Məleykə Əsədov: “İstəmirəm ki, qızım aktrisa olsun”

17-04-2015, 10:43           
Məleykə Əsədov: “İstəmirəm ki, qızım aktrisa olsun”
Xalq artisti Məleykə Əsədova ilə müsahibəni təqdim edir.

- 30 ilə yaxındır sənətdəsiniz. Bu illər ərzində geniş səhnə və ekran fəaliyyətiniz olub. Səhnədə Zərifə, Kordeliya, Şirin, İlkcan, Selcan, Çılğın, Arzu, Gültəkin, Züleyxa, Kleopatra, Mariya Tüdor və s., ekranda Əfsanə, Jalə, Sara, Natəvan kimi obrazlarınız tamaşaçıların ürəyinə yol tapıb. Maraqlıdır, Məleykə Əsədova kinoda özünü daha yaxşı hiss edir, yoxsa teatrda?

- Teatrda. Mən həmişə qeyd eləmişəm, ki, teatr sənəti mənim üçün daha doğmadır. Teatr canlı sənətdir. Teatrda sən bir aktrisa kimi nəyə qadir olduğunu göstərə bilirsən. Teatr əsrarəngiz bir dünyadır, talelər kolleydeskopudur. Bu gün Kordeliyasan, Gültəkinsən, sabah Şirinsən, Kleopatrasan, Selcansan, Çılğınsan... Stanislavski sisteminin 5 prinsipindən biri olan başqalaşma prinsipinə əməl edib, başqalaşıb, başqa insanın taleyini canlı surətdə tamaşaçıya çatdırırsan.

Teatr incəsənətin ən çətin və xüsusi fədakarlıq tələb edən sahəsidir. Mən həmişə deyirəm, bir insan bu keşməkeşli həyatda öz taleyini güclə yaşayır, ancaq biz - aktyorlar yaradıcılığımız boyu görün neçə insanın taleyini yaşayırıq. Bir gün Gültəkin oluruq, bir gün Nurcahan oluruq, bir gün Kleopatra oluruq. Başqa-başqa insanların həyatını öz həyatımız kimi yaşayırıq. Obrazlarımızın taleyini özümüzə tale seçirik. Ona görə də aktyorlar adi insanlar deyil, A.Çexovun qəhrəmanının təbirincə desək, insan yaradan şəxs fövqəlinsandır.

- Tamaşaçılar da, teatr mütəxəssisləri də gözəl bilir ki, Məleykə Əsədova müxtəlif səpgidə, müxtəlif formada obrazlar ifa edib. Bu obrazların Sizin yaradıcılığındakı yerini və Sizin inkişafınıza təsirini necə qiymətləndirirsiniz?

- Teatr böyük bir məktəbdir. Aktyor üçün də, elə tamaşaçılar üçün də. Şəxsən mən hər bir obrazımı oynadıqca həm aktrisa kimi, həm də insan kimi püxtələşirəm, kamilləşirəm. Məleykə Əsədova dünən də öyrənib, bu gün də öyrənir, sabah da öyrənəcək. Məncə, öyrənmək istəyi bitən anda yaradıcı adam tükənir.

- Akademik Milli Dram Teatrının səhnəsində son illər ərzində ifa etdiyiniz iki rolun biri Avropa klassikası, digəri isə milli dramaturgiya nümunəsi əsasında hazırlanan tamaşalarda olub. Təbii ki, dünya dramaturgiyası və milli dramaturgiya nümunəsinin səhnə təcəssümü ifaçıdan fərqli yanaşma, fərqli oyun üslubu tələb edir. Bu obrazların hansı Sizin üçün daha məhrəm, daha yaxındır?

- 26 ildir Azərbaycan səhnəsindəyəm. Bu illər ərzində, həm dünya və Azərbaycan dramaturgiyası nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli obrazlar oynamışam. Amma deyə bilərəm ki, ifa etdiyim obrazlar arasında klassika üstünlük təşkil edir. 26 illik sənət taleyimə neçə-neçə möhtəşəm klassik, tarixi obrazlar yazılıb. Yaradıcılığımda daha çox dünya klassikasının nümunələri üstünlük təşkil edir. Azərbaycan dramaturgiyası nümunələrindən C.Cabbarlının “Aydın”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, B.Vahabzadənin “Özümüzü kəsən qılınc”, “Dar ağacı” pyeslərində oynamışam. “Aydın” tamaşasında Gültəkin obrazı mənim üçün çox doğma obraz olub. Mən böyük səhnəyə Gültəkin obrazı ilə gəlmişəm.

