmursuz ?
- AzTV-dəki konsertlərə görə qonorar alırdızmı?
- Hər konsertə görə 5 rubl alardıq. Deyirdilər toya getməyin. Onunla dolanmaq olardımı? Bizim geyimimiz, əyin-başımız, maşınımızın pulu, ev-eşik var. O vaxt toylardan imtina edib konsertlərə gedirdik ki, camaat bizi gözləyir. Günah deyilmi bunun müqabilində bizə belə münasibət?!
İcra başçısı qaçıb gizlənib, xalqı çıxıb mən sakitləşdirmişəm
- Deyəsən indi də toylara getmirsiz?
- Yox, 7 ildir getmirəm. Dəvət də edirlər, imtina eləyirəm. Ürəyim sınıb. Ağzımı açmaq da istəmirəm.
- Nədən sınıb?
- Hər şeydən. Necə sınmasın?! Məndən 20 il sonra səhnəyə gələnlərə xalq artisti adı veriblər, amma mənə yox. Axı mən işləmişəm, can qoymuşam. Qışın soyuğunda, yayin istisində... Ürəyim əlbəttə sınar.
İcra hakimi qaçıb gizlənib, çıxıb xalqa demişəm, sakit olun. İki rayon arasında ixtişaş düşüb, camaatı səngitmişəm. İki maşının arasında qalmışdım, məni də tapançayla, avtomatla vura bilərdilər. Özümü bu qədər təhlükəyə atmışam. Hətta xaricdə də ölümlə üz-üzə qalmışam. Türkiyəyə festivala gedəndə PKK-çılar qabağımızı kəsmişdi. Az qalıb bizi öldürsünlər.
Bilal Əliyev şəhadət gətirməsəydi, terrorçular...
- Bu nə vaxt olub?
- Təxminən 93-94-cü illərdə.
- Bəs vəziyətdən necə çıxdız?
- Qaranlıq idi. Ərzurumdan İstanbula keçib gedirdik. Qaranlıqda dağları keçəndə maşını saxladıq ki, bir neçə kişi siqaret çəksin. Maşındakıların çoxu yatıb.Qəfildən üzü maskalılar qabağımızı kəsdi. Dedilər ki, bayanları bizə verməlisiz. Qorxudan dizimdə taqət qalmadı, yerə çökdüm. Dedim, vəssalam. İşimiz bitdi. Müğənni Bilal Əliyev də ordaydı. O dedi ki, biz də müsəlmanıq, sonra şəhadət gətirdi. Terrorçular ondan sonra insafa gəlib bizi buraxdılar. Əslində bəxtimiz gətirdi. Elə avtomatın qundagını vursaydilar, bizə bəs idi, heç güllə lazım deyildi. Belə hadisələr başıma çox gəlib. Bir dəfə də rayondan festivaldan qayıdanda avtoqəzaya düşdük. Çox ağır qəzaydı... Daha başımıza nələr gəlməyib.
Sadəcə, onları Allaha tapşırıram
- Bu qədər gileylisiz. Olubmu ki, bir dəfə bu işlə bilavasitə məşgul olanlara iradlarınızı deyəsiz?
- Kim deyir ki, eləməmişəm. Etiraz da eləmişəm, haqqımı da istəmişəm. Ordan mənə dedilər ki, sənə əməkdar artist vermişik, bəsindir. Vəssalam, qurtardi getdi. Yorulmuşam. Daha danışmaq da istəmirəm. Mübarizəyə gücüm qalmayıb. Bu işdə bir nəticə olacağına ümidim də. Sadəcə, onları Allaha tapşırıram.