Qazaxıstanla bağlı məhz bu baş verdi, nə deyir “Moody's”?!
11-09-2024, 09:54
Türk Dövlətləri Təşkilatına daxil olan qardaş Qazaxıstan və Özbəkistanın iqtisadi uğurları, dərin islahatlar nəticəsində ölkənin iqtisadi “anatomiyasında” əldə etdikləri nəticələr insanı sevindirir. Bu ölkələrin uğurunu beynəlxalq təşkilatlar da görür, qiymətləndirirlər.
Sentyabrın 9-da “Moody's” beynəlxalq reytinq agentliyi Qazaxıstanın uzunmüddətli reytinqini “Baa2”dən “Baa1”ə qaldırıb. Agentlik tərəfindən verilən reytinq ölkənin müstəqillik tarixindəki ən yüksək reytinqdir. “Moody's”- in məlumatına görə Qazaxıstanın kredit reytinqinin artması iqtisadiyyatın şaxələndirilməsinin sabit tempi ilə birlikdə institusional və siyasi mühitin davamlı yaxşılaşması ilə bağlıdır.
TEREF yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Natiq bəy daha sonra deyir:
Azərbaycanın Maliyyə naziri Samir Şərifov isə sentyabrın 6-da deyib ki, sitat, “Azərbaycan S&P və “Moody's”dən də investisiya reytinqi almaq niyyətindədir”. Samir müəllim, niyyətiniz haradırsa, mənziliniz də ora olmalıdır, bu işlər tək niyyətlə olmur, çünki, “Moody's”-in bu ilin iyul ayında Azərbaycanla bağlı hesabatənda deyilir, sitat: “İdarəetmənin təkmilləşdirilməsi üzrə davamlı səylər səmərəli olarsa, zamanla institusional effektivlik və bu istiqamətdə siyasətə dair etimad daha da güclənəcək”.
“Moody's”-in diplomatik elmi dilindən el dilinə tərcümə etsək, deyir ki, idarəetmənin təkmilləşdirməsi yoxdur, amma bəzi səylər var, onlar da effektiv deyil, effekt versə (inşAllah), o zaman bir müddət sonra institutsional effektivlik bəlkə artdı. Sözün qısası, “Moody's” illərdir biz deyəni deyir – ölkənin iqtisadi problemlərinin kökündə idarəetmə siteminin effektivsiz olması dayanır, idarəetmədə köklü, sistemli islahatlar olmasa, iqtisadi problemlər də həll olunmayacaq.
Qazaxıstanla bağlı məhz bu baş verdi, nə deyir “Moody's”?!
Deyir ki, Qazaxıstanın uğuru institusional və siyasi mühitin davamlı yaxşılaşmasına bağlıdır. Yəni, Azərbaycan hökuməti, heç olmasa Qazaxstan örnəyinə baxıb nəticə çıxartsın, niyyətini əməlləri ilə göstərsin.
TEREF