Bu yaxınlarda Musiqili Teatrdan dəvət aldım. Bu teatrın səhnəsində rus klassiki N.Qoqolun “Evlənmə” pyesi əsasında rejissor B.Osmanovun quruluşunda hazırlanan eyniadlı tamaşada Aqafya Tixonovna rolu ilə çıxış etdim. Yeri gəlmişkən, bu tamaşa 2011-ci ilin Zirvə mükafatına layiq görüldü.

V.Hüqonun “Mariya Tüdor” pyesi əsasında G.Ömərin quruluşunda hazırlanan “Qadın məhəbbəti” tamaşasında kraliça Mariya Tüdoru canlandırdım. Hazırda isə Azərbaycan dramaturgiyasının sonuncu klassiki sayılan İ.Əfəndiyevin “Mənim günahım” əsərinin səhnə təcəssümündə Nurcahan rolu ilə tamaşaçılarımın qarşısına çıxıram. Nurcahan rolu mənim İ.Əfəndiyev yaradıcılığı əsasında hazırlanan tamaşalarda ilk rolumdur. Son 3 il ərzində ifa etdiyim bu obrazlar həm ədəbi əsasına, həm bədii məziyyətlərinə, estetik səciyyələrinə görə tamamilə fərqli obrazlardır.

Hansı rolu oynamağmdan asılı olmayaraq, mən məşq prosesində obrazımda öz hisslərimin əməl məntiqini axtarıb tapıram.

Amma Nurcahan obrazı, bu mənada, bir qədər fərqli xarakterlidir. Nurcahanı ifa edərkən, başqalaşmağa ehtiyac qalmır. Nurcahan heç bir obraza bənzəmir. Nurcahan, bəlkə də, elə mənim özüməm. “Mənim günahım” əsəri bir sənətkarın taleyini qabardır. Birinci dəfədir ki, İlyas müəllimin pyesi əsasında hazırlanan tamaşada oynayırdım. Bu obraz üzərində işim zamanı bir məqam məni çox heyrətləndirdi. İlyas müəllim qadın psixologiyasını, yaradıcı insanın psixologiyasını necə gözəl bilir. Nurcahanın ədəbi mətnini səhnədə söylədikcə, elə bilirəm ki, bu sözlər elə mənim öz sözlərimdir. Bu sözlər mənim qəlbimin dərinliklərində coşan təlatümləri çox dəqiq ifadə edir. Onların təsiri ilə yaranan səhnə mizanları sanki bədənimin bədii ifadəliliyindən, plastikasından doğur. Nurchanda mən oyun görmürəm. Nurcahanın taleyini öz taleyim kimi qavrayıram. Ona görə də, Nurcahanı çox rahatlıqla, böyük zövqlə ifa edirəm. Onu da deyim ki, bu məqamı tamaşaçı da duyur, hiss edir. Seyrçilər tamaşanı çox böyük maraqla, sevə-sevə izləyirlər. Tamaşanı artıq 5 dəfə oynamışıq. Hər tamaşadan sonra tamaşaçılar teatrın qarşısında dayanıb teatrdan çıxmağımı gözləyir, yaxınlaşıb təbrik edir, dəyərli, həm də məni ruhlandıran fikirlər söyləyirlər. Bütün bunların mənə yaşatdığı sevinc hissini sözlə ifadə etmək mümkün deyil.

Bilirsiniz ki, “Mənim günahım” tamaşasında səhnədə balerinanı canlandırıram.

Tamaşada kiçik bir balet səhnəsi var. Bu səhnədə mən “Qu gölü” baletindən dəqiqə yarımlıq bir parça ifa etdim. Heç şübhəsiz, bu səhnəni oynaya bilmək üçün aktrisa mükəmməl plastik imkanlara malik olmalı, bədənini idarə etməyi bacarmalıdır.

