Maslyakovun “DQR” sevdası BAŞ TUTDU: Qondarma “KVN” komandası səhnədə
16-01-2017, 12:22
Görünür, Qarabağın "KVN”in Soçidəki festivalında səhnəyə çıxıb-çıxmayacağı ilə bağlı məsələni bağlanmış hesab etmək olar: çünki Qarabağ separatçıları hansı yollasa artıq orada peyda olublar. Hər halda erməni KİV-i, o cümlədən "Novosti Armeniya" bu barədə, sanki acıq verirlərmiş kimi, məlumatlar yayırlar.
Və bu Azərbaycanın Xarici İşlər, İdman və Gənclər nazirliklərinin, eləcə də Azərbaycan ictimaiyyətinin ciddi və əsaslı etirazlarına baxmayaraq baş verib.
Yeri gəlmişkən, iki gün əvvəl "KVN”in aparıcısı, "AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən demişdi: "DQR"in komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət "KVN” saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. "KVN” həmişə siyasətdənkənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub". Amma…
Hazırda "DQR” "KVN”inin Soçidə olan nümayəndəsi Georgi Avetisyan bildirib ki, komanda artıq festivalın birinci turunda çıxış edib və nəticələri gözləyir.
"Mən onunla razıyam ki, "KVN” siyasətdənkənardır və bir gənclər oyunudur, hansında ki, çox ölkələrdən gənc şən və hazırcavab uşaqlar oynayırlar, bizim komandamız "Stepanakertdəndir”, - deyə Avetisyan Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində deyib.
O bildirib ki, "KVN”çilər heç vaxt siyasətə qarışmırdılar, heç vaxt oyunu siyasiləşdirmirlər. "Bizim tək hədəfimiz "KVN”də oynamaq olub", - Avetisyan vurğulayıb.
Amma görün Novosti Armeniya ortaya necə alçaldıcı nəticə qoyur: "Soçidə "Dağlıq Qarabağ Respublikası" komandası yox, "Stepanakert” komandası çıxış edir. Beləliklə, festivalda "Stepanakert" komandasının iştirakı haqda Azərbaycanın isterikası növbəti dəfə iflasa uğradı".
Nə demək olar, əgər bizim "KVN”çilərimiz Soçidədirlərsə və separatçılarla bir səhnədə çıxış etməyə hazırdırlarsa, deməli, onlar onunla razıdırlar ki, "Stepanakert” komandası "DQR" separatçı rejiminin nümayəndələri deyillər…(Virtual.az)