Aktrisanın ifadəli plastikası, geniş səs diapazonu olmalıdır. Ən əsası isə, yaradıcı ürəyi olmalıdır. Bu üç amil mütləqdir. Aktrisanın zahiri görkəmi gözəl olmaya da bilər, amma aktrisanın plastikası, səsi, ürəyi olmasa, o, tamaşaçıların rəğbətini qazana bilməz. Teatr aktrisası elə bir səs diapazonuna malik olmalıdır ki, onun səhnədə hətta pıçıltı ilə dediyi sözlər axırıncı sırada belə sərbəst eşidilsin. Bir də aktrisa gərək ifa etdiyi obrazı qəlbi ilə yaşamağı bacarsın.

O ki qaldı, zahiri görünüşə. Səhnə gözəlliyi sevir. Allah mənə bu gözəlliyi, yaraşığı, qaməti verib. Bu da mənim bir aktrisa kimi müsbət cəhətimdir. Məni Allah səhnə üçün yaradıb. Amma təbii ki, bu, olmaya da bilərdi. Amma plastika, səs diapozunu və daxili enerji, ürək – bu üç cəhət aktyor sənətinin əsas şərtləridir.

- Həm teatr ictimaiyyəti, həm də tamaşaçılar arasında yetərincə məşhur sənətçisiz. Sizcə, bunun sirri nədədir?

- Bilirsiniz, şöhrət elə bir şeydir ki, onu hər adam çox saxlaya bilmir. Şöhrəti qaznmaq onu qoruyub saxlamaqdan daha asandır. Məleykə Əsədova niyə 26 ildir ki, eyni şöhrəti saxlayır? Çünki mən tamaşaçılarımın qəlbinə obrazlarımla yol tapmışam, dedi-qodularla yox. Tamaşaçılarıma çox hörmət bəsləyirəm. Çünki məni bu mövqeyə çatdıran, Məleykə Əsədova edən tamaşaçılarımın alqışları və sevgisidir.

- Həmişə formada olan sənətçilərdənsiniz. Buna necə nail olursunuz?

- Başa düşürəm ki, aktrisayam. Səhnədəyəm. Adətən, klassik obrazları, əsas qəhrəmanları oynayıram, gözəl xanımların obrazlarını canlandırıram. Mənim fiziki formamı, bədən quruluşumu, gözəlliyimi qorumağımın başlıca səbəbi də sənətimə, obrazlarıma, tamaşaçılarıma hörmətimdən irli gəlir. Çox gözəl başa düşürəm ki, qidalanmağıma, bədən quruluşuma, gözəlliyimə diqqət yetirməsəm, idmanla məşğul olmasam, bir aktrisa kimi bu gün sahib oduğum fiziki formamı saxlaya bilmərəm.

Bu isə, həm tamaşaçılarıma, həm də özümə qarşı laqeydlik olar. Ümumiyyətlə, mən özümə qarşı çox həssas və diqqətli insanam. Özümə də, qarşımdakı insanlara da hörmətlə yanaşıram. Hamıdan da hörmət tələb edirəm.
Jurnalistlərdən də həmişə özümə qarşı hörmət tələb edirəm. Çox dəyərli jurnalistlərimiz var və onların hər birinə böyük hörmət bəsləyirəm. Amma bəzi jurnalistlər ucuz dedi-qodulara meyl göstərirlər. Bəzən şayiələri, mənasız dedi-qoduları, sənətə aidiyyatı olmayan məsələləri qabartmağa çalışırlar. Sənətə gələn gündən bu cür dedi-qodulardan uzaq qaçmağa çalışıram. Mən gündəmdə ancaq yaradıcılığımla, obrazlarımla qalmaq istəyirəm.

- Səhnə fəaliyyətiniz dönəmində müxtəlif rejissorlarla işləmisiniz, müxtəlif aktyorlarla tərəf-müqabili olmusunuz. Gəncsiniz. Enerjilisiniz. Kifayət qədər yaradıcılıq potensialına maliksiniz. Daha hansı rolları oynamaq arzunuz var?

- Heç kəs sabahını proqnozlaşdıra bilməz. Həyatdır, taleyimiz Allahın iradəsinə bağlıdır. Mən Allaha çox bağlı insanam. Sabah nə olacaqsa, bu gün onun haqqında danışmaq istəməzdim. Sənətimlə bağlı arzularım çoxdur. Akademik Milli Dram Teatrın səhnəsində hələ çox obrazlar yaradacağam, inşallah.

- Səhnədəki hansı sevgini həyatda yaşamaq istərdiniz?

- Şəxsi həyatımı çətinləşdirən, bəlkə də elə mənim obrazlarım olub. İfa etdiyim obrazların hər birində möhtəşəm, böyük sevgilər var. Hər birinin də sevgisi fərqlidir. Mariya Tüdor qraf Fabianini, Kleopatra Antonini, Züleyxa Yusifi necə böyük sevgi ilə sevir. Gültəkin Aydına görə həyatını qurban verir. Bu obrazların hər birində mən varam.

Amma Nurcahan etiraf elədi ki, mən bütün həyatımı sənin sevginə həsr elədim. Sevgin ağlımı aldı, gözümü bağladı. Heç nə görmədim. Bütün həyatımı röyalarda yaşadım.
İnanırsız, mən də bütün həyatımı röyalarda yaşamışam. Mən yerə enmək istəmirəm. Qoy, mən öz xəyallarımla, röyalarımla qalım. İşıqlı röyalarda, göylərdə qalmaq istəyirəm. Mənim röyalarda qalan öz dünyam var. Qoy, elə öz dünyamda qalım. Qalıram orda. Amma o dünyada da qalmaq asan deyil. O dünyamda da çox çətinlik çəkirəm.
O qədər müsbət qadın obrazları oynamışam ki, hər birindən içimə nəsə hopub. Bu obrazlar məni göylərə qaldırıb. Ordan yerə enmək istəmirəm.

- Son səhnə obrazınız Nurcahanın yerində olsaydınız, necə hərəkət edərsiniz?

- Bayaq da qeyd etdiyim kimi, Nurcahan obrazı mənə ruhən çox yaxındır. Bəli, mən Məleykə Əsədova Nurcahanın yerində olsaydım, gedərdim. Mən aktrisayam. Duyğusal bir insanam. Mən diqqəti çox xoşlayıram. Əgər Allah mənə bu istedadı veribsə, demək ki, qeyri-adi bir insanam. İstedad özü də hər insana verilmir, axı. İstedad Allah tərəfindən bəxş edilən vergidir.

- Qızınız böyüyür, onu səhnədə görmək istərdinizmi?

- Aktyor sənəti dünyada ən gözəl, ən şərəfli sənət olmaqla yanaşı, həm də son dərəcə çətin sənətdir. Mən bu sənətdə çox çətinliklərdən, məşəqqətlərdən keçmişəm. Bu mənada, istəməzdim ki, qızım da eyni çətinlikləri görsün. Mən çox arzu edirəm ki, qızım həyatda öz yolunu özü seçsin. Mən istəyərəm ki, hansısa başqa sənəti seçsin. Amma əlbəttə ki, əgər istedadı olub, bu sənəti seçəcəksə və bu sənətdə uğur qazanacaqsa, mane olmaram, əksinə, kömək eləməyə çalışaram.

- Tamaşaçılar Sizi sevir. Siz də həmişə bu sevgiyə layiq olmağı bacarırsınız. Sizi sevən tamaşaçılara sözünüz?

- Mən teatrı çox sevirəm. Allah məni teatr üçün yaradıb. Allah izn versə, ömrümün sonuna qədər yaradıcılığımı bu teatrda davam etdirəcəyəm, bir-birindən fərqli obrazlarla tamaşaçılarımı sevindirməyə davam edəcəyəm.
Məni Məleykə Əsədova edən birinci növbədə Allahın verdiyi istedad, çəkdiyim zəhmətlər, ən əsası, tamaşaçılarımın sevgisi, onların alqışlarıdır. Bütün yaradıcılıq ömrüm boyu mən bir aktrisa kimi bu alqışlara layiq olmağa çalışmışam. Bundan sonra da çalışacağam.

Kədərliyəm.
Kədərimi gizlədir
Mən qəmimi danıram
Nədənsə öz dərdimi
Hamıya qısqanıram.

Kədərli anlarımda
Məni heç kəs görməsin
Sevincim hamınınsa,
Kədərim özümündür.

Hər bir insanın daxilində kədər də var sevinc də. Qoy, mənim kədərlərim özümçün qalsın. Ancaq mənim sevinclərim, əzizlərim, hamınızın olsun. Sevincim Sizin olsun.
kulis.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.